Tanınmış iş adamı onunla münaqişədə olan ana və oğlunu həbs etdirmək məqsədilə avtomobillərinə narkotik vasitə qoydurmaq istədiyi üçün həbs olunub.
Publika.az Report-a istinadən xəbər verir ki, Baş Prokurorluğun İstintaq İdarəsində aparılan cinayət işi istintaqı zamanı məlum olub ki, Şəkidə fəaliyyət göstərən "Azəri koperrasiyyası" MMC-nin direktoru, rayonda tanınan və maddi imkanı ilə xüsusi seçilən Tehran Lətifov onunla münaqişədə olan Sevil Səlimova və oğlu Vasif Səlimovu saxta sübutlar təqdim etmək niyyəti ilə həbs etdirmək istəyib.
Bu səbəbdən o, tanışları – İlham Vahablı, Nicat Quliyev və Qaçay Məmmədovu Bakı şəhərinə göndərərək Şüvəlan qəsəbə sakini Əmir Mustafayevdən külli miqdarda narkotik vasitə olan marixuana aldırıb.
Həmin şəxslər narkotik vasitəni Şəki şəhərinə gətirərək Vasif Səlimovun avtomobilinə qoymalı imişlər.
Bundan xəbərdar olan qarşı tərəfin vaxtında hüquq-mühafizə orqanlarına müraciət etməsi və Baş Prokurorluqda aparılan araşdırmalar nəticəsində təqsirləndirilən şəxslərin əməlləri sübuta yetirilib.