Yanvarın 29-da Bakı Konqres Mərkəzində Azərbaycan Sənaye Təhlükəsizliyi Assosiasiyasının (AISA) və Fövqəladə Hallar Nazirliyinin birgə tərəfdaşlığı ilə hazırlanmış “MyLift” rəqəmsal platformasının rəsmi təqdimatı keçirilib.
Bu barədə Publika.az-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Tədbiri açılış nitqi ilə Fövqəladə Hallar Nazirliyi Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin rəis müavini İsmayıl Nəsirov, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyəti sədrinin müşaviri Zaur Qardaşov və Azərbaycan Sənaye Təhlükəsizliyi Assosiasiyasının İdarə Heyətinin sədri Orxan Xəlilzadə açıblar.
Agentliyin rəis müavini İsmayıl Nəsirov çıxışında lift təhlükəsizliyinin vacibliyindən danışıb, bu qurğuların hər bir istifadəçisinin həyatını etibar etdiyi mexanizm olduğunu vurğulayaraq, FHN-in fəaliyyətində insan təhlükəsizliyinin təmin edilməsinin prioritet sayıldığını diqqətə çatdırıb. Həmçinin, qeyd olunub ki, “MyLift” platforması sadəcə bir proqram təminatı yox, həm də lift təsərrüfatında idarəetmə fəlsəfəsinin köklü transformasiyasını özündə ehtiva edir.
KOBİA-nın İdarə Heyəti sədrinin müşaviri Zaur Qardaşov isə layihənin sahibkarlıq mühitinə təsirindən danışıb. O, sözügedən platformanın lift təsərrüfatı sahəsində fəaliyyət göstərən kiçik və orta sahibkarlıq subyektləri üçün şəffaf və ədalətli rəqabət mühitinin formalaşmasına töhfə verəcəyini qeyd edib. Bundan əlavə, Z.Qardaşov rəqəmsallaşmanın həm dövlət nəzarətini asanlaşdırmasından, həm də sahibkarların fəaliyyətini daha proqnozlaşdırıla bilən etməsindən danışıb.