AZ

Aqil Abbas: “Ayntraxt”a uduzsaydıq, “Liverpul”a qalib gələcəkdik” - MÜSAHİBƏ

“Qarabağ”ın UEFA Çempionlar Liqasının pley-off mərhələsinə yüksəlməsi ölkə futbol ictimaiyyətində böyük rezonans doğurub.

Milli Məclisin deputatı Aqil Abbas da Ağdam təmsilçisinin tarixi uğuruna münasibət bildirərək komandanın çıxışı, Qurban Qurbanovun rolu və gələcək perspektivlər barədə fikirlərini teleqraf.az-la bölüşüb.

– Yəqin ki, “Liverpul”la matçı qaçırmamısınız...

– Hər kəsi təbrik edirəm. İngiltərə çempionatında oynayan komandaya – “Liverpul”a məğlub olmuşuq. Azərbaycan çempionatı deyil. Reallıq hissimizi itirməməliyik. Biz istəyirik ki, “Qarabağ” birdən-birə Avropa çempionu olsun. Yavaş-yavaş olmalıdır bu iş. Komandamız yaxşı oynadı. “Liverpul” bizim sistemi yaxşı öyrənmişdi. Uşaqların sistemi pozulmuşdu. Aydın məsələdir.

– Aydın məsələdir ki, komandalar arasında səviyyə fərqi var. Rəqib ötən yay transferlərə bir milyard xərcləyib, “Qarabağ” isə öz büdcəsi hesabına uğurlar əldə edir. Başa düşənlər üçün yaxşı nəticədir…

– Başa düşməyənlər, futbolu bilməyənlər başa düşməsin. Sevindirici haldır ki, Avropanın ən güclü 24 komandası arasında yer almışıq və pley-off mərhələsindəyik.

– Düşünürəm ki, bir gözünüz də digər oyunların nəticələrində idi...

– Oyuna baxırdım. Sağ olsun şərhçi Tural Dadaşov tez-tez məlumat verirdi ki, kim neçənci yerdədir. Elə o mənə bəs edirdi. Vəziyyəti anlaya bilirdim.

– Azərbaycanın, uzun illər köçkün həyatı yaşamış Ağdam təmsilçisinin bu səviyyəyə gəlib çatmasını necə dəyərləndirirsiniz?

– Qurban Qurbanov və oyunçuların inamı ilə. Qurbanov, vəssalam!

– Dünənki məğlubiyyətlə barışmırdı Qurbanov…

– Barışmaz da...Oyun sistemi pozulmuşdu. İnsanlar danışır ki, niyə Nərimanı saldı? Onu, Musanı, digərlərini də salmalıydı ki, onlar bu tempi görsünlər, təcrübə toplasınlar. Nərimanı oyunu xilas etməyə salmamışdı ki… Artıq bilirdik ki, uduzurlar. Gənc futbolçuları oyuna daxil etdi ki, onlar da təcrübə toplasınlar, tempi görsünlər. Biz Qurban Qurbanovdan çox bilmirik ki.

– “Qarabağ”da hansı futbolçunu xüsusi qiymətləndirərdiniz? Hansı futbolçu Aqil Abbasın xarakterinə uyğun futbolçudur?

– Elvin Cəfərquliyev.

– Amma Qurban Qurbanov deyir, ona etibar etmək olmaz…

– Yox, çox gözəl futbolçudur. Eyni zamanda Bəhlul Mustafazadə, Joni Montiel də var. Amma bir nəfər deməli olsam, bu, Elvin olar. Sürəti ilə, oyunu ilə, rəqabəti, davakarlığı ilə, bir sözlə, hər şeyi ilə. Çox xoşum gəlir.

– “Ayntraxt”la oyunun 90+4-cü dəqiqəsində hansı hisslər keçirdiniz?

– Ağladım sevincimdən, nə hiss keçirəcəm?!

– O qol olmasaydı halımız necə olacaqdı?

– “Liverpul”u udacaqdıq. Doğrudan deyirəm. Olmasaydı, udmaq məcburiyyətində idik.

– Pley-off-da PSJ, yoxsa “Nyukasl”?

– Hansı olur-olsun, bizim üçün fərqi yoxdur. Udacağımıza inanıram. İnanmaq lazımdır. Allah qoysa, yaxşı olacaq. Lap PSJ olsun, təcrübə toplayacağıq. Bu dəqiqə çempion olmaq imkanımız yoxdur. Dünyaya göstərəcəyik ki, bizim də “Qarabağ” da var.

