Xocalı, 29 yanvar, Tahir Ağaməmmədov, AZƏRTAC
Xocalı rayonunun Xanyurdu kəndi işğaldan azad edildikdən sonra aparılan genişmiqyaslı təmir-bərpa işləri sayəsində keçmiş məcburi köçkünlərin qayıdış ünvanına çevrilib. Burada evlərin bərpası ilə yanaşı, yol, elektrik, qaz və su infrastrukturu yenidən qurulub, sakinlərin rahatlığı üçün hər bir zəruri şərait təmin edilib.
AZƏRTAC-ın bölgə müxbiri kənddə yeni həyata başlayan Muradovlar ailəsinin qonağı olub, onların doğma yurd sevincini və gələcək ümidlərini qələmə alıb.
“Xanyurdu kəndi” yazılmış lövhənin yanından keçib kəndə daxil olarkən ilk andan abadlıq və xüsusi səliqə-sahman diqqəti cəlb edir. Burada rastlaşdığımız kənd sakini Tahir Muradovla ayaqüstü qısa söhbətdən sonra o, bizi doğma ocağına dəvət edir. Həyətindəki meyvə ağaclarını göstərən Tahir kişi torpağa olan sevgisini bu sözlərlə ifadə edir: “Biz kənd adamıyıq, torpağa bağlıyıq. Bura qayıdan kimi ilk işimiz meyvə ağacları əkmək oldu. İllərlə bu torpağın həsrətini çəkmişik. İndi şükürlər olsun ki, öz yurdumuzdayıq və torpağımızı yenidən canlandırırıq”.
Söhbətimiz çay süfrəsi arxasında davam edir. Köçkünlük illərini xatırlayan Tahir Muradov bildirir ki, ailəsi həmin dövrdə Ağcabədi, Bərdə, Goranboy, Oğuz rayonlarında və Hacıkənd qəsəbəsində yaşayıb: “Çətinliklərimiz çox olub. Amma bizim üçün ən böyük çətinlik Vətən ağrısı idi. Çox şükür ki, Ali Baş Komandanın, şəhidlərin, qazilərin sayəsində bu gün Vətənimizdəyik, torpağımızdayıq, evimizdəyik. Həmişə deyirdik ki, torpaqlarımız azad olsun, bir alaçıq qurub yaşayaq. Bu gün dövlətimiz tərəfindən bizim üçün hər cür şərait yaradılıb, evlə təmin olunmuşuq”.
İxtisasca müəllim olan Tahir Muradov Birinci Qarabağ müharibəsi zamanı Vətənin müdafiəsində könüllü döyüşüb. Onun oğlu isə 44 günlük Vətən müharibəsinin ilk günlərindən sonadək torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Hazırda ali təhsil alır. İstəyi doğma rayonunda işləməkdir.
Ailənin xanımı Arzu Muradova da doğma yurda qayıtmağın sevincini yaşayır. “Bu günləri çox gözləmişik. Yurdumuzun həsrətini çox çəkmişik. Çox şükür ki, Vətənimizə qayıtmışıq”, - deyir. Bildirir ki, kəndə üç övladı ilə gəlib, lakin Xanyurdu onların ailəsi üçün yeni başlanğıc olub: “Mən bura üç övladımla gəlmişəm. Burada nənə olmuşam. Xanyurdu kəndində iki nəvəm dünyaya gəlib”.
Xanyurdu kəndində yenidən yanan ocaqlar, boy atan meyvə ağacları və dünyaya gələn yeni nəsil bu qədim yurd yerində həyatın əbədi olaraq geri döndüyünün ən parlaq göstəricisidir. Muradovlar ailəsinin timsalında bütün sakinlər artıq keçmişin ağrılı xatirələrini deyil, gələcəyin işıqlı planlarını qurur, doğma torpağa can verirlər. Dövlətin yaratdığı bu yüksək şərait və insanların sarsılmaz Vətən sevgisi Xocalının bu guşəsini yaxın zamanda daha da çiçəklənən bir məkana çevirəcək. Bu qayıdış sadəcə bir köç deyil, həm də milli ruhun öz əzəli ünvanına dönüşüdür.