AZ

Müəllim: Fiziki tərbiyə şagirdlərin ən çox sevdiyi fəndir

Müasir təhsil sistemində bədən tərbiyəsi dərsləri gənc nəslin həm sağlam böyüməsində, həm də sosial bacarıqlarının inkişafında müstəsna yer tutur. Bu məşğələlər təkcə hərəkət ehtiyacını ödəmir, həm də məktəblilərdə güclü xarakter və kollektivlə işləmək mədəniyyəti formalaşdırır. 

Maraqlıdır, günümüzün təhsil mühitində şagirdlər bu fənnə nə dərəcədə həvəslə yanaşırlar?

AzEdu.az-a mövzu ilə bağlı Fiziki tərbiyə müəllimi Bəyazid İsazadə danışıb.

B.İsazadə söyləyir ki, fiziki tərbiyə şagirdlərin ən çox sevdiyi fəndir. Bu sevginin sirri dərsin passiv icrasında deyil, hər bir şagirdin fərdi xüsusiyyətlərini nəzərə alaraq onları aktiv prosesin bir parçasına çevirməyimizdədir:

"Mən artıq 10 ildir ki, fiziki tərbiyə müəllimi işləyirəm. Şagirdlərin fiziki tərbiyə dərsinə maraq göstərməməsinə demək olar ki, rastlaşmamışam. Əksinə, tam əminliklə deyərdim ki, bu fənn şagirdlərin ən çox sevdiyi dərsdir. Təbii ki, hər bir prosesdə istisnalar olduğu kimi, bizim dərs prosesimizdə də sağlamlıq problemləri səbəbindən həmin dərs günü üçün və ya tibbi müəssisələrin verdiyi arayış əsasında hazırlıq və ya xüsusi tibbi qrupa aid edilən şagirdlərə rast gəlinir. Həmin şagirdlər həkimin qeyd etdiyi tarixlər aralığında fiziki hərəkətlərdən azad edilsələr də, dərsdən kənarda qalmırlar. Onlar müəllim köməkçisi, oyunlarda hakim və daha çox vəzifələrdə çıxış edərək dərs prosesində aktiv iştirak edirlər. Bu aktivlik isə onların qiymətləndirilməsində mühüm rol oynayır".

Fiziki tərbiyə dərsi şagirdə sadəcə idman hərəkətlərini öyrətmir. Bu dərs prosesində biz həm də gələcəyin şəxsiyyətini - liderlik, cəsarət və intizam dəyərlərinə sahib mübariz fərdi formalaşdırırıq:

"Fiziki tərbiyə sahəsində çalışmayan şəxslər hazırkı fiziki tərbiyə dərsi ilə ənənəvi təhsildəki fiziki tərbiyə arasındakı fərqi görməkdə çətinlik çəkə bilərlər. Çünki ənənəvi təhsil prosesində keçirilən fiziki tərbiyə dərsləri yalnız hərəkətlərə və normativlərin icrasına əsaslanırdı. 2008-ci ildən etibarən kurikulum təhsil proqramına keçid edildikdən sonra isə 45 dəqiqəlik dərs prosesində fənnin məzmun xətləri üzrə alt standartlardan əldə edilən təlim nəticələri reallaşdırılmağa başladı.

Həmin illərdə mən bu sahədə çalışmadığım üçün tam dolğun məlumat verməkdə çətinlik çəkə bilərəm, lakin həmkarlarımla söhbətlərimizdən aydın olur ki, ilk iki il ərzində yeni modelin öyrənilməsi və tətbiqi prosesində bir sıra çətinliklər yaranıb. Hal-hazırda bütün bu çətinliklər geridə qalıb və fiziki tərbiyə dərsi prosesində şagirdlər fənnin dörd məzmun xətti üzrə arzuolunan təlim nəticələrinə tam yiyələnirlər. Bu məzmun xətlərinə informasiya təminatı və nəzəri biliklər, hərəki bacarıq və vərdişlər, hərəki qabiliyyətlər, həmçinin şəxsiyyətin mənəvi-iradi xüsusiyyətlərinin formalaşdırılması daxildir.

