AZ

Ekspert: Orta Dəhliz Azərbaycan ilə Çin arasında iqtisadi əməkdaşlığın dərinləşməsində əsas amilə çevrilir ŞƏRH

Azertag portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Bakı, 30 yanvar, P.Qafarova, AZƏRTAC

Bu gün Çin dünya iqtisadiyyatında aparıcı mövqeləri və davamlı müsbət inkişaf dinamikası ilə Azərbaycan üçün mühüm strateji tərəfdaşdır.

Bunu AZƏRTAC-a Azərbaycan Dövlət İqtisad Universitetinin iqtisadiyyat kafedrasının dosenti, iqtisad elmləri üzrə fəlsəfə doktoru Emin Qəribli söyləyib.

O qeyd edib ki, ümumi daxili məhsulu alıcılıq qabiliyyəti pariteti üzrə hesablasaq, Çin iqtisadiyyatı hazırda dünyanın ən böyüyüdür. “Çin müxtəlif ölkələrin iqtisadiyyatlarına və layihələrinə aktiv investisiya yatıran aparıcı dövlətlərdən birinə çevrilib. Bu, xüsusilə iqtisadiyyatını şaxələndirməkdə maraqlı olan Azərbaycan kimi ölkələr üçün mühüm əhəmiyyət kəsb edir”, – deyə ekspert vurğulayıb.

E.Qəribli bildirib ki, ötən il Azərbaycan ilə Çin arasında ticarət dövriyyəsi təxminən 30 faiz artıb. Azərbaycanın ixracında, o cümlədən neft və kimya sektorlarında artım müşahidə olunur. “İdxal hələ də ixracı üstələsə də, mövcud məlumatlara görə, Azərbaycanın Çinə ixracı demək olar ki, dörd dəfə artıb”, – deyə o qeyd edib.

Ekspert ikitərəfli əməkdaşlığın inkişafında Orta Dəhlizin mühüm rolunu da xüsusi vurğulayıb.

Onun sözlərinə görə, Çinin şimal və şimal-qərb bölgələrinin sürətli iqtisadi inkişafı yüklərin Azərbaycan ərazisindən daşınmasını iqtisadi cəhətdən səmərəli edir. “Bu, təkcə tranzit gəlirləri deyil, həm də sənaye kooperasiyası və birgə layihələr üçün yeni imkanlar deməkdir”, – deyə o bildirib.

E.Qəribli xatırladıb ki, artıq yaşıl enerji sahəsində ilk təşəbbüslər həyata keçirilir, o cümlədən Çin şirkətləri tərəfindən Azərbaycanda elektrik stansiyalarının tikintisi aparılır, həmçinin ölkənin azad iqtisadi zonalarında Çin biznesinin iştirakı genişlənir.

Onun fikrincə, Azərbaycan ilə Çin arasında imzalanmış sazişlər əməkdaşlığın daha da dərinləşdirilməsi üçün möhkəm zəmin yaradır. “Orta Dəhliz çərçivəsində iqtisadi münasibətlərin liberallaşdırılması və bürokratik maneələrin azaldılması iqtisadi-ticarət əlaqələrin genişlənməsinə və onların dayanıqlı sənaye və xidmət kooperasiyası səviyyəsinə yüksəlməsinə imkan verəcək”, – deyə ekspert vurğulayıb.

E.Qəribli Azərbaycanın Çin investisiyalarının cəlb olunmasında, xüsusilə avtomobilqayırma da daxil olmaqla yüksək texnologiyalı sahələrdə maraqlı olduğunu qeyd edib. O, həmçinin Çin Xalq Respublikasının iş adamları və elmi dairələrinin Azərbaycanla əməkdaşlığa böyük maraq göstərdiyini bildirib və bu yanaşmanın praqmatikliyi və qarşılıqlı faydaya əsaslanması ilə seçildiyini vurğulayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
26
50
azertag.az

10Mənbələr