ain.az bildirir, Xalq qazeti portalına istinadən.
Sənətkarlıq yüksək, tamaşaçı isə tələbkar deyil.
“Əşi, nə tafotu var bunun səs hardan gəlir, burdan eşit, burdan da oyna da...” “Oğlumu axtarırdım, dostumu tapdım...” “Əhmədin anası hələ ölməyib ki...” “Xoşbəxtlik, xoşbəxtlik...” “İndi Hüseynova bacıları öz məharətlərini göstərəcəklər!” Bu replikaları oxuyanda hamımızın üzündə eyni ifadə yaranır. Çünki bu cümlələr xalqın yaddaşına hopan, gündəlik sevincimizdə, kədərimizdə misal çəkdiyimiz mənəvi mirasımız, illər keçdikcə cilalanan yaddaşımızdır.
Vaxtilə ustad sənətkar Səməndər Rzayevin “Bəyin oğurlanması” filmində səsləndirdiyi “Bu kino ki, var... çox qəliz məsələdir, həm qəlizdir, həm də ki, vacib” ifadəsi milli kinomuzun keçmişini, bu gününü və həllini tapmayan müəmmasını özündə gizlədir.
Kinomuzun son iyirmi illik tarixinə boylananda yaddaşımızda bircə cümləlik belə əks-səda tapmaq müşkülə çevrilib. Bəs, görəsən texniki imkanların bu qədər geniş olduğu bir dövrdə, niyə müasir kadrlar ruhumuza toxuna bilmir?
Azərbaycan Kinematoqrafçılar İttifaqının idarə heyətinin üzvü, kinotənqidçi Sevda Sultanova bildirir ki, müasir dövrdə kino ilə ədəbiyyat arasında əlaqənin itməsi problemin əsas qaynağıdır:
– XX əsrin əvvəllərində ədəbiyyatın kinoya əhəmiyyətli təsiri vardı. Məsələn, Azərbaycan kinosunun ilk dövrü məhz Cəfər Cabbarlının yaradıcılığı ilə sıx bağlı idi. C.Cabbarlının “Sevil” pyesinin ssenarinin yazılmasında, hətta filmin vizual dilinin tapılmasında böyük rolu olmuşdu. Ümumiyyətlə, C.Cabbarlının kino işinin təşkilində xidmətləri əvəzsiz idi. Bu mənada indiyə qədər “Azərbaycanfilm” kinostudiyasının məhz ədəbiyyatçı Cəfər Cabbarlının adını daşıması da təsadüfi deyil...
1930-cu illərdə ssenaristlərin əksəriyyəti qeyri-millətlərin nümayəndələri idi. 1940-cı illərdən başlayaraq isə ssenari sahəsinə milli kadrlar gəlməyə başladı. Ədəbiyyatla kinonun sıx təmasının yaranmasında ayrı-ayrı vaxtlarda kinostudiyaya rəhbərlik etmiş nasir-şairlərin əməyi danılmazdır: Şəmsəddin Abbasov (1939-41), Rəsul Rza (1942-44), daha sonra – 1946-49-cu illərdə Azərbaycanın kinematoqrafiya naziri), Mehdi Hüseyn (1944), Cəmil Əlibəyov (1974-84)...
Kinonun başlıca komponenti təsvirdir. Musiqi də, ssenari də təsvirə tabe olmalı, onun diliylə danışmalıdır və bunun üçün ssenaristin kinoestetikanı dərindən dərki vacibdir. Bu mənada hər istedadlı, peşəkar yazıçı yaxşı ssenarist ola bilmir. Sovet dövründə kinonun dilini yaxşı mənimsəmək üçün bir qisim yazıçı ssenari işi üzrə təhsil almışdılar. Ənvər Məmmədxanlı, Mehdi Hüseyn, İmran Qasımov, Fərman Kərimzadə Moskvada Dövlət Kinematoqrafiya İnstitutunun nəzdində kinossenari kursunu bitirmişdilər. Daha sonra Anar, Ramiz Rövşən Moskva Ali ssenari kurslarında təhsil almışdılar ki, onların fəaliyyəti kinomuza bir növ fərqli nəfəs gətirdi: “Gün keçdi”, “Dədə Qorqud” “Dantenin yubileyi” (Anar), “Babamın babasının babası”, “Özgə vaxt”, “Süd dişinin ağrısı” (Ramiz Rövşən).
