ABŞ Prezidenti Donald Tramp Kubaya neft satan və ya tədarük edən ölkələrdən idxal olunan mallara gömrük rüsumu tətbiqinə imkan verən bir sərəncam imzalayıb. Sərəncam ABŞ üçün milli fövqəladə vəziyyət də elan edir.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, Ağ Evdən verilən açıqlamada, Trampın Kuba hökumətinin ABŞ-yə yönəlmiş təhdidlərini nəzərdən keçirdiyi bildirilib.
Açıqlamada qeyd olunub ki, sərəncama əsasən ABŞ tərəfindən, Kubaya birbaşa və ya dolayı yolla neft tədarük edən ölkələrdən həyata keçirilən idxala əlavə gömrük rüsumu tətbiq ediləcək.
Açıqlamada, xarici işlər və ticarət nazirlərinə tarif sistemini və müvafiq tədbirləri tətbiq etmək üçün qaydalar və normativ aktlar dərc etmək də daxil olmaqla, zəruri olan bütün tədbirləri görmək səlahiyyətinin verildiyi bildirilib və ABŞ-nin milli təhlükəsizliyinin və xarici siyasətinin “Kuba rejiminin bədniyyətli hərəkət və siyasətlərindən” qorunmasının hədəfləndiyi vurğulanıb.
Açıqlamada həmçinin qeyd edilib ki, Kuba və ya təsirə məruz qalan ölkələr təhlükəni aradan qaldırmaq və ya ABŞ-nin milli təhlükəsizlik və xarici siyasət hədəfləri ilə uyğunlaşmaq üçün mühüm addımlar atacağı təqdirdə Prezident sərəncamda dəyişiklik edə bilər. (Marja)