AZ

Mühüm qərarlar qəbul etdi: Qadağalar və dəyişikliklər nədir?

Uşaqlar üçün keçirilən tədbirlərdə tütün məmulatlarının nümayişi qadağan edilir.

Bu, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, uşaqlar üçün keçirilən tədbirlərdə tütün məmulatlarının və tütün istifadəsi prosesinin nümayiş etdirilməsi, həmçinin tütün məmulatlarının və tütün istifadəsi prosesinin nümayiş etdirildiyi əsərlərin, tamaşaların, proqramların efirdə, kabel yayımı vasitəsi ilə açıq yayımlanması qadağan edilir.

***

Uşaqlar barəsində icraat zamanı qanunla müəyyən edilmiş qaydada uşağın işlə bağlı öz fikrini ifadə etmək hüququ var.

Bu, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Uşaq hüquqları haqqında” yeni qanun layihəsində əksini tapıb.

Uşağın fikrinin öyrənilməsi prosesi informativ, uşağa hörmət əsasında, təhlükəsiz və uşaq məsələləri sahəsində hazırlıqlı mütəxəssis tərəfindən istiqamətləndirilən olmalıdır.

Bununla əlaqədar mülki və cinayət prosessual qanunvericiliyə də dəyişikliklər təklif olunur. Mülki Prosessual Məcəllə və Cinayət-Prosessual Məcəlləyə təklif edilən dəyişikliyə əsasən, mülki işlərdə uşaqların fikri öyrənilərkən, cinayət işlərində istintaq tədbirləri zamanı yetkinlik yaşına çatmamış şahidin və zərər çəkmişin dindirilməsi, üzləşdirilmə, ifadələrinin yerində yoxlanılması, istintaq eksperimenti, tədqiqat üçün nümunələrin götürülməsi zamanı digər şəxslərlə yanaşı psixoloqun iştirakı tələbi müəyyənləşir.

***

Reklamda uşağın görüntüsü valideynlərinin razılığı ilə istifadə edilə biləcək.

Bu, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Reklam haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, reklamda uşağın görüntüsü əks olunan materiallardan yalnız onun valideynlərinin (onları əvəz edən şəxslərin) razılığı ilə istifadə edilə bilər.

***

Uşaq hüquqlarının həyata keçirilməsinə dair məlumat bankı yaradılacaq.

Bu, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Uşaq hüquqları haqqında” yeni qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, dövlət uşaq hüquq və azadlıqlarının təmin edilməsi, o cümlədən uşaqlara qarşı ayrı-seçkilik və zorakılıq halları, onların səbəb və nəticələri, bu halları törədən və məsuliyyətə cəlb edilən şəxslər, uşaq hüquqlarının pozulmasının qarşısının alınması və müdafiə tədbirlərinin səmərəliliyi ilə bağlı məlumatların toplanılmasını və təhlilini həyata keçirir və bu barədə ictimaiyyətin məlumatlandırılmasını təmin edir.

Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti və dövlət orqanları (qurumları) tərəfindən uşaq problemlərinin əlaqəli şəkildə çevik həllinin təşkili məqsədilə uşaq hüquqlarının həyata keçirilməsinə dair məlumat bankı yaradılacaq. Uşaq hüquqlarının həyata keçirilməsinə dair məlumat bankı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təşkil və idarə ediləcək.

Seçilən
12
5
sportinfo.az

2Mənbələr