Təbii ki, yazıçıların ssenarist kimi rejissorlarla əməkdaşlığının nəticəsi həmişə uğurlu olmayıb. Ortaya çox zəif, uğursuz işlər də çıxırdı. Süleyman Rəhimovun “Mehman” əsəri əsasında Muxtar Dadaşovun çəkdiyi “Qanun naminə” maraqlı təsvir həlləri baxımından yaxşı filmlərimizdəndir. Ssenarini əvvəlcə Süleyman Rəhimov Firudin Aşurovla birgə yazsa da, “Azərbaycanfilm”in rəhbərliyi tərəfindən bu versiya qəbul olunmamışdı. Səbəb kino dilinin yoxluğu, bütöv epizodların ssenariyə köçürülməsi idi. Çünki film bədii mətndən asılı olmamalı, illüstrasiya xarakteri daşımamalı və tam müstəqil əsər kimi çəkilməlidir. Sonradan ssenarini Muxtar Dadaşov moskvalı Maro Erzinkyanla birgə işləmiş, bir sıra epizodlar ixtisara salınmışdır.
İndi isə elə vəziyyət yaranıb ki, rejissorlar ədəbiyyatdan, yazıçılar isə kinoda gedən proseslərdən məlumatlı deyillər. Yaradıcı sahələrin əlaqəsi, ünsiyyəti, fikir mübadiləsi kinoda yenilənmə, fərqli fikirlər, obrazlar, mövzular, yeni imzalar deməkdir. Sovet dönəmindən fərqli olaraq, müasir kinoda yazıçıların əsərlərinin ekranlaşdırılması barmaqla sayılacaq qədərdir. Lakin kino ilə ədəbiyyatın təması həm də ona görə vacibdir ki, rejissor yazıçının əsərini ekranlaşdırmasa belə, hansısa motivindən bəhrələnsin, yaxud bu ona nəsə bir ideya versin. İndi film çəkilirsə, mütləq şəkildə onun piarı aparılmalıdır. Tanıtım isə konkret maliyyə vəsaiti tələb edir. Əgər film istehsal olunursa, dövlət büdcəsində onun reklam materialları, kinoteatrlarda nümayişi üçün xüsusi vəsait də olmalıdır.
Beynəlxalq festivallara gedən filmlərimiz var, amma piarı yoxdur deyə Azərbaycan tamaşaçısı onları tanımır. Festivalda iştirak etmək və ya mükafat almaqla məsələ bitmir. Filmin əsl uğuru ondadır ki, onu distribusiya şirkətləri alıb başqa ölkələrdə nümayiş etdirsin. Lakin bizim çox az filmimiz olub ki, xarici ölkələr tərəfindən alınıb nümayiş etdirilsin.
Yada düşən bir nümunə var – Orxan Ağazadənin tammetrajlı, hibrid janrda, bədii və sənədli filmin sintezi olan “Kinomexanikin qayıdışı” filmi. Filmin yaradıcı heyəti azərbaycanlıdır, amma əsər Almaniya istehsalıdır. Ekran işi yaxın vaxtlarda Fransa kinoteatrlarında nümayiş olundu, amma Azərbaycanda hələ prokatda deyil. Baxmayaraq ki, xaricilər istehsal edib, əgər yaradıcı heyət azərbaycanlıdırsa, demək, bizim yüksək potensialımız var. Bəs problem nədədir? Burada kinoteatrların şərtləri, gəlir bölgüsü, iqtisadi mexanizmlər və digər texniki məsələlər var.
