
“Donbas məsələsində hələlik kompromis tapılmayıb, ərazi məsələsi liderlər səviyyəsində həll olunmalıdır”.
Missiya.Az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərə müsahibəsi zamanı deyib.
“İndiyə qədər ərazi məsələsində, xüsusən də Ukraynanın şərqinin bir hissəsi ilə bağlı kompromis tapa bilmirik. Söhbət Ukraynanın Donetsk bölgəsindən gedir. Biz inanırıq ki, Ukraynaya qarşı sərt tələblər qətiyyən kompromis deyil. Bu, Ukraynanın ərazi bütövlüyünün dəyişməsidir. Və bu, Rusiya tərəfinin açıq şəkildə işarə etdiyi formatdır. Biz dəfələrlə müharibənin real sonuna aparan, lakin Ukraynanın ərazi bütövlüyünün dəyişməsi ilə qəti şəkildə əlaqəsi olmayan kompromislərə hazır olduğumuzu demişik”, - deyə siyasətçi vurğulayıb.
Zelenski qeyd edib ki, Amerika tərəfi bu mövqeyi başa düşür və azad iqtisadi zona ilə bağlı kompromis həll təklif edir.
“Müəyyən bir əraziyə, hətta azad iqtisadi zonaya nəzarət məsələsi də ədalətli olmalıdır”, - deyə siyasətçi əlavə edib.
Onun sözlərinə görə, BƏƏ-dəki danışıqların nəticəsi olaraq, tərəflərin növbəti görüşdə bu məsələlərə qayıtması barədə razılığa gəlinib. Bu görüşdə ruslar elan edilmiş təşəbbüslərə öz rəhbərliklərindən cavab alacaqlar. Çünki danışıqlar zamanı Ukrayna tərəfi prezidentlə dərhal əlaqə saxlamaq imkanı əldə edib, Rusiya tərəfi isə bunu etməyib.
Ukrayna Prezidenti həmçinin ərazi məsələsinin yalnız liderlər səviyyəsində həll edilə biləcəyini bəyan edib:
"Mən dəfələrlə demişəm ki, bu cür mürəkkəb məsələlər liderlər səviyyəsində həll ediləcək və bu, başa düşüləndir, çünki müvafiq səlahiyyətə malik olan liderlərdir", - deyə Zelenski bildirib.
Daşqın HəsənovMissiya.Az