AZ

10 aya “mayor”dan “general”a qalxan 34 yaşlı Fuad Məmmədov kimdir? – Dosye


Xəbər verdiyimiz kimi, ötən gün – yanvarın 29-da Prezident İlham Əliyevin imzaladığı Sərəncamla Dövlət Gömrük Komitəsinin bir sıra əməkdaşlarına general-mayor ali xüsusi rütbəsi verilib.
Yeniavaz.com
xəbər verir ki, general-mayor rütbəsi alanlardan biri də Dövlət Gömrük Komitəsi sədrinin 34 yaşlı müavini Fuad Elxan oğlu Məmmədovdur.
O, hazırda ölkənin ən gənc generalıdır.
Yerli KİV-də dərc olunan məlumatlara görə, Fuad Məmmədov bp-nin hasilat üzrə vitse-prezidenti Elxan Məmmədovun oğludur.
“Unikal”ın məlumatına görə, F.Məmmədov 2025-ci ilin mart ayında Dövlət Gömrük Komitəsi sədrinin müavini vəzifəsinə təyin olunarkən gömrük xidməti mayoru rütbəsi daşıyırdı. Sayt yazır ki, o, cəmi 10 ay sonra “general-mayor” rütbəsi alıb.

Bəs kimdir Fuad Məmmədov?
Fuad Elxan oğlu Məmmədov 1992-ci ildə Bakı şəhərində anadan olub. 2008-2012-ci illərdə  Bakı Dövlət Universitetinin Gömrük işinin təşkili ixtisası üzrə bakalavr təhsili alıb. 2012-2013-cü illərdə hərbi xidmətdə olub. Silahlı Qüvvələrin 95-ci ilinə həsr olunmuş paradda iştirakına görə yubiley medalı ilə təltif edilib.
2013-2015-ci illərdə Bakı Dövlət Universitetində Gömrük işi ixtisası üzrə magistr təhsili alıb. 2017-2020-ci illərdə Dünya iqtisadiyyatı ixtisası üzrə doktorantura təhsilini alıb.
2015-ci ildə gömrük orqanlarına xidmətə qəbul müsabiqəsində yüksək nəticə əldə edərək Xaçmaz Gömrük İdarəsinin inspektoru təyin edilib. 2016-2018-ci illərdə Dövlət Gömrük Komitəsinin Akademiyasında müəllim kimi fəaliyyət göstərib.
2017-2022-ci illərdə  Azərbaycan Dövlət İqtisad Universitetinin "Sabah" qrupları və "Beynəlxalq İqtisad Məktəbi"ndə tədris edib.
2018-2021-ci illərdə Komitə aparatının Gömrük tarifləri və tarif təsnifatının tətbiqi şöbəsinin böyük inspektoru vəzifəsində işləyib. 2022-2023-cü illərdə həmin şöbənin rəisi olub.
2023-2024-cü illərdə Gömrük Siyasəti Baş İdarəsinin Ticarət Siyasəti İdarəsinin rəisi vəzifəsində işləyib. 2024-cü ildə Komitənin Ümumdünya Gömrük Təşkilatındakı  (Belçika Krallığında) nümayəndəsi (gömrük attaşesi) təyin edilib. 2021-ci ildən etibarən Azərbaycan Respublikasının Ümumdünya Ticarət Təşkilatına üzvolma danışıqlarında Komitəni təmsil edir.
Azərbaycan Respublikası Prezidentinin 12 mart 2025-ci il Sərəncamı ilə Dövlət Gömrük Komitəsi sədrinin müavini təyin edilib.
Rus və ingilis dillərini sərbəst bilir.
Seçilən
3
8
yeniavaz.com

5Mənbələr