Sovet dövründə piar məsələləri indiki kimi inkişaf etməsə də vahid təbliğat sistemi var idi – kinoteatrlar, televiziya, mətbuat. İnsanların əyləncə imkanları məhdud, informasiya mənbələri az idi. Buna görə də filmlər daha çox təbliğ olunur, kinoteatrlar dolu olurdu. Amma bu gün vəziyyət tam fərqlidir: internet, alternativ platformalar var. Məsələn, bir fakt deyim: Emil Quliyevin “İkinci pərdə”, “Mən burada tək olmuşam” filmlərinin kinoteatrlarda kassa gəliri gətirmədi. Amma sonradan “YouTube” platformasına yerləşdirildi və təxminən, iki ay ərzində iki milyona yaxın baxış topladı. Bu filmin kassa yığmamasının əsas səbəblərindən biri filmdə bəzi kadrlarda bağlı idi. Çünki kinoteatra ailəsi, həyat yoldaşı ilə gələn tamaşaçılarda nalayiq ifadələr diskomfort yaradır. Amma sosial şəbəkələrdə çox baxış yığmasının səbəbi tamaşaçının onu platformalardan tək izləyə bilməsidir. Bunun fonunda kommersiya kinosu və müəllif kinosu anlayışlarına nəzər salmaq vacibdir.
Kommersiya kinosunda əsas məqsəd gəlir əldə etməkdir. Burada film auditoriyanı cəlb etməli, bilet satışı və yayım gəliri yaratmalıdır. Film janrları populyar zövqlərə uyğun seçilməlidir: komediya, triller, melodram və s. Belə filmlər geniş kütlə üçün hazırlanır. Müəllif kinosunda isə əsas məqsəd sənətkarlıq və yaradıcılıqdır. Burada rejissor öz bədii vizyonunu ifadə edir, mesajını, ideyasını önə çıxarır. Bu tip filmlər bəzən kommersiya uğuru gətirmir, çünki onlar geniş kütləyə deyil, müəyyən tamaşaçı qrupuna yönəlir.
Milli kino tariximizdə kommersiya kinosunu İbrahim bəy Musabəyovun “Neft və milyonlar səltənətində” əsəri stimullaşdırıb. İstehsalçıların məhz bu əsərə diqqət ayırması təsadüfi deyildi. Çünki XIX əsrin 70-ci illərindən başlayaraq, iqtisadi yüksəliş dövrünü yaşayan Bakı qısa müddətdə mühüm neft sənayesi mərkəzinə çevrilmişdi. Musabəyovun əsəri dövrün aktual mövzusuna toxunur, neft Bakısının görünməyən tərəflərindən, azərbaycanlı milyonçuların məişətindən, neft mədənlərində çətin şəraitdə işləyən fəhlələrin ağır güzəranından bəhs edirdi.
Film neft sahibkarlarının vəsaiti hesabına, kino istehsalını təşkil etmək məqsədilə belçikalı sahibkarlar - Pirone qardaşları tərəfindən 1915-ci ildə yaradılmış “Filma” səhmdar cəmiyyətinin sifarişi ilə istehsal olunmuşdu. Bu film yerli publikanın marağını çəkdiyindən təşkilat ölkədə kino bazarını əldə saxlamaq məqsədilə növbəti dəfə Üzeyir Hacıbəylinin “Arşın mal alan” əsərinin üzərində dayanmışdı. “Arşın mal alan” o dövrdə çox populyar idi, burada azərbaycanlıların məişəti, adət- ənənələri istehsalçıların diqqətini çəkmişdi. Filmin ilk nümayişi zamanı birinci seansın bütün biletləri satılıb qurtarmışdı.
Lakin Azərbaycanda tezliklə sovet hakimiyyətinin qurulması nəticəsində kino kommersiyadan çox ideoloji silaha, təbliğata çevrildi. Bununla belə, Sovet İttifaqının sonrakı inkişaf dönəmlərində gəlir gətirən, kassa yığan filmlər vardı. Zamanın və iqtisadi şərtlərin tələbi ilə həmin mərhələdə meydana gəlmiş müstəqil studiyalar (“Ocaq”, “Yeni film”, “Birlik”, “Yaddaş” və s.) özəl vəsait hesabına çoxlu sayda filmlər çəkir, kommersiya kinosu ilə yanaşı, müəllif kinosu da inkişaf edirdi.
Məsələn, “Təhminə” filmi Bakı Neftayırma Zavodu, “Qara volga” Dövlət Yanacaq Komitəsinin büdcəsi hesabına çəkilmişdi. Müstəqil şirkətlər də kinoya vəsait qoyurdu: “Bəxt üzüyü" “Qaraqaya” Assosiasiyası, “Qırmızı qatar” filmi isə “Rimur” Konserni tərəfindən maliyyələşdirilmişdi.
