AZ

Pensiyalar nə qədər artacaq?

2026-cı ildə orta aylıq pensiyanın 580 manata çatacağı gözlənilir

Məlum olduğu kimi, 2026-cı ilin yanvar ayı üzrə pensiyaların maliyyələşdirilməsi ölkə üzrə yekunlaşıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun məlumatına görə, yanvarın 13-də Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu və Naxçıvan Muxtar Respublikası üzrə yanvar ayının pensiyaları, yanvarın 22-də digər bölgələrdə yaşayan pensiyaçıların və güzəştli şərtlərlə pensiya təyin edilmiş şəxslərin yanvar ayı üzrə pensiyaları, yanvarın 27-də isə yanvar ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları ödənilib. Bütün növ pensiya və təqaüdlərin ödənişləri tam başa çatdırılıb. Ancaq yanvar ayında pensiyalar əvvəlki həcmdə, yəni artımlar olmadan ödənilib. Pensiyaçıları maraqlandıran sual isə artımla bağlıdır. Onlar artımların nə vaxt və hansı həcmdə olacağı barədə qərarı gözləyirlər.

Artımlar nə vaxt ödəniləcək?

“Əmək pensiyaları” haqqında qanuna əsasən, əmək pensiyalarının indeksləşdirilərək artırılması hər il yanvar ayına şamil olunsa da, proses növbəti ayda, yəni fevralda təmin edilir. Bunun səbəbi indeksasiya ilə bağlı yekun hüquqi məsələnin hələ tam yekunlaşmamasıdır. Belə ki, mövcud qanunvericiliyə əsasən, pensiyalar hər il yanvar ayında əvvəlki ildəki orta aylıq əmək haqqında qeydə alınan artım faizinə uyğun olaraq indeksasiya olunaraq artırılır. Hələlik bu rəqəm məlum deyil, 2025-cü ilin 11 ayının yekunları açıqlanıb və həmin müddətdə  ölkə üzrə orta aylıq əmək haqqı 9,3 faiz artıb. İllik yekun rəqəm isə yaxın bir neçə gündə elan ediləcək. Həmin göstəricinin təxminən 9-10 faiz arasında olacağı gözlənilir. Bu isə o deməkdir ki, pensiyaların indeksasiyası həmin rəqəm üzrə artırılacaq. Məsələn, 2025-ci ilin dekabr ayında pensiyası 450 manat olan şəxsin indeksasiya nəticəsində pensiya məbləği təxminən 45 manat artmış olacaq.

Bütün bunalara rəğmən, rəsmi statistikanı gözləmək lazımdır və  fevral ayının ilk günlərində statistika məlum olduqdan sonra indeksasiya əmsalları hesablanacaq. Pensiya artımları da fevraldan hesablanaraq ödəniləcək. Bütün əmək pensiyaçıları indeksasiya yekunlaşdıqdan sonra həm fevral, həm də yanvar ayı üzrə artımları alacaqlar.

Bütün növ əmək pensiyaları indeksasiya olunacaq

İndeksasiya bütün növ əmək pensiyalarına şamil olunacaq. Belə ki, “Əmək pensiyaları haqqında” qanunun 4-cü maddəsinə əsasən, əmək pensiyalarının 3 növü təsbit olunub. Bunlar yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası və ailə başçısını itirməyə görə əmək pensiyasıdır. Deməli, vətəndaşımız növündən asılı olmayaraq əmək pensiyası alırsa, onun pensiya məbləğinə artım hesablanacaq. Eləcə də, son bir ildə əmək və pensiya qanunvericiliyinə edilmiş dəyişikliklər sayəsində əmək pensiyası hüququ əldə edənlərin də təqaüdləri artırılacaq. “Əmək pensiyaları haqqında” qanuna (Maddə 9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər) edilmiş dəyişikliklərdən sonra incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan şəxslərin pensiya yaşı həddinin 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ alması, eləcə də hərbi qulluqçuların hərbi xidmət dövrü üzrə müddətə görə, güzəştli pensiya hüququ qazanması sayəsində son bir ildə xüsusi şərtlərlə pensiya alanların da sayında əhəmiyyətli artımlara səbəb olub. Həmçinin 2023-cü ilin yanvar ayında ötən ilin eyni dövrü ilə müqayisədə yaşa və əlilliyə görə müavinət alanların, ailə başçısını itirməyə və digər müavinət növləri ilə əhatə edilənlərin də sayında artım qeydə alınıb.

