AZ

Gözügötürməzlik hikkəsi

Postsovet respublikalarının uğurları niyə qıcıq yaradır?

Bu təmayül artıq təkcə postsovet məkanında deyil, dünyanın aparıcı tədqiqat institutlarının, beyin mərkəzlərinin araşdırma və qiymətləndirmə mövzusuna çevrilib. Söhbət “qırmızı imperiya” adlandırılan SSRİ-nin süqutundan sonra müstəqilliyini qazanmış respublikaların əldə etdiyi siyasi, iqtisadi və hərbi nailiyyətlərin özünü bu gün də sovetlərin sələfi hesab edən Rusiya tərəfindən qısqanclıqla qarşılanmasından gedir.

“Mənim üçün “soyuq müharibə” Ukraynada bitdi. Rusiya ordusu bütün Ukraynanı işğal edə bilməyəndə, Kiyevdən sıxışdırılıb çıxarılanda və hazırda bu ölkənin ərazisinin kiçik bir hissəsini qoparmaqda çətinlik çəkəndə Avropanı işğal etmək iqtidarında olmadığını nümayiş etdirdi. O zaman “soyuq müharibə”nin qorxusu məhz bu idi”. ABŞ-ın nüfuzlu analitiklərindən biri, “Stratfor” və “Geopolitical Futures”in yaradıcısı Corc Fridman 2026-cı il üçün proqnozunu bu fikirlərlə başlayır. Fridmanın təqdim etdiyi proqnoza görə, ilin əsas məqamları Rusiyanın böyük dövlətlər liqasından çıxması və yeni dünya nizamının ABŞ–Çin münasibətləri ətrafında qurulacağıdır.

Tanınmış analitik onu da əlavə edib ki, Rusiya bu gün, hətta öz maraqlarını qorumağa qadir regional güc kimi də görünmür: “Moskva müxtəlif təxribat əməliyyatları planlaşdıra və çeşidli coğrafiyalara kəşfiyyat agentlərini göndərə bilər, amma o, artıq qlobal güc deyil. Rusiya Şərq cinahını itirib – Mərkəzi Asiya daha onlara aid deyil. Onlar Cənubi Qafqazı da itirdilər. ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Ermənistan və Azərbaycan arasında imzalanan sülh sazişindən sonra region Qərbə üz tutur. Bunlar yaxın keçmişdə Rusiyanın təsir dairəsinin hissələri idi”.

Fridmanın mülahizələrini mövcud situasiyanın əsaslı və dəqiq təhlili kimi səciyyələndirmək olar. Aydın məsələdir ki, amerikalı analitikin proqnozları şəxsi maraqları naminə uzun müddət Rusiya cəmiyyətinə “şovinizm”, “imperializm” adlı dərmanları satan çoxsaylı təbliğatçılar arasında sözlə ifadə olunmaz hiddətə səbəb olub. Burada bizim üçün önəmli məqam şimal qonşumuzun Azərbaycana yönəlik ideoloji təxribatları məsələsidir. Kremlin “carçı-kuklaları” elektron media platformalarında özlərinin şovinist təbliğatı ilə rus cəmiyyətinin beynini dumanlandırmaq üçün “uyuşdurucu” məlumatların fasiləsiz axınını təşkil edirlər.

Kremlin imperiya ambisiyalarının bu ruporları haqqında çox yazmışıq, həddini aşanlara layiq olduqları cavabları vermişik. Belələrinin arasında Kreml isteblişmentinə yaxınlığı ilə seçilən Duqin, Solovyov, Zatulin, Valuyev kimi radikal şovinistlərdən və avantüristlərdən ibarət bir sıra psevdoanalitiklər də var.

Bu dəfə velikorus şovinizminin züytutanı rolunu ifa edən “politoloq” Sergey Mixeyev Solovyovun telekanalizasiyasında söylədikləri ilə gündəmə gəlib. Əslində, o, “həmkarlarının” postsovet ölkələrinə qarşı çirkab dolu sərsəmləmələrini bir qədər kədərli və həzin notlarla dilə gətirib. Amma Mixeyev onlardan daha uzağa gedərək hakimiyyətin ünvanına siyasi iradlarını çatdırmağa da cürət edib: “Postsovet məkanı ilə bağlı rəsmi siyasətimiz o qədər də effektli olmayıb. İndi biz dalana dirənmişik. Rusiyanın hamıya borcu var, amma heç kimin ona borcu yoxdur. Yaranmış vəziyyət postsovet ölkələrinə müəyyən layihələri həyata keçirmələrinə imkan verir ki, bu da bizə qarşı şantaj formasıdır”.

