İran ABŞ-la diplomatik təmasların kəsildiyini açıqlayıb. Diplomatik əlaqələrin dondurulması ABŞ-İran münasibətlərində yeni və daha sərt mərhələnin başlanğıcı kimi qiymətləndirilir. Bəs bu vəziyyət regiona necə təsir edəcək?Politoloq Elşad Həsənov Metbuat.az-a açıqlamasında bildirib ki, Yaxın Şərqdə vəziyyət son dərəcə gərgindir. ABŞ-nin hərbi gəmiləri İranın Fars körfəzinə daxil olub, İordaniyada isə silahlı təyyarələr raket zərbələri endirmək üçün hazır vəziyyətdə gözləyir. Onun sözlərinə görə, indiyə qədər Amerikanın bu qədər böyük hərbi qüvvə ilə İranın yaxınlığına gəlməsi müşahidə olunmamışdı. Mövcud şəraitdə, İranın ABŞ-ın təkliflərini qəbul etmədiyi təqdirdə ABŞ İranı vuracaq: “Əgər İran nüvə proqramından əl çəksə, digər məsələləri danışıqlar yolu ilə həll etmək olar. Ancaq hələlik İran öz ritorikasında “Amerikanı dağıdacağıq”, “sionist İsraili yer üzündən yox edəcəyik” kimi ifadələr işlədir ki, bu da vəziyyəti daha da gərginləşdirir. Təbii ki, Azərbaycan olaraq biz qonşu İranda müharibənin baş verməsini istəmirik. Regionda sabitliyin qorunması bizim üçün çox vacibdir. Çünki əgər orada Amerika hücum etsə, təkcə nüvə və hərbi obyektlərə zərbələr endirməklə kifayətlənməyəcək, bu dəfə rejimi devirmək niyyəti də ortaya qoyulacaq. Bu isə çox böyük qırğınlara, tələfatlara səbəb olacaq. Təbii ki, insanlar ordan qaçmağa çalışacaqlar. Qaçanların ən yaxın istiqamətlərindən biri Türkiyə, digəri isə Azərbaycan olacaq. Bu da regionda çox ciddi gərginlik və problemlər yaradacaq. Məhz bu səbəbdən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Donald Trampla telefon danışığı apararaq üçtərəfli danışıqların vacibliyini vurğulayıb və müharibə əvəzinə diplomatik həll yolunu təklif edib. Türkiyənin xarici işlər naziri Hakan Fidan da bildirib ki, ABŞ-ın İran qarşısında qoyduğu tələbləri mərhələli şəkildə həll etmək mümkündür, lakin bütün məsələlərin birdən-birə həlli real deyil”.
E.Həsənov qeyd edib ki, hazırkı şəraitdə diplomatik əlaqələrin faktiki olaraq dayanması fonunda hər an ABŞ Prezidenti Donald Tramp hücum əmri verə bilər: “Bununla belə, hesab edirəm ki, hələ də danışıqlar üçün imkan mövcuddur. İran ABŞ-la dialoqa getməli və ilk növbədə nüvə proqramından imtina etdiyini açıq şəkildə bəyan etməlidir. Bu halda müharibə təhlükəsini azaltmaq olar. Əks halda, qarşıdurmanın qarşısını almaq olduqca çətin olacaq. Hazırda ABŞ-ın hərbi gəmiləri və təyyarələri İranın yaxınlığındakı ölkələrdə cəmləşib və İsrail də bu müharibəyə hazır vəziyyətdədir. ABŞ hücuma başladığı təqdirdə, İsrail də paralel olaraq zərbələr endirəcək. Bu isə Yaxın Şərqdə böyük dağıntılara, ağır itkilərə və regionun tamamilə alovlanmasına səbəb olacaq. Nə Səudiyyə Ərəbistanı, nə Birləşmiş Ərəb Əmirlikləri, nə Qətər, nə Türkiyə, nə də Azərbaycan ABŞ-ın müharibəyə başlamasında maraqlıdır. İranın danışıqlara razı olması müharibənin qarşısını ala bilər. Əks halda, müharibə regiona çox ciddi mənfi təsirlər göstərəcək, sosial partlayış səviyyəsinə gəlib çıxacaq. Ona görə də bu müharibənin qarşısı alınmalıdır”. Sevinc İbrahimzadə / Metbuat.az