AZ

Azərbaycan banklarının faiz gəlirləri 5 milyard manatı keçib

Azərbaycan bank sektorunun cəmi faiz gəlirləri 2025-ci ilin dekabrın 31-nə 5 milyard 1 milyon manata çatıb.

FED.az biznes və maliyyə xəbərləri portalı Mərkəzi Bankın statistikasına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1 milyard 31,2 milyon manat və ya 26% artım deməkdir. Belə ki, ötən ilin eyni dövründə bankların cəmi faiz gəlirləri 3 milyard 969,8 milyon manat idi.

Hesabata əsasən, faiz gəlirlərinin böyük hissəsi kreditlər üzrə formalaşıb. Bankların kreditlər üzrə faiz gəlirləri il ərzində 840,7 milyon manat (27,1%) artaraq 3 milyard 946,6 milyon manata yüksəlib. Digər mühüm gəlir mənbəyi olan qiymətli kağızlar üzrə faiz gəlirləri isə 117,1 milyon manat (27,3%) artaraq 546,4 milyon manat təşkil edib.

Bundan başqa, maliyyə sektorunda yerləşdirilmiş vəsaitlər üzrə faiz gəlirləri 56,1 milyon manat (19,5%) artaraq 343,7 milyon manat, digər faiz gəlirləri isə 17,3 milyon manat (11,8%) artaraq 164,2 milyon manat olub.

Aylıq müqayisədə isə (noyabra nəzərən) cəmi faiz gəlirləri 446,8 milyon manat və ya 9,8% böyüyüb.

Xatırladaq ki, bankların cəmi faiz gəlirləri bu ilin noyabrın 30-na 4 milyard 554,2 milyon manat, ötən ilin sonunda isə 3 milyard 969,8 milyon manat təşkil edirdi.

Seçilən
38
3
fed.az

3Mənbələr