AZ

Sabiq "Google" mühəndisi süni intellekt sirlərini oğurlamaqda ittiham olunur

BAKI, 30 yanvar. TELEQRAF

ABŞ-də münsiflər heyəti "Google" şirkətinin sabiq proqram mühəndisi Linvey Dini süni intellektlə bağlı kommersiya sirlərini oğurlayaraq Çin şirkətlərinin xeyrinə istifadə etməkdə təqsirli bilib.

Teleqraf xəbər verir ki, bu barədə "Reuters" ABŞ Ədliyyə Nazirliyinə istinadla məlumat yayıb.

38 yaşlı Çin vətəndaşı Linvey Din San-Fransiskoda keçirilən 11 günlük məhkəmə prosesindən sonra iqtisadi casusluq üzrə yeddi, kommersiya sirlərinin oğurlanması üzrə isə daha yeddi maddə ilə günahkar sayılıb. Məhkəmənin müəyyən etdiyinə görə, o, minlərlə səhifəlik məxfi məlumatı qanunsuz şəkildə əldə edib.

Hər bir iqtisadi casusluq maddəsi üzrə maksimum 15 il həbs və 5 milyon dollar cərimə, kommersiya sirlərinin oğurlanması üzrə isə maksimum 10 il həbs və 250 min dollar cərimə nəzərdə tutulur. Linvey Dinin fevralın 3-də məhkəmədə növbəti iclasda iştirak edəcəyi bildirilib.

İttiham tərəfinin məlumatına görə, Din "Google"un iri süni intellekt modellərinin hazırlanması üçün istifadə olunan superkompüter məlumat mərkəzlərinə aid avadanlıq infrastrukturu və proqram platformaları barədə məlumatları oğurlayıb. Həmin məlumatlar "Google"un bulud texnologiyaları sahəsində rəqibləri olan "Amazon" və "Microsoft" qarşısında üstünlük əldə etməsinə, eləcə də Nvidia çiplərindən asılılığın azaldılmasına yönəlib.

Prokurorlar qeyd ediblər ki, Linvey Din 2019-cu ilin mayında "Google"da işə başlayıb və təxminən üç il sonra, Çində yeni yaranan texnologiya şirkəti ilə əməkdaşlığa cəlb edildiyi dövrdə məxfi məlumatları mənimsəməyə başlayıb.

"Google" şirkətinin özü bu iş üzrə ittiham olunmayıb və hüquq-mühafizə orqanları ilə əməkdaşlıq etdiyini bildirib.

Qeyd edək ki, istintaq ABŞ hökuməti tərəfindən 2023-cü ildə yaradılmış texnoloji təhlükəsizlik üzrə xüsusi qurumun koordinasiyası ilə aparılıb.

Seçilən
42
28
teleqraf.com

10Mənbələr