AZ

Valideyn əmlakını istədiyi övlada verə bilərmi? - AÇIQLAMA

Valideynin sağlığında əmlakını övladlarından yalnız birinə bağışlaması məsələsi cəmiyyətdə tez-tez mübahisə doğurur. Xüsusilə digər övladların bu halda pay hüququnun olub-olmaması ilə bağlı suallar yaranır.

Day.Az xəbər verir ki, məsələ ilə bağlı vəkil Araz Nurməmmədov Milli.Az-a açıqlamasında bildirib ki, Azərbaycan qanunvericiliyinə əsasən, şəxsin sağlığında öz mülkünü istədiyi şəxsə bağışlamaq hüququ var və bu hüquq mütləqdir.

Onun sözlərinə görə, bağışlama üçün digər şəxslərin razılığı tələb olunmur. Lakin əgər əmlak nikah dövründə əldə edilibsə və birgə mülkiyyətdirsə, bu halda valideyn həmin əmlakı yalnız digər həyat yoldaşının razılığı ilə övladlarından birinə bağışlaya bilər. Əgər razılıq varsa, həyat yoldaşları birlikdə əmlakı istənilən şəxsə, o cümlədən övladlardan birinə bağışlaya bilərlər.

Vəkil qeyd edib ki, bağışlama müqaviləsi notarial qaydada təsdiqlənibsə, digər övladların həmin əmlakdan pay hüququ yoxdur. Digər övladlar yalnız o halda məhkəməyə müraciət edə bilərlər ki, bağışlama zamanı valideynin fəaliyyət qabiliyyəti olmayıb, ruhi xəstə olub və ya təzyiq altında müqaviləni imzalayıb. Ancaq bu halların sübut olunmasının çətin olduğunu vurğulayıb:

"Bunu sübut etmək kifayət qədər çətindir, çünki daşınmaz əmlakla bağlı olan bağışlama müqaviləsi notarial qaydada təsdiqlənir. Notarial qaydada isə hər hansı təzyiqdən və yaxud fəaliyyət qabiliyyətli olmamaqdan söhbət gedə bilməz. Çünki birinci növbədə notarius həmin şəxsin fəaliyyət qabiliyyətli olub-olmadığını yoxlayır".

Vəkil qeyd edib ki, məcburi pay məsələsi yalnız miras açıldıqdan sonra, yəni şəxs vəfat etdikdən sonra yaranır. Şəxs sağlığında əmlakı bağışlayıbsa, artıq məcburi paydan söhbət gedə bilməz. Yəni digər övladların pay hüququ yoxdur:

"Ola bilər ki, valideyn sağlığında sadəcə şifahi olaraq "mən bunu övladıma bağışlayıram" deyir, amma heç bir bağışlama müqaviləsi olmur. Təbii ki, bu sözün heç bir hüquqi əsası yoxdur. Belə halda artıq vəsiyyətnamə qüvvəyə minir və şəxs öləndən sonra miras açılır. Orada artıq digər övladların da pay hüququ, yəni məcburi pay hüququ yaranır. Məcburi payın miqdarı isə onlara düşən payın yarısı qədərdir".

Seçilən
1
2
day.az

6Mənbələr