"İqtisadi tsiklin dörd fazası mövcuddur: durğunluq, canlanma, yüksəliş və böhran dövrü. Böhranların müxtəlif səbəbləri ola bilər. Bu, məcmu tələb və məcmu təklif arasındakı tarazlığın pozulmasından yarana bilər. Məsələn, 1930-cu illərin Böyük Böhranında bu amil mühüm rol oynamışdı və Keynsin irəli sürdüyü əsas yanaşma effektiv tələbin stimullaşdırılması idi".
QHT.az xəbər verir ki, bu sözləri iqtisadçı-ekspert Aslan Əzimzadə bildirib. Onun sözlərinə görə, müasir dövrdə böhranlara geosiyasi faktorlar da təsir göstərir. Xüsusilə nəqliyyat və logistika sahəsində ənənəvi zəncirlərin qırılması problemlər yarada bilər. Bu proseslər genişmiqyaslı olmasa da, müəyyən sahələrdə ciddi təsirlər doğurur. 2008-ci ildə maliyyə “balonları” nəticəsində yaranan böhranla müəyyən oxşarlıqlar mövcuddur. Qloballaşma şəraitində isə böhranların digər ölkələrə sirayət etməsi hər zaman mümkündür:
"Avstriya məktəbinin yanaşmasına əsasən, böhranlar əsasən texnoloji strukturun dəyişməsi zamanı baş verir. Hazırda altıncı texnoloji quruluş formalaşma mərhələsindədir və bu quruluşun aparıcı texnologiyaları biotexnologiyalardır. Beşinci texnoloji quruluşdan altıncıya keçid dövründə istər-istəməz böhran yaranır, çünki inkişaf etmiş ölkələrdə kapitalın effektivliyi aşağı düşür. Yəni qoyulan investisiyalar əvvəlki kimi artan miqyas effekti yaratmır, əksinə, azalan miqyas effekti ilə nəticələnir. Məsələn, əvvəllər bir milyardlıq investisiya 1 milyon məhsul istehsalına səbəb olurdusa, hazırda bu rəqəm 300–400 min məhsul səviyyəsinə enir. Bu isə kapitalın effektivliyinin azalması deməkdir. Kapitalın effektivliyi aşağı düşdükdə bazarların genişlənməsi və yeni texnologiyaların tətbiqi zərurətə çevrilir".
İqtisadçı-ekspert həmçinin bildirib ki, Lonka məktəbinin yanaşmasına görə, texnologiyalararası keçid dövrlərində hər zaman struktur böhranlar və disproporsionallıq yaranır. Bu disproporsionallığı ölçmək üçün müxtəlif indikatorlar mövcuddur. Məsələn, bank sektorunun real iqtisadiyyatla müqayisədə artım tempi, təhsilin əlavə dəyərə təsiri və investisiyaların ÜDM-ə nisbəti kimi göstəricilər bu balansı xarakterizə edə bilər:
"Bununla yanaşı, böhran həm də bir fürsət yaradır. Böhran inkişaf etmiş ölkələr üçün problem olsa da, inkişaf etməkdə olan ölkələr üçün qabaqlayıcı artım imkanı formalaşdırır. Yeni texnologiyaların tətbiqi hesabına bu ölkələr sürətli inkişaf edə bilərlər. Cənub-Şərqi Asiya ölkələrinin təcrübəsi bunu açıq şəkildə göstərir. Bu baxımdan, mənim fikrimcə, bugünkü böhranın əsas səbəblərindən biri məhz texnoloji dəyişikliklər və kapitalın effektivliyinin azalması ilə bağlıdır".