– Artıq dünya “Qarabağ”dan danışır…

– Bəli, stadionları olmayan Azərbaycan komandası belə uğur əldə edir. Söhbət “Tofiq Bəhramov”dan getmir. “Karvan-Yevlax”ın stadionu, Quba stadionu nə gündədir. Bir “Qəbələ” stadionu, bir də “Neftçi”ninki normaldır. 12 komandanın çoxunun normal stadionu yoxdur. “Araz-Naxçıvan” stadionsuzdur. Fikirləşin ki, gedib “Liverpul”la oynayırsan, sonra da gəlib bu komandalarla. Fərqliliyi görürsünüz. Yavaş-yavaş “Turan Tovuz”un, “Sabah”ın, “Neftçi”nin irəliləməsi elə “Qarabağ”ın güclənməsi deməkdir.

– “Qarabağ” sizcə transfer etməlidirmi?

– Onu Qurban hoca bilər, mən bilmərəm. Ən zəif futbolçuları gətirib ondan yaxşı oyunçu düzəldir. Kadi Borges məsələn. Buradan gedənlər də heç nə edə bilmirlər. Juninyo getdi, nə qələt etdi ki… Qurban hoca böyükdür. Allah uzun ömür nəsib eləsin. Gözləyirik. Bir də ki, bu gün avrokubok oynayıb, iki gün sonra “Turan Tovuz”la oynamalıdır, necə oynasın? Keçən dəfə “Kəpəz”lə oynayıb uduzdular, iki gün sonra “Liverpul”la oynamalıdırlar. Bunu AFFA fikirləşməlidir ki, bu komandaya şərait yaratsın. Məsələn, məcbur olub “Kəpəz”lə oyuna ikinci heyəti buraxdı, amma birinci heyəti çıxarıb məşq etdirə bilərdilər, qorxdu ki, zədələnərlər. Yəni biz Qurban Qurbanovdan çox bilmirik.

– Xəbərlər gəzir ki, Bəhlul Mustafazadəni Çin klubu istəyir. Sizcə Bəhlul getməlidirmi?

– Getməli deyil. Futbolçu həm də pul qazanır axı. Çin klubu ona normal pul verirsə, niyə getməsin? Hər şey sevginin üzərində qurulmur axı. Hamı Banişevski deyil ki, qala ömrünün sonuna qədər “Neftçi”də oynaya. Futbolçu da pul qazanmaq, daha yaxşı yaşamaq istəyir. Amma Çin klubuna getməklə heç nə qazanmayacaq. Avropaya getsə, deməzdim yox. Futbol Avropadadır. Bizim indi çox pul vermək imkanımız yoxdur. Həm də futbolçuları fərqləndirmək yaxşı deyil. Dünən 50 min alırdısa, birdən-birə 100 min vermək çətindir.

– “İmarət” stadionu tikilir. Açəılışda “Qarabağ”ın hansı komanda ilə qarşılaşmasını istərdiniz?

– “Qalatasaray” və ya “Fənərbağça” ilə. Düşünürəm, qardaş klublardan biri olsa, yaxşıdır. Yoldaşlıq görüşü yaxşı olar.

– Sizcə “Qarabağ” tədricən Ağdama yol tutmalıdırmı?

– Bəli. Məsələn, “Turan Tovuz” komandası Bakıda yaşayır. Komandalar öz rayonlarında yaşamalıdır ki, futbolçu çayxanaya çıxsın, hamı onu görsün. Hamı qaçqın deyil ki, bizim kimi gəlib Bakıya yığılsın.

– "Qarabağ"ın prezidenti Tahir Gözəl açıqlamalarında “Azersun Arena”nın yanındakı ərazini akademiya tikmək üçün istədiyini bildirir. Amma bir sıra ictimaiyyət nümayəndələri deyir ki, bunu Bakıda yox, Ağdamda açmalıdır.

– Bəli, Ağdamda açmalıdır ki, qarabağlılar yığışıb ora getsin. Amma indi məcbur qalıb futbolun sirlərini Qəbələ akademiyasında öyrənirlər. Ağdamda həmişə futbol olub. Ağdam son illərdə kənardan futbolçu gətirir. Öz futbolçuları ilə Avropada böyük işlər görməsə də, mərhələ keçib. Futbol olub Ağdamda. İndi “Real Madrid”də neçə madridli var? Ya da “Barselona”da, “Liverpul”da yerli futbolçu neçə nəfərdir? Futbol öz məzmununu dəyişib. Məsələn, Ağcabədidə uşaqlar yığışıb futbol oynayırlar. Bərdədə futbol oynayırlar. Akademiya olsa, uşaqları gətirib qoyacaqlar. Akademiya məsələsi bir-iki il çəkəcək, onda da “Qarabağ” Ağdama köçəcək.

İdman.Biz
Seçilən
0
2
idman.biz

3Mənbələr