AZ

Qida zəhərlənmələri artır: Bəs AQTA hara baxır ? - ARAŞDIRMA

İnkişaf etmiş ölkələrin böyük əksəriyyətində ev şəraitində hazırlanan məhsulların etiketsiz şəkildə bazarlarda kütləvi satışı nə normal, nə də qanuni hesab olunur.

SİA məsələ ilə bağlı araşdırma edib.

Bu ölkələrdə qida təhlükəsizliyi ictimai sağlamlığın əsas komponentlərindən biri kimi qəbul edilir və bu sahədə ciddi nəzarət mexanizmləri mövcuddur. Evdə hazırlanan məhsulların satışına yalnız müəyyən şərtlər daxilində, rəsmi icazə və qeydiyyat əsasında yol verilir.

ABŞ, Avropa İttifaqı ölkələri, Yaponiya və Kanada kimi inkişaf etmiş dövlətlərdə ev şəraitində hazırlanmış qida məhsullarının etiketsiz və nəzarətsiz satışı qadağandır. Belə məhsulların bazara çıxarılması üçün minimum sanitar-gigiyenik standartlara riayət olunmalı, istehsalçı müvafiq qurumlarda qeydiyyatdan keçməlidir. Eyni zamanda məhsul üzərində istehsalçının adı, hazırlanma tarixi, tərkibi, allergen maddələr haqqında məlumat və məsul şəxsin kimliyi açıq şəkildə göstərilməlidir. Bu tələblər istehlakçıların təhlükəsizliyinin təmin olunmasına xidmət edir.

Məsələn, ABŞ-da tətbiq olunan “Cottage Food Laws” mexanizmi ev şəraitində hazırlanan mürəbbə, çörək, peçenye kimi nisbətən aşağı riskli məhsulların satışına icazə verir. Lakin bu icazə yalnız qeydiyyat və məcburi etiketləmə şərti ilə mümkündür. Yəni bu sistem çərçivəsində belə, etiketsiz məhsulların satışı yolverilməz hesab olunur.

Avropa İttifaqı ölkələrində də oxşar yanaşma mövcuddur. Küçə bazarlarında satışa çıxarılan qida məhsulları yerli bələdiyyə orqanları və sanitar nəzarət qurumları tərəfindən yoxlanılır. Ev şəraitində hazırlanmış məhsulların açıq bankalarda, mənşəyi məlum olmayan formada və istehsalçısı göstərilmədən satışı qanun pozuntusu kimi qiymətləndirilir və inzibati məsuliyyət yaradır.

Etiketsiz və nəzarətsiz ev məhsullarının bazarlarda geniş yayılması əsasən inkişaf etməkdə olan ölkələrdə, nəzarət mexanizmləri zəif olan regionlarda və qeyri-formal iqtisadiyyatın üstünlük təşkil etdiyi bazarlarda müşahidə olunur. Bu hal beynəlxalq praktikada normal qəbul edilmir və qida təhlükəsizliyi baxımından ciddi risk mənbəyi hesab olunur.

Müasir qida təhlükəsizliyi sistemlərinə malik ölkələrdə evdə hazırlanan məhsullar ya ümumiyyətlə bazara buraxılmır, ya da sərt etiketləmə, qeydiyyat və dövlət nəzarəti altında satışa çıxarılır. Bu baxımdan, etiketsiz ev məhsullarının bazarlarda geniş yayılması qida mədəniyyətinin göstəricisi deyil, əksinə, nəzarətsizlik və institusional boşluqların mövcudluğuna işarə edir.

Mövzu ilə bağlı Azad İstehsalçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, Azərbaycan qida mədəniyyətində müzakirə tələb edən məsələlərdən biri ev şəraitində şoraba və digər konservləşdirilmiş məhsulların hazırlanması praktikasının geniş yayılmasıdır. Bu ənənə uzun illər formalaşsa da, müasir qida təhlükəsizliyi prinsipləri baxımından ciddi risklər daşıyır və ictimai sağlamlıq kontekstində yenidən qiymətləndirilməlidir.

Məlumdur ki, torpaq həyat üçün zəruri olan bütün təbii nemətlərin mənbəyi olmaqla yanaşı, eyni zamanda təhlükəli mikroorqanizmlərin və patogen bakteriyaların da əsas daşıyıcısıdır. Torpaqla birbaşa təmasda olan meyvə və tərəvəzlərdən ev şəraitində şoraba hazırlanması sterilizasiya və sanitar nəzarət mexanizmlərinin olmaması səbəbindən qida zəhərlənmələri riskini əhəmiyyətli dərəcədə artırır. Bu baxımdan, ev üsulu ilə hazırlanmış şorabalar qida təhlükəsizliyi baxımından arzuolunmaz məhsullar hesab edilə bilər.

Sənaye üsulu ilə istehsal olunan şoraba və konserv məhsulları isə çoxmərhələli laborator nəzarətdən keçir, gigiyenik normalara ciddi şəkildə əməl olunmaqla hazırlanır və satışa buraxılmazdan əvvəl müəyyən müddət ərzində sınaq saxlanma mərhələsindən keçirilir. Bu proses məhsulun mikrobioloji təhlükəsizliyinin təmin olunmasına və müvafiq standartlara uyğunluğunun yoxlanılmasına imkan yaradır. Məhz bu səbəbdən sənaye üsulu ilə istehsal olunan konservləşdirilmiş məhsullar daha təhlükəsiz qida alternativi kimi qiymətləndirilə bilər.

