Azərbaycan bu ölkənin vətəndaşlarına vizasız girişi TƏMİN EDƏCƏK
Ajans.az Honkonq Hökumətinin İnformasiya Departamentinə istinadən xəbər verir ki, 2 fevral 2026-cı ildən 2 fevral 2027-ci ilədək Honkonqun etibarlı pasportlarına sahib vətəndaşlar Azərbaycana vizasız səfər edə biləcəklər. Məlumata əsasən, vizasız giriş rejimi göstərilən müddət ərzində maksimum üç dəfə ölkəyə daxil olmağa imkan verəcək. Hər bir səfər zamanı ölkədə fasiləsiz qalma müddəti 30 gündən çox olmayacaq. Honkonq İmmiqrasiya Departamentinin sözçüsü bildirib ki, Azərbaycan “Bir kəmər, bir yol” təşəbbüsündə iştirak edən ölkələrdən biridir. Onun sözlərinə görə, bu qərar Honkonq ilə Azərbaycan arasında səyahətləri asanlaşdırmaq, turizm əlaqələrini genişləndirmək, eləcə də mədəni və iqtisadi mübadilələri inkişaf etdirmək məqsədi daşıyır. Qeyd olunub ki, viza prosedurlarının sadələşdirilməsi tərəflər arasında qarşılıqlı faydalı əməkdaşlığın dərinləşdirilməsi istiqamətində atılan mühüm addım kimi qiymətləndirilir.