Ermənistanın xarici işlər naziri Ararat Mirzəyan AŞ PA-da iki gün öncəki çıxışında Azərbaycanla sülhün real olduğunu söyləyib. Mirzəyan sülh müqaviləsinin hətta yaxın aylarda imzalanması və ratifikasiya edilməsini mümkün sayıb. O, rəsmi İrəvanın regionda uzunmüddətli təhlükəsizlik və sabitlikdə maraqlı olduğunu, dialoqun davam etdiriləcəyini bildirib.
Dünən isə Baş nazir Nikol Paşinyan bəyan edib ki, “Qarabağ hərəkatı” əbədi bağlanmalıdır, çünki onun sözlərinə görə, Azərbaycan və Ermənistan hələ Alma-Ata sənədi əsasında qarşılıqlı olaraq, bir-birinin ərazi bütövlüyünü, suverenliyi və siyasi müstəqilliyini tanıyıb.
“Bu mövzu mənim üçün artıq bağlanıb. Baş nazir kimi bu xətti izləyəcəyəm. Əgər vətəndaşlar bu siyasətlə razı deyilsə, onları inqilab etməyə dəvət edirəm. Heç bir Baş nazir vətəndaşları inqilaba çağırmamışdı, inqilab baş vermədi və biz bu siyasəti davam etdirəcəyik” – Paşinyan əlavə edib.
İnanmaq istərdik. Amma və lakin…
Əvvəla, İrəvanda mifik qurumun “nümayəndəliyi” hələ də bağlanmayıb. Separatçı-revanşistlər, o sırada özlərini “artsaxın prezidenti”, “artsax ombudsmanı”, nə bilim, “artsaxın xarici işlər naziri” adlandıran cinayətkar ünsürlər vaxtaşırı ora toplaşıb Azərbaycan dövləti əleyhinə danışır, absurd bəyanatlar səsləndirirlər.
İkincisi, Paşinyanın, Mirzəyanın sülhlə bağlı səmimiliyinə necə inanaq ki, ilin-günün bu vaxtında İrəvanda mifik “artsax qəhrəmanı”na, quldur-baş kəsənin birinə ölkə paytaxtında abidə qoyulur? Özü də harda? Orta məktəbin həyətində!
Bəli, nə qədər qəribə də olsa, yanvarın 28-də, “ordu günü”ndə və erməni rəsmilərin Azərbaycanla barışıqdan dəm vurması fonunda 147 nömrəli məktəbin ərazisində uydurma “Qarabağ qəhrəmanı” Robert Abacyanın abidəsinin açılışı olub.
Abidənin açılışı zamanı məktəbin direktoru Marqarita Ovannisyan görün nə çərənləyib: “Bu gün (yanvarın 28-i – red.) ordu günüdür və bu gün təsadüfən seçilməyib. Qoy hər bir əsgər vətən sevgisini (hansı vətən?! – red.) hiss etsin. Erməni ordusuna eşq olsun”.
Qarabağ ermənilərin vətəni imiş…
İndi bunu necə anlayaq? Zərrəcə şübhə yoxdur ki, paytaxt rəhbərliyinin, hökumətin olaydan xəbəri olub. Daha doğrusu, onların izni və köməyi ilə abidə qoyulub. O zaman məntiqi sual çıxır: “o nə pəhriz, bu nə turşu?”
Ən mühümü, həmin məktəbin timsalında erməni uşaqlar “artsax qəhrəmanları”ndan görəsən yaxşı nə öyrənə, hansı nümunəni götürə bilərlər? Əlbəttə ki, böyüyüb Abacyan kimik bandit və terrorçu olmağı, Türkə nifrəti…

Xatırlatmaq yerinə düşər, ötən əsrin 20-ci illərində azərbaycanlı və türkiyəli diplomatları və siyasi xadimləri qətlə yetirmiş terrorçulara İrəvanda “Nemezis” kompleksi məhz Nikol Paşinyanın dövründə, Qarabağda antiterror əməliyyatından cəmi bir neçə ay qabaq (2023, aprel) qoyulub. Açılışda hakim partiyanın təmsilçisi iştirak və çıxış edib. Rəsmi Ankara o vaxt Paşinyan iqtidarından kompleksin dərhal de-montaj olunmasını tələb eləmişdi. Gəl ki, tələb qulardı edildi.
Günün sualı da elə budur ki, erməni terrorçuların, quldur-başkəsənlərin ölkə ərazisində çoxsaylı abidə və komplekslərini SÜLH naminə sökmək əvəzinə, yenisini ucaltmaq hansı niyyətdən doğur? Erməni xalqı sülhə beləmi hazırlanır, cənab Paşinyan?!.
Musavat.com