BAKI, TurkicWorld, Orxan Qədirzadə
Mikromaliyyə sektoru ilə kapital bazarı iştirakçılarını bir araya gətirən ilk investor forumu Bakıda baş tutub. Tədbir bank olmayan kredit təşkilatları ilə investorlar arasında birbaşa dialoqun qurulmasına və investisiya imkanlarının genişləndirilməsinə həsr olunub.
TurkicWorld xəbər verir ki, 29 yanvar 2026-cı il tarixində Bakı Fond Birjası, Azərbaycan Kapital Bazarları Assosiasiyası və Azərbaycan Mikromaliyyə Assosiasiyasının birgə təşkilatçılığı ilə “Kapital Bazarlarına Çıxış: 1-ci İnvestor Mikromaliyyə Forumu” keçirilib.
Forumun açılış mərasimində Azərbaycan Respublikası Mərkəzi Bankının baş direktoru Fuad İsayev, Bakı Fond Birjasının İdarə Heyəti sədrinin müavini və Baş Kommersiya İnzibatçısı Oqtay Qasımov, Azərbaycan Kapital Bazarları Assosiasiyasının Direktorlar Şurasının sədri Orxan Bağırov və Azərbaycan Mikromaliyyə Assosiasiyasının Müşahidə Şurasının sədri Cəlal Əliyev çıxış ediblər.
Bildirilib ki, forumun əsas məqsədi bank olmayan kredit təşkilatları ilə investorlar arasında birbaşa əlaqə mexanizminin yaradılması, mikromaliyyə sektorunda mövcud investisiya imkanlarının təqdim olunması və kapital bazarlarına çıxış imkanlarının genişləndirilməsidir.
Tədbirdə Mərkəzi Bankın və digər milli tənzimləyici qurumların nümayəndələri, kapital bazarı iştirakçıları, investorlar, eləcə də regionlarda fəaliyyət göstərən aparıcı bank olmayan kredit təşkilatları daxil olmaqla 90-dan çox nümayəndə iştirak edib. Forum çərçivəsində investorlar mikromaliyyə institutlarının maliyyə göstəriciləri, biznes modelləri və investisiya təklifləri ilə birbaşa tanış olublar.
Forum çərçivəsində maliyyə sektorunda gender bərabərliyinə dair mükafatlandırma mərasimi də keçirilib. “FINCA Azerbaijan” bank olmayan kredit təşkilatı “Gender bərabərliyinin təşviqində qabaqcıl təşkilat” nominasiyası üzrə Azərbaycan Mikromaliyyə Assosiasiyasının mükafatına layiq görülüb. Ardınca “Embafinans” QSC, “FINCA Azerbaijan” MMC, “İnkişaf üçün Maliyyə” MMC, “MCB” MMC, “Monetri” MMC, “Prior Credit” MMC və “Regional” MMC tərəfindən təqdimatlar edilib.
Forum kütləvi informasiya vasitələrinin nümayəndələri ilə görüş, sual-cavab sessiyası, yekun müzakirələr və B2B formatında şəbəkələşmə ilə başa çatıb.