AZ

Şoular ailə mövzularını niyə yanlış təqdim edir? - Əməkdar jurnalistdən açıqlama

Son dövrlərdə televiziya efirlərində ailə-məişət mövzusu əsasən şou verlişlərdə işıqlandırılır. Lakin bu proqramlar çox zaman sensasion və süni konfliktlərə üstünlük verərək ailə dəyərlərini düzgün təqdim etmir. Şouların dramatik elementlər üzərində qurulması izləyicidə yanlış təsəvvür yarada və şəxsi həyatın həddən artıq nümayişinə səbəb ola bilər. Belə verlişlər həmçinin cəmiyyətin ailə və məişət problemlərinə baxışını səthi və kommersiya yönümlü hala gətirir. Nəticədə, əyləncə məqsədi ilə yayımlanan bu proqramlar sosial məsuliyyət və əxlaqi dəyərlərin azalmasına gətirib çıxara bilər.

Mövzu ilə bağlı Missiya.Az-a danışan əməkdar jurnalist, filologiya elmləri doktoru Qulu Məhərrəmli deyib ki, müəyyən ictimai əhəmiyyət kəsb edən, auditoriya üçün maraqlı, xüsusilə gənclərə fayda verə biləcək, dünya görüşünü formalaşdıran və bilgi verən mövzular televiziyada müzakirə oluna bilər:

"Əsas məsələ budur ki, bu mövzular hansı rakursdan, hansı səviyyədə və kimlərlə müzakirə olunur. Məsələn, ailə problemlərini də müəyyən rakursdan televiziyada təhlil etmək mümkündür. Lakin əgər mövzu şou məqsədilə, sensasiya yaratmaq və normadan kənar xətləri vurğulamaq üçün təqdim olunursa, yalnız reytinq üçün istifadə olunursa, bu çox ziyanlıdır. Doğrudan da hər hansı bir problem kontekstində müzakirə aparmaq isə normaldır və faydalıdır. Təəssüf ki, bizim mediada dərin müzakirələr aparmaq çətindir. Bunun üçün müəyyən yaradıcılıq və texnoloji yanaşma tələb olunur və buna görə də çoxları daha ucuz sensasiyaya üstünlük verir, yüngül intriqa qurur",- deyə jurnalist bildirib.

Q.Məhərrəmli qeyd edib ki, belə təqdim olunan mövzular isə tez-tez dalaşmalar və üzləşmələrlə, hətta məişət səviyyəsindən aşağı mübahisələrlə nəticələnir:

"Belə halda da tamaşaçıda ikrah hissi yaranır. Bu, televiziyalarımızın diqqət etməli olduğu bir məsələdir. Efir danışığı isə həyatımızdakı gündəlik danışığın bir növ davamıdır. Kamera qarşısında danışdıqda, bu artıq ictimai danışıq sayılır. Ona görə də danışıq bəlli leksik normalara söykənməli, düzgün və diqqətlə qurulmalıdır. Tamaşaçını nəzərə almaq isə ən vacib prinsiplərdəndir",-deyə Qulu Məhərəmli əlavə edib.

Seyranə QuliyevaMissiya.Az

Seçilən
37
missiya.az

1Mənbələr