AZ

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində ötən ilin yekunları və 2026-cı ilin hədəflərinə dair mətbuat konfransı keçirilib - FOTOLAR

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində həssas qrupların yaradıcı potensialının inkişaf etdirilməsi, sosial reablitasiyası və cəmiyyətə inteqrasiyası istiqamətində ötən il görülmüş işlər və 2026-cı ilin hədəflərinə həsr olunmuş mətbuat konfransı təşkil edilib.

QHT.az xəbər verir ki, mərkəzin direktoru Elnarə Ənsari bildirib ki, ölkəmizdə həyata keçirilən sosial siyasətin əsasında Azərbaycan vətəndaşı dayanır və əhalinin sosial təminatının gücləndirilməsi, maddi rifahının yaxşılaşdırılması məqsədilə mühüm addımlar atılır. Mərkəzin fəaliyyəti inklüziv və sosial ədalətə əsaslanan cəmiyyətin formalaşdırılması istiqamətində aparılan davamlı işlərin uğurlu nəticələrindən biridir.

Qeyd olunub ki, Mərkəz 2021-ci ildən fəaliyyət göstərir və açılışında cənab Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva  iştirak ediblər.

Mərkəz Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılıb və həssas qruplardan olan şəxslərin bacarıqlarının üzə çıxarılması, inkişaf etdirilməsi, tanıdılması və onların məşğulluq imkanlarının artırılması məqsədi daşıyır.

Hazırda Mərkəz və onun filiallarında benefisiar sayı 292 nəfərdir. Onlardan 175  nəfər Mərkəzdə, 71 nəfər Qarabağ “DOST Evi “ şöbəsində, 46 nəfər isə İsmayıllı “DOST Evi” filialında xidmətlərdən yararlanır. Ötən il təlimləri uğurla tamamlayan 166 nəfərə sertifikat təqdim edilib.

Media nümayəndələrinə Mərkəzdə hazırlanan əl işlərinin satışını həyata keçirəcək dostart.az portalının təqdimatı olub. Bildirilib ki, Cənab Prezident İlham Əliyevin imzaladığı qanunvericilik aktlarına əsasən, Mərkəzin benefisiarları olan əlilliyi olan şəxslərin əl işlərinin həmin platforma üzərindən satışı zamanı “vergi güzəşti” tətbiq ediləcək. Belə ki, onların gəlirlərindən məcburi dövlət sosial sığorta haqqı tutulmaması, yalnız ödəmə mənbəyində 2 faiz verginin tutulması nəzərdə tutulur.

Həmin  platforma vasitəsilə həssas qruplardan olan şəxslərin hazırladıqları əl işləri vahid onlayn platforma üzərindən daha geniş auditoriyaya çatdırılacaq. Bu isə onların özünüməşğulluq bacarıqlarının inkişafına və cəmiyyətin iqtisadi həyatında fəal iştirakına real imkan yaradacaq.

Hazırda portala 250-yə yaxın əl işi yerləşdirilib və Azərbaycan, rus və ingilis dillərində məlumatlar daxil edilib. Pilot layihəyə həmçinin xüsusi “Müyəssərlik menyusu” quraşdırılıb ki, bu da görmə məhdudiyyətli və disleksiyadan əziyyət çəkən şəxslər üçün istifadəni asanlaşdırır.

Pilot layihənin 1 il müddətində nəzərdə tutulduğu, gələcəkdə bu platformanın əhatə dairəsinin genişləndirilməsi, ölkə üzrə həssas qruplardan olan digər şəxslərin də bura cəlb olunmasının planlaşdırıldığı vurğulanıb.

Layihənin dizayn və proqram təminatı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinə, texniki dəstək və ödəniş həllərinin icrası isə "CIBPAY" MMC və "CIB BUSINESS" MMC-yə məxsusdur.

Konfransda həmçinin Mərkəzin ölkə daxilində və beynəlxalq səviyyədə tanıdılması istiqamətində görülən işlər və 2026-cı ilin hədəfləri barədə məlumat verilib, media nümayəndələrinin sualları cavablandırılıb.

Seçilən
27
8
qht.az

10Mənbələr