Bu gün, ümumilikdə, kino istehsalının inkişafı üçün qanunvericilikdəki boşluqlar da aradan qaldırılmalıdır. Hazırda qüvvədə olan “Kinematoqrafiya haqqında” qanun 1998-ci ildə qəbul edilib ki, burada vacib dəyişikliklərə ehtiyac var. Əsas dəyişikliklərdən biri kino sənayesinin inkişafına təkan verəcək, bazarı formalaşdıracaq vergi güzəştlərinin tətbiqidir.
Kommersiya kinosunun inkişafına sponsorların sərmayə qoyması ilə iş bitmir. Bu nöqteyi-nəzərdən heç olmasa daxili kino bazarı formalaşanadək film istehsalına və satışına qoyulan ƏDV ləğv edilməlidir. Sahibkarların kinoya investisiya yatırmasını stimullaşdırmaq məqsədilə vergi güzəştlərinin tətbiqi də kino sənayesinin inkişafını sürətləndirə biləcək amillər sırasındadır. Bu da öz növbəsində kinonun dövlət büdcəsinə yük olmasının qarşısını xeyli alacaq. Biz böyük büdcəli filmlərə üstünlük verməməliyik. Azərbaycanın resursları daha çox az və orta büdcəli film layihələrinə uyğundur. Belə olduqda, film istehsalı sayca daha çox olur və kəmiyyət artdıqca keyfiyyətli işlər də ortaya çıxır.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti, kinorejissor Yusif Quliyev qeyd edir ki, ali kino sənəti mənəvi vüsəti, bədii dürüstlüklə yoğrulmuş səmimiyyəti və bəşər ruhunun dərinliklərinə nüfuz edən sirayətedici qüvvəsi ilə könüllərdə taxt qurar:
“Yaxşı film” anlayışı yalnız texniki göstəricilər, parlaq vizual effekt və yüksək büdcə ilə müəyyən edilmir. Bu, çoxşaxəli və mürəkkəb bir məfhumdur və əsasında həm sənətkarlıq, həm də milli-mədəni dəyərlər dayanır. Həqiqi sənət incisi insan ruhuna toxunmalı, qəlbin dərinliklərinə yol tapmalıdır. Lakin bu sualın cavabı ictimai-sosial mühitdən, milli kodlardan və tarixi təcrübədən asılı olaraq dəyişə bilər. Yəni bu anlayış həm cahanşümul mahiyyət kəsb edir, həm də mədəni irsə söykənərək lokallaşır.
Tez-tez soruşurlar: “Tamaşaçı necə film istəyir?” Cavab olduqca sadədir – tamaşaçı maraq təşnəsidir. O, özünü tapacağı hekayə istəyir. Burada həm mətnin dili, həm də onun vizuallıqda necə təcəssüm tapdığı, yəni rejissorun, quruluşçu operatorun və kino bəstəkarlarının bədii yanaşması mühüm rol oynayır. Lakin peşəkarlıq da bəzən kifayət etmir. Çünki tarixin müxtəlif dönəmlərində o qədər filmlərlə qarşılaşmışıq ki, texniki baxımdan çox zəif olmalarına baxmayaraq, ideya baxımından güclü olduqları üçün yadda qalıb.
Mən bu həqiqəti dəfələrlə yerli və beynəlxalq festivallarda müşahidə etmişəm. Əsərin qüdrəti onun zahiri təmtərağında deyil, bədii mahiyyətində gizlənir. Bəzən qaranlıq zalda oturub, texniki qüsurları açıq-aşkar hiss olunan film izləyirsən, amma seans bitəndən sonra o film səni rahat buraxmır. Çünki orada qəlbə toxunan ağrı və ya sevinc var. Kino sanki bir güzgüyə bənzəyir. Tamaşaçı o güzgüyə baxanda ya özünü görməlidir, ya da görməkdən qorxduğu tərəfləri.
Bugünkü tamaşaçı araşdıran, müqayisə edən tamaşaçıdır. O, süni pafosu dərhal hiss edir, yalan emosiyanı qəbul etmir. Ona görə də film nə qədər “böyük” görünməyə çalışsa da, əgər içində reallıq, tarixilik yoxdursa, unudulmağa məhkumdur.
