AZ

Ağdam “ağ qızıl”lı günlərinə qayıdır

Pambıqçılar bu gəlirli sahəni uğurla dirçəldirlər

Münbit, barlı-bərəkətli torpaqları olan Ağdam rayonunun pambıqçıları da onlar üçün yaradılmış əlverişli imkanlardan yararlanaraq ötən ili uğurlu nəticələrlə başa vurublar.

“P-aqro” MMC-nin Ağdam filialının direktoru, I dərəcəli Əmək ordenli Mürsəl Qurbanov bildirdi ki, rəhbərlik etdiyi müəssisə ötən mövsüm 126 fermerlə 800 hektar sahədə pambıq əkini üçün müqavilə bağlamışdı. Qarşıya qoyulan hədəf isə pambıq kollarına yaxşı qulluq göstərməklə, aqrotexniki xidmət sayəsində əkilən ərazilərdən yüksək məhsuldarlıq əldə etmək olub:

– Bunun üçün bizə hər cür şərait yaradılmışdı, fermerlər hərtərəfli qayğı ilə əhatə olunmuşdular. Çiyid səpinindən başlayaraq bütün aqrotexniki xidmətlərin göstərilməsinə, sahələrin dərmanlanmasına, həmçinin məhsulun yığılıb məntəqəyə təhvil verilməsinə kimi bütün xərclər pambığın alışı zamanı hesablaşmaq şərtilə “P-aqro” MMC tərəfindən qarşılanıb. Əkin sahələrində bütün aqrotexniki işlər vaxtında görülüb, ərazilərin zərərvericilərdən qorunması üçün dərmanlama prosesi aparılıb, pambıq yığımı və tədarükü tam yekunlaşıb.

Görülən işlərin nəticəsi olaraq qarşıya qoyduğumuz hədəflərimizə çatmışıq. Belə ki, 800 hektar sahədən 2 min 757 ton fiziki çəkidə, 2 min 403 ton kondisiya çəkidə məhsul yığmışıq. Orta məhsuldarlıq hər hektar üçün 30,5 sentner təşkil edib. Yığımda 4 kombayn, 26 qoşqu olmaqla 13 traktor fəaliyyət göstərib.

“P-aqro” MMC-nin rəhbərliyinin Ağdamda pambıqçılığın inkişafını hər zaman diqqətdə saxladığını bildirən filial direktoru onu da əlavə etdi ki, mövsüm ərazində texnika, onların ehtiyat hissələri, dərman vasitələri və gübrələrlə bağlı heç bir problemlə üzləşməyiblər. 2026-cı təsərrüfat ili üçün isə min hektar sahədə əkinin aparılması nəzərdə tutulub. Hazırda fermerlərlə müqavilələr bağlanır, şumlama, çöp doğrama və arat işləri davam etdirilir.

Qeyd edək ki, filialın fəaliyyəti rayonda əhalinin məşğulluğuna da öz töhfəsini verir. Qurumda 40 nəfər ağdamlı daimi işlə təmin edilib, daha 10 nəfərlə isə mövsümi olaraq müddətli müqavilələr imzalanır.

R.MAHİR
XQ

Seçilən
18
13
xalqqazeti.az

10Mənbələr