ABŞ ilk dəfə Venesuelaya ələ keçirilmiş yeddi tankerdən birini - "M/T Sophia" adlı gəmini geri qaytarıb.
BAKU.WS xəbər verir ki, bu barədə "Reuters" mənbələrə istinadən məlumat yayıb.
"Anonimlik şərti ilə danışan [ABŞ] rəsmiləri Venesuela hakimiyyətinə təhvil verilən gəminin Panama bayrağı altında üzən "M/T Sophia" supertankerı olduğunu təsdiqləyiblər. Onlar tankerın niyə geri qaytarıldığını açıqlamayıblar", - agentlik bildirir.
ABŞ-dən olan adı açıqlanmayan rəsmilərdən biri geri qaytarılan gəmidə neft olub-olmaması sualına cavab verə bilməyib.
Yanvarın 24-də Donald Tramp ABŞ-nin ələ keçirilmiş yeddi tankerin hamısından Venesuela neftini boşaltdığını bildirib. Onun sözlərinə görə, hazırda Venesuelanın neft sənayesi Vaşinqtonun nəzarəti altındadır və ABŞ şirkətləri ölkədə investisiyaların həcmini artırmağa hazırdır.