Alimlər Merkurinin səthindəki müəmmalı parlaq xətləri araşdıraraq, milyardlarla il əvvəl soyuduğu düşünülən bu planetin əslində geoloji baxımdan hələ də aktiv olduğunu müəyyən ediblər.
AzEdu.az xarici KİV-ə istinadən xəbər verir ki, Merkurinin səthində aşkar edilən bu parlaq xətlər planetin “ölü” olmadığını, əksinə geoloji cəhətdən hələ də fəal olduğunu ortaya qoyur.
Tədqiqatçılar süni intellekt vasitəsilə 100 minə yaxın yüksək ayırdetməli peyk görüntüsünü təhlil edərək planet üzrə ümumilikdə 402 parlaq xətt quruluşu müəyyən ediblər. Araşdırmaya görə, bu xətlər yeraltı qatlarda mövcud olan kükürd kimi uçucu maddələrin səthə sızması nəticəsində yaranır. Sürətlə aşınmalarına baxmayaraq hələ də parlaq görünmələri, formalaşma prosesinin günümüzdə də davam etdiyini sübut edir.
Alimlər bildirirlər ki, dərin qatlarda mövcud istilik və qazlar qədim toqquşma kraterlərindəki çatlar vasitəsilə səthə çıxır. Bu, təxminən 4,5 milyard il əvvəl tamamilə soyuması gözlənilən bir planet üçün olduqca təəccüblü bir “canlılıq” əlamətidir.
Yaxın dövrdə BepiColombo kosmik aparatından əldə ediləcək yeni məlumatların Merkurinin bu “yaşayan” geoloji quruluşunu daha dəqiq üzə çıxarması gözlənilir.
Zeynəb Tehranlı