***

Əgər siyasi ironiyanı bir tərəfə qoyub məsələyə praqmatik yanaşsaq, deməliyik ki, Mixeyev və onun kimi neoşovinistlər “sovet insanının əxlaq kodeksi”nin qoxusu gələn açıqlamaları ilə Corc Fridmanın gəldiyi nəticələrin doğruluğunu sübut etməklə yanaşı, Rusiyanın bütün istiqamətlərdə sürətlə nüfuzunu itirməsinin əsl səbəbini etiraf etmiş olurlar. Çünki istər Mərkəzi Asiyada, istərsə də Cənubi Qafqazda təsir gücündən məhrum olmuş, Avropanın gözündən düşmüş Moskvanı, məsələn, 2025-ci il avqustun 8-də Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın iştirakı ilə baş tutan “Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında saziş”in mətninin paraflanması xüsusilə hiddətləndirib. Bu sənədə beynəlxalq hüququn ərazi bütövlüyünün qarşılıqlı tanınması və suverenliyə hörmət kimi fundamental normaları daxildir. İntəhası, bu fakt Rusiya Federasiyasında imperiya siyasətinin tərəfdarlarının heç də xoşuna gəlmir. Amma bu da təəccüblü deyil. Ən azı, ona görə ki, hələ 2008-ci ilin avqustunda Gürcüstana ordu yeridən Rusiya beynəlxalq hüququn təməl prinsiplərini ayaqlar altına aldığını, imzaladığı BMT konvensiyalarının kağız parçaları olduğunu nümayiş etdirdi. Üstündən altı il keşəndən sonra Krımı ilhaq edən Rusiya dörd il əvvəl İkinci Dünya müharibəsindən sonra Avropada ən qanlı hərbi qarşıdurmalardan birini başlatmaqla bu faktı daha da gücləndirdi. Bəli, artıq hər şeyin öz adı ilə çağırmağın məqamıdır.

Onu da qeyd etməmək mümkün deyil ki, bu gün Rusiya yaxın qonşuları olan müstəqil respublikalarla gücün dili ilə danışmaq statusunu itirməsinin ağrısını yaşayır. Nə yazıq ki, bu həqiqəti telekanallarda, sosial şəbəkələrdə cəmiyyəti imperializm virusuna yenidən yoluxdurmağa çalışan rus təbliğatçıları heç vaxt etiraf etməyəcəklər.

Rasim MUSABƏYOV,
Milli Məclisin deputatı, politoloq

Sergey Mixeyev heç bir ictimai-siyasi çəkisi olmayan bir fiqurdur. Onun dediklərinə fikir verən də yoxdur. Ümumən belə hesab edirəm ki, bu cür avantürist çağırışların, yekəxana mülahizələrin Rusiyanın rəsmi dövlət telekanalının efirindən səslənməsi qəbulolunmazdır. Çünki bunlara adekvat cavablar verilə bilər. Fərz edək ki, Azərbaycan telekanallarında Rusiya hökmdarlarının tatar xanlarının qarşısında diz çökərək rəiyyətin idarə edilməsi ilə bağlı məsləhət və təlimatlar aldıqları barədə verilişlər yayımlanır. Bu qəbildən olan tarixi faktların şərh və izahına başlasaq, inanmıram ki, onların bundan xoşu gələcək. Əslində, Rusiyanın yaxın qonşuları bu təbliğatın mahiyyətini, onlardan nə gözləməyin mümkünlüyünü çox gözəl bilirlər. Sadəcə olaraq, bu ideoloji diversiyalar Rusiyanın daxilindəki şovinist, imperialist qüvvələrə hesablanmış çağırışlardır. Kreml bununla nəinki xaricdə, heç daxildə də heç nəyə nail ola bilməyəcək. Amma yaxın qonşular ictimai rəyin manipulyasiyasını nəzərdə tutan belə mülahizələrdən özləri üçün lazımi nəticələri çıxaracaqlar. Bununla onsuz da addım-addım Rysiyadan uzaqlaşan həmin qonşuların adekvat davranışını daha da sürətləndirmiş olacaqlar. Yəni burada heç bir qazancdan söhbət gedə bilməz.

O ki qaldı Azərbaycanın mixeyevlərin efirdən səslənən cəfəng iddialarına münasibətinə, biz buna çoxdan öyrəşmişik. Belələrinin cavabı həmişə ən yüksək səviyyədə verilib. Bu xora Rusiya Dövlət Dumasının deputatları qoşulanda isə onlar ən sərt cavabı mənim dilimdən də eşidiblər. Onlardan bir neçəsinin arzuolunmaz şəxs kimi Azərbaycan ərazisinə ayaq basmaları qadağan olunub. Qazaxıstan, Ermənistan və digər respublikalar da Mixeyev kimi avantürist mövqedən çıxış edənləri “persona-non-qrata” elan ediblər.

İmran BƏDİRXANLI
XQ

Seçilən
10
xalqqazeti.az

1Mənbələr