Kolumbiya prezidenti Qustavo Petro ABŞ-ın Venesuelaya hərbi müdaxiləsini tənqid edərək Latın Amerikası ölkələrini birliyə çağırıb. Petro deyib: "Biz Karakasın və ya Amerikadakı hər hansı ölkənin nə şimalda, nə də cənubda raketlərlə hədəfə alınmasını istəmirik. Xalqlarımız tarixi elə formalaşdırıb ki, özümüzü Latın Amerikası və Karib dənizi sivilizasiyası kimi görməyə başlamalıyıq".
Hafta.az yazır ki, Petro bunu Panamada Latın Amerikası və Karib İnkişaf Bankı (CAF) tərəfindən təşkil edilən "Latın Amerikası və Karib Beynəlxalq İqtisadi Forumu"nun açılışında deyib.
ABŞ-ın adını açıq şəkildə çəkmədən Petro Venesuelaya hərbi müdaxiləyə işarə edərək deyib ki, narkotik qaçaqmalçılığı, iqlim böhranı və artan münaqişələr kimi qlobal təhdidlərə qarşı mübarizənin yeganə yolu regional inteqrasiyadır.
Latın Amerikasının əsl gücünün raketlərdən və ya puldan qaynaqlanmadığını vurğulayan Petro, sualı belə qoyub: "Əsl sərvət həyatda, təbiətdə, mədəni müxtəliflikdə və dünyaya müharibəyə dinc alternativ təklif etmək səylərindədir. Parçalanma və təcridlə kifayətlənəcəyikmi, yoxsa əsl birlik quracağıq?"
Latın Amerikası və Karib Beynəlxalq İqtisadi Forumunda Kolumbiya, Braziliya, Panama, Boliviya, Yamayka, Ekvador, Qvatemala və Çili prezidentləri iştirak edib.