AZ

Pentaqon F-16 qırıcılarının texniki xidməti üçün 235,5 milyon dollar ayıracaq

Pentaqon Ukraynaya təhvil verilənlər də daxil olmaqla, F-16 qırıcı təyyarələrinin texniki xidməti üçün 235,5 milyon dollar dəyərində müqavilənin imzalandığını açıqlayıb.

Editor.az xəbər verir ki, bu məlumat ABŞ Müdafiə Nazirliyinin rəsmi internet saytında dərc olunub.

Yayımlanan xəbərdə bildirilib ki, qırıcı təyyarələrin texniki xidmət və təmirinə dair müqavilə Belçikanın Sabena Aerospace Engineering şirkətinə verilib. Rəsmi açıqlamada qeyd olunur ki, müqavilə F-16 təyyarələri və onların mühərriklərinin orta və əsaslı təmirini, eləcə də Ukrayna üçün logistika idarəetmə dəstəyini əhatə edir.

Nazirlik Belçika şirkətinin üzərinə götürdüyü işlərin 28 yanvar 2029-cu ilədək tamamlanacağını gözləyir.

Qeyd edək ki, daha əvvəl ABŞ Dövlət Departamenti İspaniyaya freqatların modernləşdirilməsi məqsədilə 1,7 milyard dollar dəyərində hərbi texnika və radar sistemlərinin satışını təsdiqləmişdi. Sənəddə bu satışın ABŞ-ın xarici siyasəti və milli təhlükəsizlik məqsədləri ilə uyğun olduğu vurğulanır. Vaşinqton hesab edir ki, potensial razılaşma İspaniyanın müdafiə qabiliyyətinin gücləndirilməsinə töhfə verəcək.

//Gülnarə Abasova, Editor.az

Seçilən
36
editor.az

1Mənbələr