ain.az, Azertag portalına istinadən məlumat verir.
Bakı, 29 yanvar, AZƏRTAC
Ötən il Azərbaycanda qadın sahibkarların fəaliyyətində nəzərəçarpacaq fəallıq qeydə alınıb. Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən təşkil olunmuş biznes təlimləri və məsləhət xidmətlərindən ümumilikdə 900-dən çox qadın sahibkar və biznesə başlamaq istəyən qadın yararlanıb.
Bunu AZƏRTAC-a açıqlamasında Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) İdarə Heyətinin sədri Səkinə Babayeva bildirib.
Onun sözlərinə görə, qlobal səviyyədə olduğu kimi, Azərbaycanda da qadın sahibkarların davamlı iqtisadi inkişafa və məşğulluğun artırılmasına verdiyi töhfə ildən-ilə artır.
“Qadınların biznes yaratmağa və özünüməşğulluğa marağı yüksəlir. Hazırda ölkədə sahibkarların təqribən 23 faizini qadınlar təşkil edir və onlar əsasən xidmət, ticarət, sənaye, tekstil və turizm sektorlarında fəaliyyət göstərirlər”, – deyə Səkinə Babayeva qeyd edib.
AQSİA sədri bildirib ki, ölkədə tekstil sənayesinin inkişaf etdirilməsi və qadın sahibkarların bu sahədə fəaliyyətinin gücləndirilməsi məqsədilə xüsusi proqramlar üzərində iş aparılır. Bununla yanaşı, turizm sektorunun inkişafı istiqamətində həyata keçirilən tədbirlər qadın sahibkarların iqtisadiyyatın bu sahəsində fəallığının artmasına şərait yaradıb. Qeyd olunub ki, regionlarda turizm sahəsində çalışan qadınların sayı da artmaqdadır.
Səkinə Babayeva qadın sahibkarlığının inkişafı sahəsində əldə olunan irəliləyişlərin beynəlxalq reytinqlərdə də öz əksini tapdığını vurğulayıb. O bildirib ki, indiyədək 400 layihə çərçivəsində 70 minə yaxın qadın maarifləndirilib və bu gün Azərbaycan qadın sahibkarları müxtəlif beynəlxalq təşkilatlarda ölkəmizi layiqincə təmsil edirlər.
AQSİA sədri əlavə edib ki, 2025-ci ildə qadın sahibkarların fəaliyyətində artan dinamika və aktivlik açıq şəkildə müşahidə olunur. Onun sözlərinə görə, qadın sahibkarların biznes fəaliyyətinin maliyyələşdirilməsi istiqamətində AQSİA Azərbaycan hökuməti ilə birgə bir sıra layihələr reallaşdırıb və bu əməkdaşlığın gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.