AZ

Vaşinqtonun Qafqaz jesti və TRIPP layihəsi

Fevral ayında ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens Azərbaycan və Ermənistana səfər edəcək. Bu səfər Cənubi Qafqazda formalaşan yeni geosiyasi reallıqların təzahürüdür. Regionda sülhün möhkəmləndirilməsinə, Azərbaycan–Ermənistan münasibətlərinin normallaşmasına və “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) layihəsinin icrasına xidmət edir. Əvvəllər periferik hesab edilən Cənubi Qafqaz artıq ABŞ üçün strateji əhəmiyyət daşıyan bölgəyə çevrilib.

Səfərin marşrutuna nəzər yetirsək, bir məqam diqqətdən qaçmır. Gürcüstan Vensin marşrutunda yoxdur. Bu fakt ölkənin Qərbyönlü müxalifəti və onların xaricdəki siyasi və media dəstəkçiləri tərəfindən dərhal manipulyasiya predmetinə çevrilib. Onlar yenidən hakim “Gürcü arzusu” partiyasının ünvanına tənqid kampaniyasına start verib. İddia edirlər ki, guya, Gürcüstan rəhbərliyinin yarıtmaz siyasəti nəticəsində Donald Tramp administrasiyası Tbilisiyə marağını itirib.

Lakin bu iddialar reallıqla üst-üstə düşmür və daha çox daxili siyasi məqsədlərə xidmət edir. Nəzərə almaq lazımdır ki, Vensin regiona səfəri taktiki deyil, strateji xarakter daşıyır və ilk növbədə “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) layihəsinin reallaşması ilə bağlıdır. Bu layihə Orta Dəhliz, Zəngəzur dəhlizi üzərindən regional kommunikasiyaların açılması, iqtisadi inteqrasiya və təhlükəsizliyin möhkəmləndirilməsi məqsədi daşıyır.

Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin də vurğuladığı kimi, vitse-prezidentin məhz Ermənistan və Azərbaycana səfəri TRIPP marşrutunun konkret texniki və siyasi elementlərinin, xüsusilə Zəngəzur dəhlizinin müzakirəsi ilə bağlıdır. Bu baxımdan, Gürcüstanın səfər gündəliyində yer almaması nə Vaşinqtonun Tbilisiyə münasibətinin soyuması, nə də Gürcüstanın regional proseslərdən kənarlaşdırılması anlamına gəlir. Əksinə, bu, ABŞ-ın hazırda prosesə mərhələli və rasional yanaşdığını göstərir.

Üstəlik, Donald Tramp administrasiyası hələ ötən il heç bir ictimai şou və təbliğat kampaniyası aparmadan Gürcüstanı TRIPP planına cəlb edib. Dünən isə Tbilisidə ABŞ Konqresinin Xarici İşlər Komitəsinin nümayəndələri Gürcüstan hökumətinin aparat rəhbəri Levan Jorjoliani ilə görüşüblər. Görüşdə strateji tərəfdaşlığın yenilənməsinin vacibliyi vurğulanıb. Bu, onu göstərir ki, Vaşinqton Gürcüstanla münasibətləri simvolik jestlərlə deyil, konkret əməkdaşlıq mexanizmləri üzərindən qurur. Tbilisinin “ikinci cəbhə”yə cəlb edilməməsi, sabitliyin qorunması və regionun nəqliyyat-logistika potensialından istifadə Vaşinqton üçün daha prioritetdir.

Deməli, Vensin səfəri regionda müharibə və qarşıdurmaya yox, məhz kommunikasiyaların açılması və iqtisadi qarşılıqlı asılılığın artırılması üzərində qurulub. Bu isə Azərbaycanın illərdir irəli sürdüyü konseptual yanaşmaya tam uyğundur. Məhz buna görə Gürcüstanda səfərlə bağlı narazılıqlarını bildirən qüvvələr, eyni zamanda, Zəngəzur dəhlizinə və Orta Dəhlizin güclənməsinə qarşı mövqe tutan dairələrlə bağlıdırlar.

ABŞ vitse-prezidentinin TRIPP layihəsinin dayaqları olan ölkələrlə birbaşa siyasi dialoq qurmaq istəyi başadüşüləndir. Burada Azərbaycan mərkəzi rol oynayır. Layihə Azərbaycanın milli maraqları ilə tam uyğunluq təşkil edir və ölkəmizin Orta Dəhlizdə aparıcı tranzit-logistika mərkəzinə çevrilməsi strategiyasını gücləndirir.

Hazırda Xəzər hövzəsi ilə Avropa arasında təhlükəsiz və dayanıqlı nəqliyyat-kommunikasiya xətlərinin formalaşdırılması Azərbaycanın uzunmüddətli iqtisadi və geosiyasi hədəflərinin ayrılmaz hissəsidir. Zəngəzur dəhlizi isə bu strategiyanın ən önəmli sütunlarından biridir. O, regional və qlobal miqyasda əhəmiyyət daşıyır. Bu bir daha onu göstərir ki, marşrutun əsas qovşaqları olan ölkələrdə siyasi iradə və konkret qərarlar olmadan icrası mümkün deyil. Bu baxımdan səfər tam məntiqli və rasional addımdır.

