AZ

Bunun üçün hər bir şagirdə tablet verilməlidir Ekspert

Axar.az saytına istinadən ain.az xəbər verir.

Azərbaycanda orta məktəb dərsliklərinin rəqəmsallaşdırılması təklif olunur. Bu təkliflə Milli Məclisin deputatı Ceyhun Məmmədov parlamentin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında çıxış edib.

Onun sözlərinə görə, rəqəmsallaşdırma dərsliklərdə səhvlər olduğu halda düzəldilməsini asanlaşdıracaq. Elm və Təhsil Nazirliyi bunun üzərində işləyir. Rəqəmsallaşdırıldığı təqdirdə, bu prosesdə dəyişiklikləri etmək və daha sürətli formada şagirdlərə təqdim etmək imkanı daha çoxdur.

Sözügedən mövzuyla bağlı Axar.az-a açıqlamasında təhsil eksperti Ramin Nurəliyev bildirib ki, belə bir təklif olsa da, icrasıyla bağlı rəsmi açıqlama verilməyib.

“Əslində, bu, çox gözəl təşəbbüsdür. Əlbəttə ki, müsbət və mənfi tərəfləri var. Müsbət tərəfləri nələrdir? Bütün dərsliklər artıq bir tabletdə olacaq. Şagird artıq orta ümumi təhsil məktəbinə gedərkən ağır çanta aparmayacaq. Metroda, yaxud hər hansı bir yerdə rahat şəkildə tableti açıb dərs oxuya, təkrarlaya biləcək. “Bu gün kitabı gətirmişəm, gətirməmişəm” söhbətləri düşünülməyəcək. Birbaşa bütün dərsliklər şagirdin elektron tabletində olacaq. Çox arzuolunan təşəbbüsdür”, - o vurğulayıb.

Ekspertin sözlərinə görə, bu model Türkiyədə və Avropanın bir çox inkişaf etmiş ölkələrində tətbiq olunur:

“Birincisi, əgər dərsliklərin elektronlaşdırılmasını düşünürüksə, əvvəla, bütün şagirdlərə tabletlər paylanmasıdır. İkincisi, bu materiallar, mövzular şagirdin oxuya biləcəyi üslubda elektronlaşdırılmalıdır. Üçüncü məsələ isə orta ümumi təhsil məktəblərində internet resursları və elektron lövhənin olmasıdır. Elektron lövhə olduğu təqdirdə müəllim rahat şəkildə elektronlaşdırılmış sistemi aça bilər. Və ona lazım olan məlumatları şagirdlərə izah edə, göstərə bilər”.

Nurəliyev hesab edir ki, istər şəhər, istər rayon məktəblərində bu maddi-texniki baza olmalıdır:

“Bu qeyd etdiklərim olmadığı təqdirdə sözügedən model perspektivli olmaz. Şagird dərsi tabletdən izləyirsə, müəllim də dərsi elektron lövhə vasitəsilə tədris etməlidir. Bu kimi rəqəmsallaşdırılmış dərs sistemi çox faydalı olar”.

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “Elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması" istiqaməti üzrə hazırlanıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
10
22
axar.az

10Mənbələr