Əmək pensiyaları üçün 8 milyard manata yaxın vəsait nəzərdə tutulub

Hökumətin ssenarilərinə əsasən, ümumilikdə, 2026-cı ildə Azərbaycanda pensiyalar orta hesabla 579,2 manat səviyyəsində proqnozlaşdırılır. Bu, 2025-ci ilin gözlənilən 537 manat orta pensiyasından təxminən 7,9 faiz çoxdur. “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinə əsasən, büdcədə əmək pensiyalarının ödənişinə ayrılan vəsait 7 milyard 992,88 milyon manat səviyyəsində nəzərdə tutulub ki, bu da 2025-ci ilin təsdiqlənmiş proqnozundan 10,85 faiz və ya 782,35 milyon manat çoxdur.

Onu da xatırladaq ki, Dövlət Sosial Müdafiə Fondunun (DSMF) yığımlarında da artım nəzərə çarpmaqdadır. Ötən il fondun gəlirləri proqnozla müqayisədə 6 faiz və ya 471 milyon manat çox olmaqla 8 milyard 89 milyon manat təşkil edib. 2025-ci ildə DSMF-nin xərcləri 7,5 milyard manat təşkil edib ki, bu da əvvəlki ilə nisbətən 9 faiz və ya 629 milyon manat çoxdur.

2026-cı ildə isə Dövlət Sosial Müdafiə Fondunun büdcəsi gəlir və xərclər üzrə balanslaşdırılmış şəkildə 8 milyard 483 milyon 70 min manat məbləğində təsdiqlənib. Bu isə ötənilki artan gəlirlərlə müqayisədə təxminən 400 milyon manat vəsait deməkdir. Bu dinamika isə pensiya və təqaüdlərin artımı üçün dayanıqlı mənbə deməkdir.

Pensiya kapitalı inflyasiyaya uyğun artacaq

“Əmək pensiyaları” haqqında qanuna əsasən, yalnız əmək pensiyaları deyil, həmçinin vətəndaşların pensiya kapitalı da indeksləşdirilərək hər il artırılır. Həmin qanunun 29.1-1 maddəsində qeyd olunur ki, sığortaolunanların fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq indeksləşdirilir.

Yəni pensiya kapitalları 2025-ci ildəki illik inflyasiya səviyyəsinə uyğun olaraq artırılır. Dövlət Statistika Komitəsinin son məlumatına görə, 2025-ci ildə illik inflyasiya səviyyəsi 5,6 faiz olub. Bu o deməkdir, vətəndaşların 1 yanvar 2026-cı il tarixinə olan  pensiya kapitalları 5.6 faiz artırılacaq. Əgər vətəndaşın 40 min manat pensiya kapitalı varsa, onun yığımına 2 min 240 manat əlavə olunacaq. Nəticədə, həmin vətəndaşımızın pensiya kapitalı 42 min 240 manat olacaq.

Qeyd edək ki, pensiya kapitalının indeksləşdirilməsi yığılan pulların inflyasiyadan qorumaq məqsədi daşıyır. Məqsəd həmin vəsaitlərə qiymət artımlarının təsirlərini minimumlaşdırmaqdadır.

Bir məqamı da xüsusi olaraq nəzərə almaq lazımdır ki, Azərbaycanda artıq inflyasiya birrəqəmli həddədir, bu isə orta aylıq pensiya məbləğinin və digər sosial artımların artım tempinin inflyasiya rəqəmini üstələməsinə səbəb olacaq. Yəni artımlar nominal dəyər baxımından alıcılıq qabiliyyətinin yaxşılaşmasına imkan verəcək.

E.CƏFƏRLİ

Seçilən
74
50
yeniazerbaycan.com

10Mənbələr