AZ

Azərbaycan təbiəti zubrları doğmalıqla qoynuna alır

Xalq qazeti portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Leyla Əliyevanın təşəbbüsü ilə IDEA İctimai Birliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Ümumdünya Vəhşi Təbiətin Mühafizəsi Fondunun Azərbaycan nümayəndəliyinin həyata keçirdiyi zubrların reintroduksiya layihəsi çərçivəsində Berlindəki “Tierpark” heyvanat parkından 12 zubr Azərbaycana yola salınıb. Almaniyanın Bad Berleburq şəhərindən isə ölkəmizə 6 zubr göndərilib.

Zubrların ölkəmizə göndərilməsi prosesini Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev, Berlinin “Tierpark” heyvanat parkının direktoru Andreas Knieriem və digər aidiyyəti qurumların nümayəndələri müşahidə ediblər.

Zubrlar Azərbaycanın zəngin təbiətində əsrlər boyunca məskunlaşıb. Bu cüssəli vəhşi öküzlər qədim zamanlardan insanlar tərəfindən güc rəmzi kimi qəbul olunub. Qobustan qayalarının üstündə vəhşi zubrların cizgilərinin əks olunması da bunun göstəricisidir. Populyasiya effektiv idarə olunmadığından bu növün Azərbaycanda sayı tükənib. Qafqaz dağlarında sonuncu zubr 1927-ci ildə öldürülüb. Son illər ərzində regionun və dünyanın aparıcı alimləri tərəfindən həyata keçirilən araşdırmaların nəticəsi olaraq, təbiətimizdə zubrlar üçün əlverişli şəraitin olduğu aşkarlanıb.

2012-ci ilin sonlarından etibarən zubrların ölkəmizin vəhşi təbiətinə reintroduksiya edilməsi istiqamətində IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və WWF-in Azərbaycan nümayəndəliyi tərəfindən intensiv iş aparılır. IDEA İctimai Birliyi ilə Şahdağ Milli Parkı arasında imzalanmış Əməkdaşlıq Sazişinə əsasən, nəsli kəsilmiş zubrların bərpası və onların ölkə təbiətinə reintroduksiya olunması, digər növ vəhşi heyvanların elmi məqsədlərlə artırılması üçün Şahdağ Milli Parkının İsmayıllı bölməsində 305 hektar sahə ayrılıb, ərazidə zubrların çoxaldılıb təbiətə buraxılması üçün kompleks inşa edilib.

2019-cu ilin may ayından etibarən isə müxtəlif ölkələrdən, o cümlədən Almaniyadan Azərbaycana zubrlar gətirilir. Həmin heyvanlar uğurla adaptasiya dövrünü keçir və aralarında təbii artım müşahidə edilir, iqlimləşmə müddətindən sonra isə onlar xüsusi adaptasiya zonasından vəhşi təbiətə buraxılır.

Zubrlar Azərbaycana göndərilməsi üçün Berlin zooparkından nəqliyyat vasitələrinə yüklənərək Frankfurt şəhərinə çatdırılıb və oradan da ölkəmizə yola salınıb. Bu zubrlar Azərbaycana çatdırıldıqda bir müddət volyer şəraitində saxlanılacaq, adaptasiya dövrünü keçdikdən sonra təbiətə buraxılacaq. Bununla, Azərbaycandakı zubrların sayı təxminən 90-a yaxınlaşacaq. Layihənin 2028-ci ilə qədər davam etdirilməsi və zubrların sayının 100 başa çatdırılması nəzərdə tutulur.

XQ

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
3
50
xalqqazeti.az

10Mənbələr