Səfərin digər mühüm məqamı ABŞ–Azərbaycan strateji tərəfdaşlıq xartiyasının imzalanacağı mərasimlə üst-üstə düşməsidir. Bu sənədin imzalanması iki ölkə arasında əlaqələrin yeni səviyyəyə qaldıracaq və Azərbaycanın beynəlxalq arenadakı mövqeyini gücləndirəcək. Xartiya yalnız diplomatik akt deyil, həm də təhlükəsizlik, iqtisadi əməkdaşlıq və nəqliyyat-logistika sahələrində tərəflərin mövqelərinin üst-üstə düşdüyünü rəsmiləşdirəcək. Qərb investisiyalarının Azərbaycana cəlb olunmasını xeyli asanlaşdıracaq.

Onu da qeyd edim ki, ABŞ Cənubi Qafqaza Avrasiyanın mühüm nəqliyyat və kommunikasiya qovşağı kimi baxır. Çünki region enerji resurslarının tranziti, ticarət yolları və strateji mövqeyi ilə Vaşinqton üçün artan geosiyasi əhəmiyyət kəsb edir. Bu baxımdan vitse-prezidentin səfəri yalnız Azərbaycan üçün deyil, Ermənistan üçün də strateji əhəmiyyət daşıyır. Məsələn, 2026-cı il iyunun 7-də keçiriləcək parlament seçkiləri Bakı–İrəvan arasında yekun sülh müqaviləsinə gedən yolun əsas sınağı olacaq. Seçkilərin uğurla başa çatması Ermənistan daxilində siyasi sabitliyi təmin edəcək, bununla da konstitusiya dəyişikliklərinin və iki ölkə arasında sülh müqaviləsinin imzalanmasının texniki və siyasi şəraiti formalaşacaq. Əgər seçkilər və sonrakı proseslər gözlənildiyi kimi keçərsə, bu, regional inteqrasiyanı sürətləndirəcək, nəqliyyat-logistika və enerji layihələrinin həyata keçirilməsini asanlaşdıracaq.

Digər tərəfdən, proseslərdə risklər də mövcuddur. Ermənistan daxilində siyasi parçalanma, etnik və sosial gərginliklər, eləcə də regional aktorların maraqları sülh prosesinə təsir göstərə bilər. ABŞ-ın TRİPP-də iştirakı bu risklərin azaldılmasına, tərəflərin üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsinə dəstək olacaq, eyni zamanda, investorlar üçün stabillik zəmanəti funksiyasını yerinə yetirəcək.

Beləliklə, ABŞ-ın Cənubi Qafqaz siyasəti regiondakı seçkilər və diplomatik təşəbbüslərlə birləşərək həm Azərbaycanın, həm Ermənistanın, həm də bütövlükdə regionun uzunmüddətli sülh və iqtisadi inkişaf perspektivlərini müəyyən edir. Vaşinqon bölgəmizdə əməkdaşlıq, qarşılıqlı etimad, sülhün qorunub saxlanması mexanizmlərini işə salmaq siyasətini həyata keçirir. Həmçinin, ABŞ Azərbaycan vasitəsilə Mərkəzi Asiyaya da çıxış əldə etmiş olur və bu, onun strateji hədəfidir.

Mövzu ilə bağlı Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin sədri İlqar Hüseynli XQ-yə bildirdi ki, TRIPP layihəsi ideoloji deyil, praqmatik və iqtisadi məzmunlu təşəbbüsdür: “Layihə qarşıdurmanı deyil, kommunikasiyaların açılmasını, iqtisadi qarşılıqlı asılılığın artırılmasını və regional sabitliyin möhkəmləndirilməsini hədəfləyir. Bu yanaşma Azərbaycanın illərdir irəli sürdüyü strateji baxışla tam uyğundur”.

Politoloq qeyd etdi ki, maneələrə baxmayaraq, sülhə doğru addımlar atılır: “Azərbaycandan Ermənistana neft məhsulları ixrac olunur, idxal edilən taxıl isə Ermənistana Azərbaycan üzərindən göndərilir. Bu nümunələr Cənubi Qafqazda iqtisadi inteqrasiyanın real mənzərəsini nümayiş etdirir. Əməli işlər iqtisadi dayanıqlığın artırılmasına, regional əməkdaşlığın dərinləşdirilməsinə və tərəfdaş ölkələr arasında qarşılıqlı inamın möhkəmlənməsinə xidmət edir. TRIPP-in icrası yalnız əməliyyat baxımından deyil, həm də geosiyasi və strateji baxımdan Azərbaycanın və regionun maraqlarının qorunması, dayanıqlı inkişafın təşviqi və regional əməkdaşlığın gücləndirilməsi üçün vacib mərhələdir. Bu gün Cənubi Qafqaz regionu nadir, demək olar ki, dönüş nöqtəsini yaşayır”.

Beləliklə, Ceyms Devid Vensin səfəri və TRIPP-in gündəmdə olması bir daha göstərir ki, Cənubi Qafqazda əsas strateji xətt sabitlik, tranzit və iqtisadi əməkdaşlıq üzərində qurulur. Bu xəttin mərkəzində isə Azərbaycan dayanır.

Pünhan ƏFƏNDİYEV
XQ

Seçilən
42
50
xalqqazeti.az

10Mənbələr