ain.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bu nadir hövzə “yaşıl” gələcəyə qucaq açır
Bakı buxtası paytaxtın rəmzi amfiteatrı olmaqla yanaşı, həm də Azərbaycanın sənaye tarixinin, enerji layihələrinin və ekoloji problemlərinin çulğalaşdığı bir məkandır. Onilliklər boyu neft hasilatı, sənaye fəaliyyəti və urbanizasiya nəticəsində bu ərazi ciddi antropogen təsirlərə məruz qalıb. Bu gün isə Bakı buxtasının ekoloji vəziyyətinin yaxşılaşdırılması adi bir məsələ deyil, eyni zamanda, milli təhlükəsizlik, iqtisadi inkişaf və ekoloji dayanıqlılıqla birbaşa bağlı önəmli “yaşıl” hədəfdir.
Dəniz çirkabı sahilə qaytarır
Nazirlər Kabinetində Baş nazir Əli Əsədovun sədrliyi ilə yanvarın 27-də Bakı buxtasının ekoloji vəziyyətinin yaxşılaşdırılması məsələlərinə həsr olunmuş iclas da bu baxımdan mühüm dönüş nöqtəsi kimi qiymətləndirilir. Toplantıda Xəzər dənizində müxtəlif təyinatlı qəzalı və yararsız vəziyyətdəki hidrotexniki qurğuların ləğv olunması, estakadaların, yanalma körpülərinin, platformaların, eləcə də batmış gəmilərin çıxarılması, həmçinin digər reabilitasiya layihələrinin müzakirə edilməsi də dövlətin bu sahəyə sistemli yanaşmasının göstəricisidir.
Baş Nazir Əli Əsədov çıxışında Xəzər dənizinin Azərbaycan Respublikasına məxsus sektorundakı neft-qaz yataqlarında sovet ittifaqından miras qalmış müxtəlif təyinatlı hidrotexniki qurğuların, ləğv edilmiş və ya konservasiya olunmuş neft quyularının, estakadaların, yanalma körpülərinin, platformaların köhnəlməsi, korroziyaya uğraması və hidrometeoroloji amillərin təsiri səbəbindən qəzalı vəziyyətə düşməsi nəticəsində yaranmış problemlər dənizin ekoloji vəziyyətinə neqativ təsir göstərdiyini diqqətə çatdırıb. O, eyni zamanda, uzun müddət antropogen təsirlərin davam etməsi nəticəsində Bakı buxtasında da çirklənmənin dərinləşdiyini, habelə onun ekoloji vəziyyətinin yaxşılaşdırılmasına kəskin zərurət yarandığını bildirib.
Mütəxəssislərin fikrincə, Bakı buxtasının ekoloji vəziyyəti uzun müddət daha çox ekoloji məsələ kimi müzakirə edilsə də, əslində, bu, ciddi problem olaraq daim narahatlıq doğurub. Çünki Xəzər dənizində yerləşən köhnə hidrotexniki qurğular, yararsız platformalar, batmış gəmilər və ləğv edilmiş neft quyuları təbiətlə yanaşı, həm də iqtisadiyyatın müxtəlif sahələrinə mənfi təsir göstərib. Belə ki, sadalanan obyektlərin mövcudluğu dəniz nəqliyyatının təhlükəsizliyini zəiflədib, enerji infrastrukturu üçün risk yaradıb, turizm və rekreasiya potensialını məhdudlaşdırıb, daşınmaz əmlak bazarında sahilyanı zonaların dəyərini aşağı salıb, eləcə də ekoloji risklərə görə dövlətin gələcək xərclərini artırıb.
Xatırladaq ki, sovet dövründə sənaye modelinin nümunəsi kimi qiymətləndirilən Xəzər hövzəsindəki hidrotexniki qurğuların böyük hissəsi bu gün ekoloji təhlükəsizliyə ciddi təhdid yaradır. Nəticədə Azərbaycan hazırda, necə deyərlər, “gecikmiş ekoloji borc”la üz-üzədir. Bu borcun əsas komponentləri sırasında texniki baxımdan təhlükəli obyektlərin demontaj xərclərinin reallaşdırılması, neftlə çirklənmiş torpaqların bərpası, dəniz dibinin təmizlənməsi, ekoloji monitorinq və risklərin idarə olunması, şəhər infrastrukturunun modernləşdirilməsi xüsusi yer tutur.