Buna baxmayaraq, ev şəraitində hazırlanan şoraba, kompot və mürəbbə kimi məhsulların Bakı və digər şəhərlərin bazarlarında geniş şəkildə satılması narahatlıq doğurur. Bu məhsulların mənşəyi, hazırlanma şəraiti və saxlanma qaydaları məlum olmadığından istehlakçılar üçün real sağlamlıq riski yaradır. Belə məhsulların istehlakı qida zəhərlənmələri və infeksion xəstəliklərə yol aça bilər.

Qeyd etmək vacibdir ki, kənd təsərrüfatı məhsullarının bazara çıxarılmasının təşviqi mühüm iqtisadi və sosial əhəmiyyət daşıyır. Lakin bu proses mütləq şəkildə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin nəzarəti altında həyata keçirilməli, məhsullar sertifikatlaşdırılmalı və etiketlənməlidir. Etiketləmə istehlakçıya məhsulun istehsalçısı, hazırlanma tarixi və məsul müəssisə haqqında aydın məlumat verir.

Etiketlənməmiş və nəzarətsiz qida məhsullarının satışı qadağan edilməli, istehlakçılar isə belə məhsullardan uzaq durmağa təşviq olunmalıdır. Qida təhlükəsizliyi yalnız istehsalçıların deyil, eyni zamanda dövlət qurumlarının və istehlakçıların birgə məsuliyyətidir. Bu yanaşma ictimai sağlamlığın qorunması və təhlükəsiz qida mühitinin formalaşdırılması baxımından zəruri şərt kimi çıxış edir”.

Etiketsiz və mənşəyi məlum olmayan qida məhsulları: səssiz, amma real təhlükədir.

Həkim, infeksionist Fidan Həsənli bildirib ki, son illər bazarlarda və yolkənarı satış nöqtələrində ev üsulu ilə hazırlanan şoraba, süd, pendir, kolbasa və müxtəlif şirniyyat məhsullarının açıq şəkildə satışı artmaqdadır. Bu məhsullar adətən “təbii”, “ev məhsulu” adı altında təqdim olunsa da, onların üzərində istehsal tarixi, tərkibi, saxlanma qaydaları, istehsalçının kimliyi və mənşə sənədləri mövcud olmur. Bu isə istehlakçı üçün ciddi sağlamlıq riskləri yaradır. Həkim olaraq qeyd etmək lazımdır ki, qida təhlükəsizliyi yalnız məhsulun dadı və görünüşü ilə ölçülmür. Ev şəraitində hazırlanan qidaların əksəriyyəti mikrobioloji, sanitar və baytarlıq nəzarətindən keçmir. Xüsusilə çiy süddən hazırlanan pendirlər, qaynadılmamış süd məhsulları bruselyoz, vərəm və digər zoonoz infeksiyaların yayılması baxımından yüksək risk daşıyır. Bu xəstəliklər bəzən aylarla, hətta illərlə davam edən ağır fəsadlara səbəb ola bilər.

Eyni zamanda, ev üsulu ilə hazırlanan kolbasa və ət məhsullarında botulizm, salmonella və parazit infeksiyaları riski mövcuddur. Yanlış saxlanma temperaturu, qeyri-kafi istilik emalı və gigiyenik qaydalara əməl olunmaması ölümcül nəticələrə belə gətirib çıxara bilər. Ev konservləri və şorabalar isə düzgün duz–sirkə balansı qorunmadıqda, xüsusilə anaerob şəraitdə təhlükəli toksinlərin yaranmasına səbəb ola bilər. Digər mühüm məqam məhsulları hazırlayan şəxslərin sağlamlıq vəziyyətidir. Bu insanların hepatit A, bağırsaq infeksiyaları və parazitar xəstəliklərə qarşı tibbi müayinədən keçib-keçmədiyi məlum deyil. Belə hallarda qida vasitəsilə xəstəliklərin kütləvi yayılması real təhlükəyə çevrilir. Bu cür nəzarətsiz qidalar xüsusilə uşaqlar, hamilə qadınlar, yaşlılar və şəkərli diabet, immun sistemi zəif olan şəxslər üçün daha ağır nəticələr doğura bilər. Onlarda adi qida zəhərlənməsi belə ciddi ağırlaşmalarla müşayiət oluna bilər. Nəticə olaraq, “ev məhsulu” anlayışı avtomatik olaraq təhlükəsizlik demək deyil. Etiketlənməmiş, mənşəyi və saxlanma şəraiti məlum olmayan qida məhsullarının istifadəsi sağlamlıq üçün ciddi risk yaradır. İstehlakçılara tövsiyə olunur ki, süd və ət məhsullarını yalnız sertifikatlı, nəzarətdən keçmiş mənbələrdən əldə etsinlər və açıq satışda təqdim olunan qidalara tənqidi yanaşsınlar. Eyni zamanda bu sahədə maarifləndirmənin və nəzarət mexanizmlərinin gücləndirilməsi ictimai sağlamlığın qorunması baxımından vacibdir”.

Müəllif: Günay Hacıyeva
Seçilən
11
1
sia.az

2Mənbələr