AZ

Azərbaycan Gəncliyi Dövlətçilik Konsepsiyasının sosial subyekti kimi

Modern.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

2 Fevral – Azərbaycan Gəncləri Günü milli təqvimdə qeyd olunan sıravi tarix deyil. Bu gün Azərbaycan dövlətçilik fəlsəfəsinin canlı sosial subyekti olan gəncliyin ideoloji, tarixi və mədəni mənasının simvolik ifadəsidir. Burada gənclik anlayışı yalnız yaş kateqoriyası kimi deyil, dövlətin davamlılığını təmin edən strateji resurs, ictimai inkişafın intellektual və mənəvi daşıyıcısı kimi nəzərdən keçirilir.

Elmi yanaşmada gənclik cəmiyyətin ontoloji enerjisini özündə birləşdirən dinamik sistemdir. O, bilik və bacarıqların istehsal edildiyi, sosial təcrübənin yenidən mənalandırıldığı, tarixi yaddaşın gələcəyə transformasiya olunduğu xüsusi bir mərhələdir. Bu baxımdan bilik passiv ötürülən informasiya deyil, gənclərin fəaliyyəti ilə praktik bacarığa, qərarvermə mexanizminə və sosial məsuliyyətə çevrilən intellektual gücdür.

Azərbaycan Respublikasında həyata keçirilən gənclər siyasəti bu çoxölçülü elmi-fəlsəfi yanaşmaya əsaslanır. Dövlət gəncləri siyasi və mədəni subyekt kimi formalaşdırmağı qarşıya məqsəd qoyur. 2 Fevral tarixi dövlətlə gənclik arasında qurulmuş qarşılıqlı etimadın, ideoloji dialoqun və uzunmüddətli inkişaf strategiyasının simvolik ifadəsidir. Bu tarix gəncliyin milli identikliyi qorumaqla yanaşı, dövlətçilik fəlsəfəsinin praktik daşıyıcısı olduğunu nümayiş etdirir.

Tarixi təcrübə göstərir ki, gənclik millətlərin taleyini dəyişən əsas sosial qüvvələrdən biridir. Azərbaycan gəncliyi bu tarixi funksiyanı 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsində elmi-praktik müstəvidə təsdiqlədi. Müharibə gənclərin yalnız fiziki və hərbi potensialını deyil, eyni zamanda ideoloji yetkinliyini, tarixi şüurunu və milli-mənəvi məsuliyyətini üzə çıxardı. Burada fərdi həyat milli taleyin tərkib hissəsinə çevrildi, şəhidlik və qazilik anlayışları isə sosial statusdan daha çox mənəvi kateqoriya kimi dərk olundu.

Fəlsəfi baxımdan gənclik keçmişlə gələcək arasında dialektik körpü rolunu oynayır. Keçmişin ideyaları və dəyərləri gənclərin şüurunda yeni məna qazanır, gələcək isə onların praktik fəaliyyətində reallaşır. Bu proses klassik dialektikanın – tezis, antitezis və sintez mexanizminin sosial müstəvidə təzahürüdür. Azərbaycan gəncliyi milli-mənəvi dəyərlərlə müasir dünyagörüşünü sintez edərək dövlətçilik fəlsəfəsinin canlı subyektinə çevrilmişdir.

Bu konseptual yanaşmanın ideoloji və institusional əsasları Ümummilli Lider Heydər Əliyev tərəfindən formalaşdırılmışdır. Onun siyasi-fəlsəfi baxışında gənclik dövlətin strateji dayağı, milli təhlükəsizliyin sosial təminat mexanizmi və uzunmüddətli inkişafın aparıcı subyekti kimi dəyərləndirilirdi. 1996-cı ildə keçirilmiş Azərbaycan Gənclərinin I Forumu və 2 Fevral tarixinin rəsmi olaraq Azərbaycan Gəncləri Günü elan edilməsi bu baxışın institusional təcəssümü idi. Heydər Əliyevin konsepsiyasında gənclik azadlıq və məsuliyyətin dialektik vəhdətində formalaşan məqsədyönlü dövlətçilik subyekti kimi çıxış edirdi.