Beləliklə, 45 dəqiqəlik dərs prosesində şagirdlər həm mövzu üzrə informasiyaya və hərəkətin icra texnikasına düzgün yiyələnir, həm hərəkətləri zəruri həcm və intensivlikdə yerinə yetirir, həm də sonuncu məzmun xəttinə əsasən liderlik, cəsarət, mübarizlik və qaydalara riayət etmə kimi dəyərlərə sahib olurlar. Bütün bu proseslər bütövlükdə şagirdin bir şəxsiyyət kimi formalaşmasında mühüm rol oynayır".

Müvafiq infrastruktura və maddi-texniki tədris bazasına malik olmayan məktəblərdə belə son illər ərzində yeni idman meydançaları və idman zalları tikilərək şagirdlərin istifadəsinə verilir:

"Fənnimin məqsədi şagirdlərin fiziki inkişafını təmin etmək olduğundan valideynlər də bu fənnə böyük önəm verir, dərs zamanı şagirdləri idman geyimləri ilə təmin edir və gigiyenik qaydalara riayət olunması üçün onlara hətta əlavə geyimlər belə verirlər. Demək olar ki, ölkəmizin əksər ümumtəhsil müəssisələrində fiziki tərbiyə dərsləri illik plan-qrafikə uyğun olaraq əyləncəli oyunlar və estafetlər şəklində keçirilir.

Müvafiq infrastruktura və maddi-texniki tədris bazasına malik olmayan məktəblərdə belə son illər ərzində yeni idman meydançaları və idman zalları tikilərək şagirdlərin istifadəsinə verilir; bu proses hazırda mərhələli şəkildə davam etdirilir. İdman zallarında istiliklə bağlı problemin olmadığını əminliklə deyə bilərəm, hətta qarlı və şaxtalı havalarda belə zaldakı temperatur dərsi keçməyə tam imkan verir. Həmçinin yerli idarəetmə orqanları tərəfindən keçirilən təlimlər və icra olunan layihələr bu fənnin nə dərəcədə əhəmiyyətli olduğunun bariz nümunəsidir. Futboldan badmintona, atletikadan basketbola qədər məktəblərimizdə həyata keçirilən hər bir layihə fiziki tərbiyə fənninin şəxsiyyət formalaşmasındakı əvəzsiz rolunun bariz nümunəsidir.

Elm və Təhsil Nazirliyi tərəfindən fiziki tərbiyə müəllimləri üçün həyata keçirilən TOPS layihəsinin davamı olaraq, 2026-cı ilin fevral ayından şagirdlər arasında TOPS idman oyunları start götürəcək. Bu layihədə yüzlərlə şagird iştirak edərək fiziki tərbiyə dərslərində onlara aşılanan hərəki keyfiyyətləri nümayiş etdirəcək və qalibiyyət uğrunda mübarizə aparacaqlar.

Həmçinin, AFFA ilə Elm və Təhsil Nazirliyi arasındakı müqaviləyə əsasən, 7-ci siniflərdə "Məktəblərdə futbol dərsi", ibtidai sinif qız şagirdləri üçün "Playmakers" və "Scale" layihələri məktəblərdə uğurla fəaliyyət göstərir. İllik tədbirlər planına uyğun olaraq, şagirdlər arasında "Ayın idman növü" üzrə məktəbdaxili yarışlar keçirilir; bu yarışlar məktəblərin rəsmi sosial şəbəkə hesablarında paylaşılır və yerli idarəetmə orqanlarına hesabat şəklində təqdim edilir.

Məktəblərarası yarışlar isə fənnimizə fərqli bir rəng qatır. Hazırda ölkəmizin bütün ümumtəhsil müəssisələrini əhatə edən 3x3 basketbol, atletika və badminton yarışları yekunlaşmış, qaliblər MÜTDA tərəfindən diplom, medal və qiymətli hədiyyələrlə təltif edilmişdir. "Məktəbli kuboku" yarışı isə hazırda davam edir və növbəti mərhələləri ikinci yarımildən etibarən reallaşdırılacaqdır.

Dərslərin keçirilməsi ilə bağlı MÜTDA tərəfindən aparılan monitorinqlər də mütəmadi olaraq davam edir. Monitorinqlər zamanı dərslərin yüksək keyfiyyətlə keçirilməsi və şagirdlərin bu fənnə olan marağı aydın müşahidə olunur. Təbii ki, korreksiyaya ehtiyacı olan məqamlarla bağlı üst qurum tərəfindən metodik göstərişlər verilir və bu tövsiyələrə tam riayət edilir".

Zeynəb Tehranlı

Seçilən
9
27
azedu.az

10Mənbələr