AZ

Ötən il Fransada fiziki və cinsi zorakılıq halları kəskin artıb

Paris, 30 yanvar, AZƏRTAC

Fransa Daxili İşlər Nazirliyinin Təhlükəsizlik üzrə Statistik Xidməti (SSMSI) tərəfindən yayımlanan hesabat 2025-ci ildə ölkədə cinayətkarlıq mənzərəsinin ziddiyyətli olduğunu ortaya qoyur. Məlumatlara görə, fiziki və cinsi zorakılıq halları artmaqda davam edir.

AZƏRTAC xəbər verir ki, hesabatda ötən il fiziki zorakılıq hallarının əvvəlki dövrlərlə müqayisədə 5 faiz artdığı bildirilir. Bu artım həm ailədaxili (256 min 900 zərərçəkən), həm də ailədənkənar zorakılıq sahəsində (216 min zərərçəkən) kimi qeyd edilib. Müqayisə üçün bildirək ki, 2016–2023-cü illər arasında bu cür zorakılıq halları orta hesabla hər il 7 faiz artmışdı.

Cinsi zorakılıq halları da oxşar artım tendensiyası göstərir. 2025-ci ildə 132 min 300 qurban qeydə alınıb ki, bu da bir il ərzində 8 faiz artım deməkdir. Halbuki 2016–2025-ci illər dövründə bu göstəricinin orta illik artımı 11 faiz təşkil edirdi. Daxili İşlər Nazirliyi bu artımın real zorakılıq hallarının çoxalması, yoxsa müraciətlərin artması ilə bağlı olub-olmadığına dair izahat verməyib.

Hesabatda qeyd olunur ki, polisə tabe olmamaq halları da 2025-ci ildə 11 faiz artıb. Xüsusilə başqalarının həyatını təhlükə altına atan ağırlaşdırılmış hallar diqqət çəkir. Eyni zamanda, dələduzluq və ödəniş vasitələri ilə bağlı fırıldaqçılıqlar 8 faiz artıb və bu artım əsasən rəqəmsal mühitlə əlaqələndirilir.

Narkotiklərlə bağlı cinayətlər də yüksəlişdədir. 2025-ci ildə 307 min 200 nəfər narkotik istifadəsi ilə bağlı məsuliyyətə cəlb olunub. Bu, bir il ərzində 6 faiz və 2020-ci illə müqayisədə təxminən 50 faiz artım deməkdir. Nazirlik bu tendensiyanı qismən 200 avroluq sabit cərimə mexanizminin tətbiqi ilə əlaqələndirir. Narkotik ticarəti illik 8 faiz artımla son 50 ildə davamlı yüksəliş tendensiyasını qoruyur.

Nazirlik eyni zamanda vurğulayır ki, bu statistika yalnız hüquq-mühafizə orqanlarına bildirilən faktlara əsaslanır. Zərərçəkənlərlə aparılan sorğulara görə, fiziki zorakılıq qurbanlarının 79 faizi, cinsi zorakılıq qurbanlarının isə 94 faizi şikayət etməyib. Bu, statistik məlumatların real vəziyyəti tam əks etdirmədiyini göstərir.

Seçilən
7
50
azertag.az

10Mənbələr