Bu gün Azərbaycan kinosunun dirçəlişi üçün ciddi cəhdlər göstərilir. Lakin prosesin uğurla irəliləməsi bütövlükdə kino sənayesini təşkil edən ərbablardan – kinorəssamlardan, montaj ustalarından, səs rejissorları və bəstəkarlardan asılıdır. Əgər biz beynəlxalq arenada rəqabətədavamlı nümunələr yaratmaq niyyətindəyiksə, ilk növbədə, fundamental biliyə malik ssenarist və rejissorlar yetişdirməliyik.
Kamil rejissor ədəbi-dramaturji strukturu dərindən idrak etməlidir. Əks halda, o bir ideya ilə yola çıxır, sonra anlayır ki, bu ideya artıq neçə onillər əvvəl işlənib və bu zaman rejissorun dünyagörüşünün zəifliyi ön plana çıxır. Əslində, dünya ədəbiyyatında və kinosunda işlənə biləcək ideyaların sayı o qədər də çox deyil, təxminən, 36 əsas süjet modeli mövcuddur. Amma bu mövzulara yanaşma tərzi, təqdimat üslubu və estetik dil fərqli olduqda yeni sənət üfüqləri açılır.
Təəssüf ki, bu gün ölkəmizdə xüsusilə uşaq filmləri sahəsində ciddi boşluqlar var. Axırıncı yaddaqalan keyfiyyətli məhsullar Əlisəttar Atakişiyevin rejissoru olduğu “Bir qalanın sirri”, “Sehrli xalat”, “Qərib cinlər diyarında” filmləridir. Bu filmlərdən sonra demək olar ki, uşaqlar üçün eyni dərəcədə uğurlu və yaddaqalan işlər ortaya qoyulmayıb.
Yaxşı film həm də tarixi dərketmə qabiliyyəti tələb edir. Qarabağ müharibələri ilə bağlı müəyyən filmlər çəkilib, lakin hələ də tam potensial istifadə olunmayıb. Amma o dövrün qəhrəmanlarının həyat yolu, fədakarlıqları, mənəvi dayaqları çox dərin bədii əsərlərə çevrilə bilər. Bu cür filmlər təkcə tarixi sənədləşdirmək deyil, həm də gələcək nəsillərə milli kimliyi aşılamaq baxımından əvəzsizdir.
Sonda qeyd etmək istəyirik ki, yaxşı film dedikdə yalnız “nəyi çəkirik” sualı deyil, “niyə çəkirik” və “necə çəkirik” sualları daha çox əhəmiyyətlidir. Əgər biz bu suallara birmənalı və mədəniyyətimizə, tariximizə, mənəviyyatımıza söykənən cavablar verə biliriksə, deməli, yaxşı film yaratmaq yolunda əmin addımlarla irəliləyirik.
Sənətşünas Sədaqət Zaurqızının sözlərinə görə, bu filmlərin uğuru texnikada deyil, canlı obrazlarda, güclü dramaturgiyada, tamaşaçı ilə səmimi dialoq və aktyor–obraz uyğunluğunda idi:
– Çünki keçmişdə rejissorlar aktyoru illərlə axtarırdı. Hüseyn Ərəblinski, Rəşid Behbudov, Lütfəli Abdullayev, Leyla Bədirbəyli kimi sənətkarlar rola “təyin olunmurdu”, obraz onlarda doğulurdu. Bu gün isə bəzən tam əksi ilə üzləşirik. Obraz aktyora uyğunlaşdırılmır, aktyor zorla obraza salınır. Daha acınacaqlısı odur ki, bu gün güclü, peşəkar, məktəb keçmiş aktyorlar səhnədən kənarda qalırlar. Bu isə kino aktyorluğunda eyni simaların, eyni intonasiyaların təkrarına gətirib çıxarır. Kino isə aktyorun daxili enerjisini tələb edir, sadəcə, tanınmış sima olmağını yox.
