AZ

Sülhə və barışa xidmət etməyən addım

Aİ-nin Ermənistana maliyyə yardımı revanşistləri ruhlandırır

Avropa İttifaqına üzv dövlətlər Ermənistana Avropa Sülh Fondundan 20 milyon avro yardım ayrılmasını təsdiqləyib. Qərar Aİ Şurasının iclasında qəbul edilib. Xatırladaq ki, Ermənistan fonda yardım üçün müraciət etsə də, Budapeşt onu bloklamışdı. Daha sonra Macarıstan Avropa Sülh Fondu çərçivəsində Ermənistana vəsait ayrılmasına razılıq verib. 

Bu, Ermənistanın Avropa Sülh Fondundan ikinci dəfə dəstək alması deməkdir. Birinci dəfə Ermənistana 10 milyon avro vəsait ayrılıb. Bu dəfə isə məbləğ ikiqat artırılıb. Yardım Ermənistan silahlı qüvvələrinin maddi-texniki bazasının yaxşılaşdırılması, müasir tibbi avadanlıqlarla təminat və şəxsi heyətə texniki təlimlərin keçirilməsinə yönəldiləcək. 

Qeyd edək ki, Avropa Sülh Fondu 2021-ci ildə yaradılıb. Fondun bəyan edilmiş məqsədləri dünya miqyasında münaqişələrin qarşısını almaq, tərəfdaş ölkələrin təhlükəsizlik imkanlarını artırmaq və qeyri-hücum xarakterli hərbi avadanlıqların tədarükünü maliyyələşdirməkdir. 

Avropa İttifaqının Ermənistana yardımı Qərbin dəstəyinin yeni mərhələsi kimi qiymətləndirilir. Sülh danışıqlarının intensivləşdiyi, sərhədlərin müəyyənləşməsi (delimitasiya) prosesinin başladığı bir vaxtda Avropa İttifaqının Ermənistana hərbi yardım ayırmasının arxasında Brüsselin bir neçə strateji və geosiyasi məramı dayanır. Avropa İttifaqı üçün əsas hədəf sülhdən daha çox, Ermənistanın təhlükəsizlik arxitekturasını Rusiyanın təsirindən çıxarmaqdır. Ermənistan ordusu onilliklər boyu Rusiya silahından və təlimlərindən asılı olub. Aİ Sülh Fondu vasitəsilə maliyyə ayırmaqla İrəvana mesaj verir ki, Ermənistanın təhlükəsizliyinin qarantı Moskva yox, Brüssel ola bilər. Bu yardımlar Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) uzaqlaşma prosesini sürətləndirmək üçün "mükafat" rolunu oynayır. Ermənistanın Baş naziri Nikol Paşinyanın ordunun yaranmasının 34-cü ildönümü ilə əlaqədar bu məsələlərə toxunması təsadüfi deyil. Paşinyan ordunu gücləndirməyə davam edəcəklərini deyib və bildirib ki, ordunun müdafiə qabiliyyəti gündən-günə artır: "Son illərdə ordumuzun heç vaxt sahib olmadığı keyfiyyət və parametrlərdə böyük miqdarda müasir silah və hərbi texnika alınıb". Paşinyan orduya böyük sərmayələr qoyulduğunu təsdiqləyib. Baş nazir Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını tənqid etməyi də unutmayıb. Bildirib ki, KTMT Ermənistana silah satmaqdan imtina edib.

Aİ-dəki bəzi dairələr, xüsusilə Fransa kimi ölkələr fərqindədirlər ki, Azərbaycanın hərbi qüdrəti Ermənistandan qat-qat üstündür. Onların məntiqinə görə, sülh yalnız tərəflər "bərabər gücdə" olduqda qalıcı olur. Yəni Aİ-nin yardımı Ermənistanın müdafiə qabiliyyətini bir qədər artıraraq, onu danışıqlarda daha "dayanıqlı" etmək məqsədi daşıyır. Amma Aİ Ermənistan ordusuna logistika və tibbi avadanlıq verirsə, deməli, gələcəkdə bu avadanlıqlara xidmət edəcək mütəxəssislər, təlimçilər və məsləhətçilər də regiona gələcəklər. Bu isə göstərir ki, Aİ bölgədəki hərbi-siyasi rıçaqlarını gücləndirmək niyyəti güdür. Digər məqam odur ki, sülh sazişi imzalanarsa, Ermənistan cəmiyyətində "nə qazandıq, nə itirdik?" sualı yaranacaq. Aİ bu cür yardımlarla Paşinyana daxili auditoriya qarşısında bir arqument verir. Baş nazir deyəcək ki, "baxın, biz Rusiya ilə məsafə saxladıq və qarşılığında Avropadan hərbi və maliyyə dəstəyi aldıq". 

Lakin Azərbaycanın mövqeyi budur ki, bu cür yardımlar Ermənistandakı revanşist qüvvələri ruhlandırır və sülh prosesini ləngidir. İrəvandakı radikal qruplar bu yardımı "Qərb bizim arxamızdadır, hələ heç nə bitməyib" kimi qəbul edə bilərlər. Yəni silahlanma və hərbi yardım sülhə deyil, gərginliyə xidmət edir. 

Mühüm məqamlardan biri Aİ-nin maliyyə yardımı məsələsində Ermənistan və Azərbaycan arasında açıq-aşkar ayrı-seçkilik etməsidir. Azərbaycan hələ də minalardan əziyyət çəkdiyi halda, Aİ-nin diqqəti Ermənistanın "müdafiə qabiliyyətinə" yönəltməsi bariz tərəfkeşlikdir. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov hələ ötən ilin yekunlarına dair dekabrın 26-da keçirilən mətbuat konfransında Aİ tərəfindən Ermənistana 20 milyon avro ayrılacağını demiş, eyni məbləğin ölkəmizə də ayrılmasının vacib olduğunu vurğulamışdı. 

Bu disbalans Bakı tərəfindən haqlı narazılıqla qarşılanır. Aİ üçün Ermənistan hazırda Rusiyanın təsir dairəsindən qopmağa çalışan "tərəfdaş" profilindədir. Brüssel hesab edir ki, Paşinyan hökumətinə maliyyə və hərbi dəstək verməklə, Ermənistanın Qərbə inteqrasiyasını sürətləndirir. Aİ-dəki bəzi qüvvələr absurdcasına düşünürlər ki, Azərbaycana hərbiyönümlü yardım göstərmək balansın pozulmasına səbəb ola bilər. Halbuki minatəmizləmə humanitar məsələdir və sülhə birbaşa xidmət edir. Azərbaycan dünyada minalarla ən çox çirklənmiş ölkələrdən biridir və bu ərazilərin təmizlənməsi sülhə və insanların təhlükəsiz qayıdışına xidmət edir. 

O da bir həqiqətdir ki, Aİ daxilində qərarlar heç də həmişə yekdil deyil. Avropa Komissiyası və Şurasından fərqli olaraq Avropa Parlamenti və AŞPA tez-tez ermənipərəst qüvvələrin təsiri altında Azərbaycana qarşı qərəzli qətnamələr qəbul edirlər. Qeyri-obyektiv baxış icraedici orqanların Azərbaycana irimiqyaslı vəsait ayırmasını siyasi baxımdan çətinləşdirir. Nəticə etibarı ilə Avropa İttifaqı rəsmən Bakı ilə əlaqələrin normallaşdırılmasında maraqlı görünməyə çalışsa da, real addımlar fərqli mənzərə yaradır. 

İsmayıl QOCAYEV, 

"Azərbaycan"

Seçilən
36
50
azerbaijan-news.az

10Mənbələr