“Ölkəmizdə əhalinin sayının 7 milyon olduğu dövrdə də 125 seçki dairəsi üzrə 125 deputat var idi. Əhalinin sayı 10 milyonu ötdükdən sonra da eyni göstəricinin qalması, şübhəsiz, tez-tez mətbuatda bu məsələni aktuallaşdırır ki, deputatların sayının artırılmasına ehtiyac var. Məntiq də bunu göstərir ki, bəli, artıq müqayisə etdiyimiz dövrdə əhalimizin sayı 3 milyondan çox artıb. Bu isə nəticə etibarilə deputat sayının artırılması ilə bağlı məsələni aktuallaşdırır, yəni müzakirələr təsadüfi deyil”.
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.
Deputat bildirib ki, vaxtilə Azərbaycanda həm majoritar, həm də proporsional seçki sistemi tətbiq edilib: “Qarışıq seçki sistemi də olub, 2002-ci ildən isə majoritar, yəni birmandatlı seçki sisteminə keçid reallaşdırılıb. Xüsusilə, müxalif partiyalar daha çox maraqlıdırlar ki, qarışıq sistem tətbiq edilsin, proporsional seçki sistemindən də istifadə olunsun. Hər kəsə bəllidir ki, bu məsələlər yalnız xalqın iradəsi ilə baş verir. Referendumun reallaşması mümkündür, amma refendum keçiriləcəyi ilə bağlı bizdə heç bir məlumat yoxdur. Nəzərə alsaq ki, cənab Prezident İlham Əliyev ölkəmizdə hər zaman siyasi islahatlar kursuna sadiqdir, islahatların müəllifidir. Azərbaycan yenilənir, ölkəmizin inkişafında dinamizm var. Bu məntiqlə yanaşdıqda istənilən halda referendum keçirilməsi perspektivi də istisna təşkil etmir. Sadəcə, zamanını bilmirik. Ölkəmizdə dinamik inkişaf, islahatlar kursuna sadiqlik bu qənaətə gəlməyə əsas verir. Bu gün həm qarışıq seçki sisteminin keçirilməsinin, habelə indiki sistemin saxlanılmasının da xeyli tərəfdarları var ki, indiki sistem özünü doğruldur, mojaritar sistem qorunub saxlanmalıdır. Bu məsələnin taleyini məhz referendum müəyyən edə, yalnız referendum vasitəsilə bütün bu sualların cavabı tapıla bilər. Bizim üçün əsas məsələ xalqın iradəsidir. Konstitusiyamızın 1-ci maddəsində də yazılıb ki, hakimiyyətin mənbəyi xalqdır, seçimi xalq edir”.
Aytəkin Qardaşova