Düzdür, müstəqillik dövründə milli kino mövzu və janr baxımından xeyli zənginləşib. “Buta”, “Nar bağı”, “Çölçü”, “Qisas almadan ölmə”, “Pərdə” trilogiyası, “Axınla aşağı”, “Dolu”, “Üçüncü günün adamı”, “Xurmalar yetişən vaxt”, “Buqələmun”, “Şollerin arxivi”, “Hədəf”, “Sonuncu”, “Birinci mərtəbə”, “Sahə”, “Balıq”, “Sanki yoxsan” kimi filmlər müasir Azərbaycan insanının daxili konfliktlərini, müharibə travmasını, kök axtarışını və sosial tənhalığını göstərir. Sadalanan filimlər ciddi ekran əsəri nümunələridir və beynəlxalq festivallarda maraqla qarşılanıb. Bu, şübhəsiz ki, uğurdur. Lakin problem ondadır ki, filmlərin bir qismi xarici auditoriya üçün anlaşılan olduğu qədər, yerli tamaşaçı ilə emosional bağ yarada bilmir. Tamaşaçı öz həyatını, məişət dilini, daxili konfliktlərini ekranda görmək istəyir. Burada da əsas problem ortaya çıxır: film festival üçün çəkilir, tamaşaçı üçün yox.
Digər mühüm məsələ filmlərin yayımıdır. Keçmişdə kino nadir hadisə idi – filmə baxmaq ictimai mədəni ritual sayılırdı. Günümüzdə isə kino informasiya bolluğu içində itib. Sistemli distribusiya, peşəkar prodüserlik və tamaşaçı ilə ünsiyyət mexanizmi zəifdir. Film çəkilir, festival turu keçir, amma öz ölkəsində lazımi səviyyədə təqdim olunmur. Nəticədə, kino “öz tamaşaçısını tanımır”, tamaşaçı da kinonu.
Müasir Azərbaycan kinosunda ssenari problemi də açıq görünür. Texniki keyfiyyət artıb, amma dramatik konflikt, dialoq mədəniyyəti və obraz dərinliyi hər zaman bu səviyyəyə uyğun gəlmir. Keçmiş filmlərin replikalarının yadda qalmasının səbəbi onların süni yox, həyatdan götürülməsi idi. Bu kontekstdə serial məsələsinə toxunmamaq mümkün deyil. Bu gün seriallar geniş auditoriyaya təsir edən əsas vizual məhsuldur. Təəssüf ki, Azərbaycan seriallarının böyük hissəsi səviyyə, dramaturgiya və aktyor oyunu baxımından ciddi tənqid olunur. Süni konfliktlər, zəif dialoqlar, eyni tip rollar və tez-bazar istehsal kino mədəniyyətinə də mənfi təsir göstərir.
Bununla belə, müsbət tendensiyalar da var. Son illər tarixi mövzulara marağın artması diqqət çəkir. Bu baxımdan “Tağıyev” filmi xüsusi qeyd olunmalıdır. Film təkcə Hacı Zeynalabdin Tağıyevin bioqrafiyası deyil, bütövlükdə bir dövrün, maarifçilik ideyasının, milli burjuaziyanın formalaşmasının ekran təsviridir. Əgər film tamaşaçı ilə düzgün dildə danışa, pafosdan çox insan taleyinə fokuslana bilsə, bu, kütləvi maraq baxımından ciddi addım ola bilər. Çünki tarix tamaşaçı üçün yalnız fakt deyil, emosional yaddaşdır.
Problem aktyor seçimi, ssenari dərinliyi və tamaşaçı ilə ünsiyyətin itməsindədir. Azərbaycan kinosunun gələcək uğuru texnikadan çox, yenidən insan hekayəsinə qayıdışdan, səmimiyyətdən və milli yaddaşla müasir düşüncənin balansından asılıdır. Keçmiş filmlər yadda qalıbsa, bu nostalji deyil, sənət və tamaşaçı arasında qurulmuş doğru münasibətin göstəricisidir.
Prodüser və rejissor Orxan Mərdan qeyd edir ki, o dövrdə milli kontentə ehtiyac elə səviyyədə idi ki, yerli istehsalçılar bir-birilərinə qarşı xəsislik etmədən layihələri bölüşür, dəstəkləyir, filmlərin mümkün qədər geniş auditoriyaya çatmasını istəyirdilər:
– Bu proses açıq şəkildə razılaşdırılmış bir mexanizm deyildi. Daha çox könüllü şəkildə formalaşan, bir növ “el birliyi” ilə həyata keçirilən reklam və təbliğat idi. Hamı eyni məqsədə xidmət edirdi: milli kinonun ayaqda qalması və tamaşaçıya çatması. Zaman keçdikcə bu sahədən pul qazanmaq üçün təbii olaraq rəqabət artdı.
