AZ

Prokurorluğun qapısını təpiklə açan Samirə Mirzəyeva HAKİM QARŞISINDA

ain.az, Lent az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı Ağır Cinayətlər Məhkəməsində sosial təminat məsələlərinə köməklik göstərilməsi adı altında çoxsaylı vətəndaşın pulunu mənimsəməkdə təqsirləndirilən Samirə Mirzəyevanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Lent.az xəbər verir ki, hakim Vüqar Quliyevin sədrliyi ilə keçirilən məhkəmə zərərçəkənlərin mülki iddia tələbi ilə davam edib. Hər üç zərərçəkən təqsirləndirilən Samirə Mirzəyevadan ayrılıqda 50 000, 20 000, 33 500, ümumilikdə 100 000 manat tələb ediblər.

Şahid Rasim Mirzəyev 2007-ci ildən S. Mirzəyeva ilə nikahda olduğunu deyib:

"Samirə ilə bağlı məsələlərdən polisə olan şikayətlərdən sonra xəbərim oldu. Zərərçəkənlər nəinki evimə, iş yerimə kimi də gəlirdilər. Onların şikayətinə görə hərbi prokurorluqda ifadə də vermişəm".

Zərərçəkən Ş.F. ona dəymiş ziyanla bağlı dəfələrlə Samirə Mirzəyevanın evində olduğunu, tələblərinin qabağında Mirzəyevanın ona "Ərim polkovnikdir, istədiyi qapını təpiklə vurub aça bilən adamdır, get nə bilirsən elə" dediyini bildirib.

Digər zərərçəkən M.E. Samirəyə ondan şikayət edəcəyini deyəndə Samirənin "Sənin başın üçün deyil məndən şikayət eləmək. Mən prokurorluğun qapısını təpiyimlə açıram" deyə cavab verdiyini iddia edib.

Müdafiə Nazirliyi üzrə Silahlı Qüvvələrin Baş Klinik Hospitalının Mərkəzi Tibbi Arxivi və həmin Nazirliyin Tibbi Sənədlər Arxivinin sabiq rəisi mayor Ruhin Tağıyev ifadəsində Samirə Mirzəyevanı bacısı kimi tanıdığını bildirib:

"Bacımla iş birliyi qurmuşdular mənzil məsələsi ilə bağlı. Bacım vasitəsilə mənə çatdırıb ki, əlillik almaqla problem yaşayan adam olsa, ona deyək. Dedim ki, mən belə işlərlə məşğul deyiləm və belə şeylərə imkan verməyəcəm. Bunu yenə keçmiş nazir Səlim Müslümovun vaxtında desəydilər, bəlkə razılaşardım, amma indi mümkün deyil. Qulu pul verəndən sonra yanıma gəldi. Ona dedim ki, səbrli ol, pul vermisənsə, alıb qaytararıq".

Daha sonra məhkəmə istintaqının yekunlaşdığı elan olunub.

Müdafiə vəkili çıxış üçün vaxt istəyib, növbəti proses 13 fevral saat 10-a təyin olunub.

Xatırladaq ki, Samirə Mirzəyevaya qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq etmə), 310-cu (Vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) və 320.1-ci (Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma yaxud qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) maddələri ilə ittiham irəli sürülüb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
28
50
lent.az

10Mənbələr