
Müasir münasibətlərdə insanlar tək bir partnyordan həm emosional, həm də sosial baxımdan tam doyum almaqda çətinlik çəkirlər. Ünsiyyət və paylaşım zəiflədikcə, fərdlər bu ehtiyacları başqa insanlarla kompensasiya etməyə çalışır.
Bu isə zamanla xəyanət hallarının artmasına zəmin yaradır. Bəzi insanların bu cür addımlar atıb, birdən çox partnyora meyl etməsinin əsas səbəbi nədir?
Gender.Az xəbər verir ki, Sfera.az-a mövzu ilə bağlı açıqlama verən psixoloq Aytən Ələkbərovanın fikrinə əsasən, bu məqamda bəzi insanlar düşünürlər ki, psixoloqların bununla bağlı dediyi ilk sözdən biri uşaqlıq travmalarıdır:

“Bu vəziyyətdə sual yaranır ki, uşaqlıq travmaları nədən irəli gəlir? Oyuncaqların həddindən artıq çox olması, hər oyuncaqla oynayıb doymadan onu kənara atmaq və bunu görüb digərini istəmək. Şüuraltında dəyişkənliyə meyillilik formalaşır. Bu dəyişkənliyə meyillilik isə zamanla özünü göstərərək fərdlər arasında partnyorların tez-tez dəyişməsinə gətirib çıxarır. Yox, əgər bu ailə qurmağa doğru atılan addımlar olarsa, ümumiyyətlə psixoloqlara müraciət edilərkən belə suallar verilir ki, sən özünü necə bir ailədə görmək istəyirsən, bu, öz ailə modelinə nə dərəcədə uyğun olmalıdır? Bunlar mütləq şəkildə bir-birini tamamlamalıdır. Çünki bəzən görürsünüz ki, bir-birini tamamlamayan hallarda insan artıq fərd olaraq dəyişməyə doğru addımlar atır”.
Psixoloq partnyorların tez-tez dəyişdirilməsinin isə gələcəkdə cinsi infeksiyaların yayılmasına, müxtəlif xəstəliklərin yaranmasına gətirib çıxardığından bəhs edib:
“Bu durumda bir müddət sonra insan etdiyi hərəkətlərə görə peşman olur və həyatda kimin üçün və nəyə lazım olduğunu çox gec anlayır. Bunun nəticəsində bəzən görürük ki, bu fəsadları yaşamış gənclər müraciət edərkən artıq ailə qurmağın onlara uyğun olmadığını deyirlər, bir çox məqamları sadalayırlar və bu kimi şikayətlərlə bizə müraciət edirlər. Hətta son dövrlərdə bir film var, onu da tez-tez misal gətirirlər. Film iki dostun sadəcə partnyor kimi görüşməsindən, emosional heç bir bağlılıq olmadan münasibət yaşamasından və sonradan bunu ailəyə çevirməməsindən bəhs edir. Bu cür durumlar təbii ki, gənclərə təsir edə bilir”.
Fidan Hacızadə