Yaralı körfəz müalicəyə möhtacdır
Ekoloq Qasım Hüseynov Nazirlər Kabinetində Bakı buxtasının ekoloji vəziyyətinin yaxşılaşdırılması ilə bağlı keçirilən toplantıda tədbirlər planının müzakirə edilməsini bu sahənin reabilitasiyasına ilk dəfə olaraq kompleks iqtisadi layihə kimi yanaşılması baxımından yüksək qiymətləndirir. O, eyni zamanda, bu layihənin iqtisadi mahiyyətinin əsasında birbaşa maliyyə xərclərinin dayandığını bildirir. Ekoloq bütün bunlarla yanaşı, Bakı buxtasında platformaların, estakadaların yüksək peşəkarlıqla sökülməsi, batmış gəmilərin çıxarılması, metal konstruksiyaların kənarlaşdırılması, çirklənmiş torpaqların bərpası, eləcə də monitorinq sistemlərinin qurulmasının milyard manatlarla ölçülən investisiya tələb etdiyini vurğulayır. Qasım Hüseynov sözügedən layihə xarclərinin qısamüddətli dövrdə dövlət büdcəsi üçün ağır yük kimi görünə biləcəyini, lakin uzunmüddətli perspektivdə bunun iqtisadi baxımdan məntiqli investisiya olduğunu da xatırladır.
Ətraf mühit məsələləri üzrə ekspert Asim Hüseynovun sözlərinə görə, Bakı buxtasının ekoloji vəziyyətinin yaxşılaşması turizm sektorunda gəlirlərin artmasına, sahilyanı ərazilərdə kommersiya layihələrinin sürətli icrasına, daşınmaz əmlakın qiymətlərinin yüksəlməsinə, şəhər brendinin güclənməsinə və xarici investisiyaların artmasına müsbət təsir göstərəcək. Məsələn, beynəlxalq araşdırmalara görə, sahil zonalarının ekoloji reabilitasiyası həmin ərazilərdə daşınmaz əmlakın dəyərini 20-40 faiz artıracaq. Bütün bunlarla bərabər, Bakı buxtasında ekoloji risklər, dövlətin bu sahədə fövqəladə xərcləri azalacaq, səhiyyə sisteminə düşən yük yüngülləşəcək və ekoloji fəlakət riskləri minimuma enəcək.
Asim Hüseynov söhbətində Prezident İlham Əliyevin 2026-cı il yanvarın 12-də təsdiqlədiyi “Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026−2035-ci illər üçün Dövlət Proqramı”nın da Bakı təmizlənməsi və ekoloji vəziyyətinin yaxşılaşdırılması baxımından mühüm önəm daşıdığını diqqətə çatdırdı. Ekoloq, eyni zamanda, adıçəkilən sənədin Bakı buxtasının reabilitasiyası üçün institusional və maliyyə çərçivəsi formalaşdırdığını yüksək qiymətləndirdi.
Proqramın iqtisadi əhəmiyyəti barədə danışan Asim Hüseynov bildirdi ki, sənəddə nəzərdə tutulan layihələrin gerçəkləşdirilməsi ilə su təchizatı daha da yaxşılacaq, yağış və tullantı suları sistemləri vahid strategiya çərçivəsində müasirləşdiriləcək. Bununla da paralel layihələrin qarşısı alınacaq və investisiya səmərəliyi yüksələcək. Eyni zamanda, urbanizasiya və ekoloji siyasətin sintezi ilə təmizlənən Bakı buxtası paytaxtın inkişaf strategiyasının tərkib hissəsinə çevriləcək.
Asim Hüseynovun sözlərinə görə, “Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026−2035-ci illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulan layihələrin icrası dövlət-özəl tərəfdaşlığı modeli əsasında gerçəkləşdiriləcək. Bu modelin tətbiqi ilə dövlətin maliyyə yükü azalacaq, özəl sektorun texnoloji imkanları prosesə cəlb ediləcək, layihələrin idarəetmə keyfiyyəti yüksələcək.
İradə HƏSƏNOVA,Səma və Eko Sosial-İqtisadi İnkişafa Yardım İctimai Birliyinin sədri
Xəzər dənizi uzun illərdir ki, intensiv neft-qaz hasilatının, şəhər kanalizasiya axıntılarının və nəzarətsiz antropogen fəaliyyətin təsiri ilə üz-üzə qalıb. Xüsusilə Abşeron yarımadası və Bakı buxtası köhnə istismardan çıxarılmış neft quyuları, paslanmış estakadalar dibdə yığılan neftlə çirklənərək çirklənmə mənbəyinə çevrilib. Son illər dəniz suyunun çəkilməsi ilə bu çirklənmənin vizual miqyası hamıya məlum olub, eyni zamanda, metal konstruksiyaların sahilə yaxın ərazilərdə ekoloji və təhlükəsislik riskiləri çoxalıb.
