AZ

AQTA-nın adından istifadə edən dezinfeksiya şirkətlərinə xəbərdarlıq edilib

Son dövrlər Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) daxil olan müraciətlər və aparılan nəzarət tədbirləri zamanı müəyyən edilib ki, bəzi dezinfeksiya xidməti göstərən özəl şirkətlər tərəfindən Agentliyin adından sui-istifadə hallarına yol verilir. Belə ki, sözügedən şirkətlərin nümayəndələri qida sahəsində fəaliyyət göstərən obyektlərə daxil olaraq özlərini Agentliyin əməkdaşı kimi təqdim edərək, dezinfeksiya xidmətləri ilə bağlı müqavilə bağlamağı təklif edirlər. Bu xidmətlərdən imtina edildiyi halda isə obyektlərdə nəzarət tədbirlərinin aparılacağı, barələrində ciddi tədbirlərin görüləcəyi ilə bağlı əsassız iddialar irəli sürürlər.

Milli.Az xəbər verir ki, AQTA bildirir ki, Agentlik dezinfeksiya xidməti göstərən qurum deyil. AQTA-nın hər hansı dezinfeksiya xidməti həyata keçirən şirkəti mövcud deyildir. Dezinfeksiya xidmətləri göstərən şəxslər lisenziya əsasında fəaliyyət göstərən müstəqil sahibkarlıq subyektləridir. 
    Qeyd edək ki, "Qida təhlükəsizliyi haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən, qida obyektlərinin sahibləri öz müəssisələrində mütəmadi olaraq dezinfeksiya tədbirləri həyata keçirməli və bu tədbirlərin icrasını təsdiq edən müvafiq sənədləri saxlamalıdırlar. Agentlik isə yalnız bu tələblərə əməl olunmasına nəzarəti həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. 
     AQTA sahibkarları diqqətli olmağa çağırır və bu kimi hallarla rastlaşdıqları təqdirdə, Agentliyin adından sui-istifadə edən şəxslər və ya şirkətlər barədə "1003-Çağrı Mərkəzi"nə məlumat vermələrini xahiş edir. Eyni zamanda, Agentliyin adından sui-istifadə edən dezinfeksiya şirkətləri belə hallara təkrar yol verəcəyi təqdirdə barələrində zəruri tədbirlərin görülməsi üçün hüquq-mühafizə orqanlarına müraciət olunacaqdır.

Asya
Milli.Az 

Seçilən
30
21
milli.az

10Mənbələr