Bu mərhələdən sonra filmlər tədricən bir-birinə bənzəməyə başladı. Janr etibarilə oxşar işlər ortaya çıxdı, eyni tip hekayələr, eyni tip aktyorlar təkrarlandı. Tamaşaçı zamanla eyni aktyorları eyni süjetlərdə görməkdən yoruldu və maraq azalmağa başladı. Beləliklə, proses getdikcə daha çox biznesə, daha çox gəlir yönümlü sahəyə çevrildi. Bu isə istər-istəməz münasibətlərin sərtləşməsinə, rəqabətin daha aqressiv formalar almasına gətirib çıxardı.
Digər səbəb isə bilet qiymətləridir. Əvvəllər 3–5–7 manata olan biletlər bu gün 10 manatdan başlayır və daha yuxarıdır. Digər bölgələrimizdə də kinoteatrlar fəaliyyət göstərsə, qiymət münasib olsa tələbat da artar. Bu gün sıradan bir filmi belə reklam etmək üçün bəzən filmin öz büdcəsinə yaxın, hətta onun qədər piar vəsaitinə ehtiyac yaranır. Reklam məsələsi fərdi yanaşma tələb edir. Burada janrın öz tələbləri var və ümumilikdə istehsalçının layihəyə nə dərəcədə inanıb-inanmaması çox şeyi müəyyənləşdirir. Əgər layihəyə inanırsa, reklam büdcəsi daha geniş və iddialı olur, əgər inanmırsa, reklam daha minimal, sadəcə, tanıtım xarakterli şəkildə aparılır. Alternativ janrda, rezonans yaradacaq güclü və səbəbli hekayən yoxdursa, reklam üçün çox böyük vəsait lazımdır. Əgər orta statistik bir hekayən varsa, yəni tamaşaçıya sadəcə “adı satmaq” istəyirsənsə, məqsəd ilk 20–30–50 min tamaşaçını kinoteatra cəlb etməkdir.
Amma əgər büdcən böyükdürsə, hekayən orijinaldırsa bəzi hallarda film özü-özünü də reklam edir. Belə vəziyyətdə çox böyük reklam xərclərinə ehtiyac qalmır.
İndiki situasiyada isə kinoteatrların sayı, tamaşaçı potensialı və real tələbat əvvəlcədən bəllidir. Reklam büdcəsi də bu rəqəmlərə uyğun şəkildə formalaşdırılır və məhdud xərclənir. Ortaya çıxan nəticə, təəssüf ki, bugünkü şəraitdə çox da ürəkaçan olmur. Açıq desək, bu günə qədər elə bir festival nəticəmiz olmayıb ki, kütləvi marağa ciddi təkan versin. Yəni əgər Azərbaycanın hansısa filmi Kann, Oskar kimi daha populyar və nüfuzlu festivallarda real nəticə əldə etsə, o zaman tamaşaçı da avtomatik maraq göstərəcək. Çünki bu artıq mexaniki şəkildə kütləviləşən piara çevrilir və milli qürur məsələsi kimi qəbul olunur. İnsanlar istəyir ki, o filmlə maraqlansın, ona baxsın.
Amma indiki vəziyyətdə filmlərimiz daha çox orta səviyyəli festivallarda iştirak edir və əsasən “getdik, qatıldıq” xarakteri daşıyır. Bu isə tamaşaçıda “gedim o filmə baxım” effekti yaratmır. Üstəlik, nəzərə alsaq ki, həmin filmlərin böyük əksəriyyəti qısametrajlıdır. Qısametrajlı film əgər festivaldan kənar xüsusi nümayişi yoxdursa, ümumiyyətlə kütləvi xarakter daşımır. Çünki onun əsas auditoriyası kinoteatr tamaşaçısı deyil.
Sözümüzün canı budur ki, kino xalqın ömür boyu yaddaşında daşıyacağı səmimiyyət üçün çəkilməlidir. Əgər sənətkar öz elinin dilini, dərdini unudubsa, ən möhtəşəm mükafatlar belə o boş qalan kinoteatr zallarının soyuqluğunu isidə bilməyəcək.
Hazırladı:Fidan ƏLİYEVAXQ
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.