Bu dövlətçilik fəlsəfəsinin müasir mərhələdə davamı Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni məzmun və dinamika qazanmışdır. Onun siyasi iradəsində gənclik yalnız gələcəyin ümidi deyil, bu günün məsuliyyətli iştirakçısı kimi qəbul edilir. Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar, sosial-iqtisadi modernləşmə kursu və milli maraqlara əsaslanan strateji qərarlar gənclərin öz potensialını reallaşdırması üçün geniş imkanlar yaradır. Dövlət idarəçiliyində, innovasiya, elm, texnologiya və ictimai həyatın müxtəlif sahələrində gənclərin irəli çəkilməsi bu siyasətin real nəticəsidir.

Xüsusilə, 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfər təkcə hərbi-strateji üstünlüyün deyil, illər boyu formalaşdırılmış güclü gənclik siyasətinin məntiqi nəticəsi idi. Ali Baş Komandan İlham Əliyevin siyasi qətiyyəti və milli iradəni təcəssüm etdirən liderliyi fonunda Azərbaycan gəncliyi özünü yalnız əsgər kimi deyil, dövlətin taleyinə cavabdeh olan şüurlu vətəndaş kimi təsdiqlədi. Müharibə dövründə gənclərin göstərdiyi intizam, fədakarlıq və mənəvi möhkəmlik Prezidentin formalaşdırdığı dövlətçilik düşüncəsinin canlı təzahürünə çevrildi.

Zəfərdən sonrakı mərhələdə isə gənclər yeni bir missiya ilə üz-üzə qaldılar. Azad edilmiş torpaqların bərpası, Qarabağın yenidən dirçəldilməsi Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı quruculuq strategiyasının əsas istiqamətlərindən biridir. Bu prosesdə gənclər mühəndis, memar, həkim, müəllim, dövlət qulluqçusu kimi ölkənin gələcəyini qurmaq missiyasını üzərinə götürür. Beləliklə, gənclik Zəfəri qoruyan və onu davamlı inkişafa çevirən əsas qüvvəyə çevrilir.

Bu siyasi xəttin humanitar və mənəvi tamamlayıcısı kimi Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın fəaliyyəti xüsusi əhəmiyyət kəsb edir. Onun baxışında gənclik təkcə bilik və bacarıqlarla silahlanmış sosial təbəqə deyil, eyni zamanda yüksək mənəvi keyfiyyətlərə malik, mədəniyyətə, humanizmə və milli dəyərlərə bağlı nəsildir. Mehriban xanım Əliyevanın təşəbbüsləri gənclərin mənəvi dünyasının zənginləşməsinə, humanitar düşüncənin formalaşmasına xidmət edir.

Heydər Əliyev Fondunun xətti ilə həyata keçirilən təhsil, mədəniyyət, səhiyyə və sosial layihələr gənclərin həm intellektual, həm də mənəvi inkişafına yönəlmiş kompleks yanaşmanı əks etdirir. Beynəlxalq təhsil proqramları, mədəni irsin qorunması, gənclərin sosial təşəbbüslərə cəlb edilməsi onların dünyagörüşünü genişləndirir, milli kimliklə qlobal düşüncə arasında sağlam tarazlıq yaradır.

Mehriban xanım Əliyevanın fəaliyyətində xüsusi bir xətt – mərhəmət, humanizm və estetik düşüncə xətti aydın hiss olunur. Bu xətt gənclərə yalnız uğur qazanmağı deyil, milli dəyərləri qoruyaraq müasir dünyada ləyaqətlə təmsil olunmağı öyrədir. Onun təşəbbüsləri gəncliyi cəmiyyətin mənəvi dayağına, dövlətçilik fəlsəfəsinin əxlaqi təməlini daşıyan əsas subyektə çevirir.

Beləliklə, ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş gənclər siyasəti Prezident İlham Əliyevin siyasi qətiyyəti və Mehriban xanım Əliyevanın humanitar baxışı ilə tamamlanaraq vahid, harmonik bir dövlətçilik modelinə çevrilmişdir. Bu modeldə Azərbaycan gəncliyi həm Zəfərin memarı, həm də gələcəyin qurucusudur.

2 Fevral – Azərbaycan Gəncləri Günü bu mənada təkcə bayram deyil, milli yaddaşın, siyasi iradənin və tarixi məsuliyyətin ifadəsidir. Bu gün sübut edir ki, Azərbaycan gəncliyi düşünən, yaradan, qoruyan və gələcəyi inamla inşa edən bir nəsildir. Dövlətçilik fəlsəfəsi məhz bu nəsildə yaşayır və zamanın axarında öz davamlılığını təmin edir.

Rövşən Əliyev

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin vitse-prezidenti

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
14
modern.az

1Mənbələr