AZ

Gənclər və İdman Nazirliyi qalib seçdiyi “Sahil İnşaat 2020” MMC-nin uyğunluq göstəricilərinə niyə göz yumub - İLGİNC FAKTLAR

[center]Gənclər[/center]Gənclər və İdman Nazirliyinin tabeliyində olan Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti tərəfindən 12.11.2025-ci il tarixində “Sağlam məhəllə” layihəsi çərçivəsində 16 rayonda açıq meydançaların tikintisi və avadanlıqlarla təchizatı işlərinin satın alınması ilə əlaqədar elan edilmiş açıq tender müsabiqəsinə yekun vurulub. Müsabiqənin qalibi “SAHİL İNŞAAT 2020” Məhdud Məsuliyyətli Cəmiyyəti seçilmiş və tərəflər arasında 1.319.663,03 manat məbləğində müvafiq satınalma müqaviləsinin bağlanması nəzərdə tutulmuşdur. Gözləmə müddəti 27.01.2026-cı il tarixində başlayır və 03.02.2026-cı il tarixində iş gününün sonu bitir. məlumat satınalmaların portalında 26.01.2026-cı ildə dərc edilib.

Maraqlıdır, Gənclər və İdman Nazirliyinin tabeliyində Tikilməkdə Olan Obyektlərin Müdiriyyətinin müqavilə bağlamağı planlaşdırdığı “SAHİL İNŞAAT 2020” MMC haqqında nə kimi məlumatlar var. MMC-nin eyni vaxtda 16 rayonda açıq meydançaların tikintisini həyata keçirmək üçün maddi texniki bazası, işçi qüvvəsi varmı?

Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında “SAHİL İNŞAAT 2020” (VOEN: 2906049871) Mәhdud Mәsuliyyәtli Cәmiyyәtinin 05.11.2020-ci il tarixdə 2 saylı Ərazi Vergilər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Nizamnamə kapitalı cəmi 13 manat olan MMC-nin hüquqi ünvanının, Sumqayıt şəhəri, 3 mkr, ev.22A/29, m.6, qanuni təmsilçisi kimi isə Osmanova Fəridə Ələddin qızı olduğu göstərilir.

MMC-nin qanuni təmsilçisi Fəridə Osmanova 12.10.2020-ci ildə Auditorlar Palatası Şurasının qərarı ilə fəaliyyəti dayandırılmış “Econom AUDİT” Mәhdud Mәsuliyyәtli Cәmiyyәtinin direktorudur. Çox güman ki, Fəridə Osmanova formal olaraq “Sahil İnşaat 2020” MMC-nin direktoru kimi göstərilir. Onun arxasında daha güclü bir qüvvə olmasa bir milyon manatdan çox dəyəri olan tenderi uda bilməsi qeyri mümkün olduğunu özü də çox gözəl bilir. Həm da satınalmalarda ilk dəfə iştirak etməsinə baxmayaraq. Qanun buna da yol vermir. Çünki satınalmada iştirak üçün ərizə verdikdə analoji işlərdə təcrübəyə dair ən azı son bir il ərzində körülmüş iki iş təqdim olunmalıdır.

Açıq mənbələr üzərindən apardığımız araşdırmada təkzib olunmamış bir fakt da ortaya çıxdı. Mediada 25 sentyabr 2024-cü ildə yayılan məlumata görə mülki binaların, sağlamlıq mərkəzlərinin, çoxmərtəbəli binaların tikintisini həyata keçirən “Sahil İnşaat 2020” MMC ilə bağlı cərimə protokolu tərtib edilib. Yoxlama zamanı tikinti şirkətinin İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsini pozduğu məlum olub. Maddəyə əsasən, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə fiziki şəxslər beş yüz manat məbləğində, vəzifəli şəxslər min beş yüz manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir.

Tikinti şirkəti ilə bağlı iş baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilib. 27 sentyabr tarixində hakim Azər İsmayılovun sədrliyi ilə işə baxılıb. Cərimələnən şirkətin inşa etdiyi binalardan mənzil alan sakinlər dəfələrlə mətbuata və aidiyyəti qurumlara aldadıldıqları barədə şikayət ediblər.

Qeyd edək ki, “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanunun görə (Maddə 23.) təchizatçıların uyğunluq göstəricilərində aşağıdakı halların mövcud olmaması nəzərə alınmalıdır.

23.3.5 son bir il ərzində iki dəfə və ya daha çox Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə maliyyə sanksiyasının və ya inzibati cərimənin tətbiq edilməsi;

23.3.7. təchizatçı qismində çıxış edən fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin satınalmaya dair elanın verilməsindən (dəvətin göndərilməsindən) əvvəlki 5 (beş) il ərzində iqtisadi sahədə cinayətlərə, korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan digər cinayətlərə, kibercinayətlərə, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırılma cinayətlərinə görə məhkum olunmaması;

Amma göründüyü kimi Tikilməkdə Olan Obyektlərin Müdiriyyətin Satınalma Komissiyası “Sahil İnşaat 2020” MMC-nin uyğunluq göstəricilərini müəyyənləşdirərkən maliyyə sanksiyasının və ya inzibati cərimənin tətbiq edilməsini nəzərə almamışdır. Bundan əlavə “Sahil İnşaat 2020” MMC-nin uyğunluq göstəricilərinə də göz yumulduğu da açıq-aşkar görsənməkdədir.

Qeyd edək ki, Gənclər və İdman Nazirliyinin tabeliyində olan Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti “Sağlam məhəllə” layihəsi çərçivəsində 3 rayonda açıq meydançaların tikintisi və avadanlıqlarla təchizatı işlərinin satın alınması üzrə daha bir müqavilə də “OMAR NN GROUP” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 26.09.2025-ci ildə bağlayıb. Bu müqavilənin dəyəri 297.733,33 manat təşkil edib. Şərtlərə görə MMC Naxçıvan muxtar Respublikasınıb Culfa, Babək və Şahbuz rayonlarında mini idman meydançalarının tikintisini həyata keçirməlidir.

Qeyd edək ki, Gənclər və İdman Nazirliyinin tabeliyində olan Tikilməkdə Olan Obyektlərin Müdiriyyətin direktoru Kamran Yadigarovdur. O bu vəzifəyə 2022-ci ilin noyabrında təyin edilib. Gənclər və İdman naziri Fərid Qayıbovun yaxın kadrlarından biri kimi tanınır.

Aktualinfo.net

Seçilən
36
26
yenisoz.az

10Mənbələr