Köhnə neft quyuları və estakadalar isə təkcə keçmiş sənaye fəaliyyyətinin “yadigarı” deyil, eyni zamanda, mikro və makro səviyyədə neft sızıntılarının, ağır metalların suya qarışmasının, dəniz ekosisteminin zədələnməsinin əsas mənbələrindən biridir. Fiziki cəhətdən ömrünü başa vuran bu infrastrukturun ləğv edilməsi çirklənmənin davamlı mənbəyini aradan qaldırır, dənizin özünübərpa potensialını gücləndirir, sahil zonalarının təhlükəsiz və istifadəyə yararlı hala gəlməsinə şərait yaradır. Bu qərar ekoloji baxımdan gecikmiş olsa da, zəruri və müsbət addım kimi dəyərləndirilməlidir.
Nazirlər Kabinetinin Bakı buxtasının ekoloji vəziyyətinin yaxşılaşdırılması məsələlərinə həsr olunmuş iclasında səsləndirilən tapşırıqlara gəldikdə isə deyə bilərəm ki, hökumət tərəfindən aidiyyəti qurumlara sözügedən buxtanın təmizlənməsi və ekoloji vəziyyətinin yaxşılaşdırılması məqsədilə bir neçə istiqamətdə fəaliyyətin təşkil olunması tapşırılıb. Məsələn, bu sırada:
– Bakı buxtasına daxil olan 31 axardan hövzəyə çirkab suların və neftli məhsulların axıdılmasının qarşısının alınması;
– Buxtanın tullantılardan təmizlənməsi istiqamətində təxirəsalınmaz tədbirlərin görülməsi;
– Ağ Şəhər istiqamətində, Bibiheybət neft mədənləri ərazisində neftlə çirklənmiş torpaqların təmizlənməsi;
– dəniz suyunun çəkilməsi ilə əlaqədar sahilə yaxın hissələrdə üzə çıxmış metal konstruksiyaların, estakadaların və batmış su-nəqliyyat vasitələrinin demontaj olunaraq ərazidən kənarlaşdırılması kimi məsələlərin gerçəkləşdirilməsinin diqqət mərkəzində saxlanılması prioritet istiqamətlər hesab edilib.
Sadalanan bu layihələrin icrasının dövlət səviyyəsində reallaşdırılması məqsədilə qəbul edilən Dövlət Proqramı Xəzərin daha da pisləşməsinin qarşısını alacaq, Bakı buxtasının təmizlənməsi isə paytaxtın daha da gözəlləşməsi ilə bərabər, həm də dərin ekoloji deqradasiyasını aradan qaldıracaq. Bütün bunlarla yanaşı, suyun səthindəki neft ləkələrinin və tullantıların təmizlənməsi, sahilə çıxmış metal konstruksiyaların kənarlaşdırılması sanitariya və ictimai sağlamlıq baxımından müsbət nəticə verəcək, şəhər mühitinin estetik görünüşünü yaxşılaşdıracaq.
Lakin buxtanın real ekoloji bərpası üçün dib çöküntülərinin rekultivasiyası, şəhər və sənaye axıntılarının tam nəzarətə alınması, uzunmüddətli su keyfiyyəti monitorinqi vacib şərtlərdir. Bunlar olmadan Bakı buxtasında ekoloji sabitlik əldə etmək mümkün deyil. Köhnə neft quyularının və estakadaların ləğvi təkcə texniki tədbir deyil, həm də ekoloji məsuliyyətin göstəricisidir. Bu addımların ardıcıl, elmi əsaslı və şəffaf şəkildə icra olunması isə Xəzər dənizi və Bakı buxtası üçün real dəyişikliklərin başlanğıcı ola bilər.
Sonda qeyd edim ki, Nazirlər Kabinetində qəbul olunan qərarlar Xəzər dənizi və Bakı buxtası ilə bağlı illərdir ki, yığılan problemlərə dövlət səviyyəsində diqqətin artmasından xəbər verir. Bu, Xəzərin ekoloji vəziyyətini dərhal ideal hala gətirməsə də, daha da pisləşməsinin qarşısını almaq və mərhələli bərpa prosesinə başlamaq üçün mühüm fürsətdir. Məsələnin taleyi isə icranın keyfiyyətindən, şəffaflığından və davamlı nəzarətdən asılı olacaq.
Vaqif BAYRAMOVXQ
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.