AZ

Sülh prosesi regiona iqtisadi dirçəliş gətirir

ain.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İrəvanla Bakı arasında mayeləşdirilmiş qaz və bitumun daşınması barədə razılaşma əldə olunub. Azərbaycan və Ermənistan arasında ticarət əlaqələrinin qurulması artıq beynəlxalq gündəliyin də əsas mövzularından birinə çevrilib.

Bu proses qlobal tədbirlər çərçivəsində, eləcə də Prezident İlham Əliyevin xarici ölkələrin rəhbərləri ilə keçirdiyi görüşlərdə müsbət kontekstdə müzakirə olunur. Xüsusilə bir neçə gün öncə başa çatan Davos Ümumdünya İqtisadi Forumunda bu məsələ öz aktuallığı ilə seçilib. Yanvarın 20-də Davosda “Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi” mövzusunda panel iclasında çıxış edən dövlət başçısı paraflanmış sülh sazişinin artıq praktik nəticələr verdiyini vurğulayıb: “Biz sülh şəraitində nəinki cəmi 5–6 aydır yaşayırıq və bu vəziyyətdən yararlanırıq...”.

Məhz bu siyasi fonun formalaşması təsadüfi deyil. Məlum olduğu kimi, 8 avqust 2025-ci il tarixində Vaşinqtonda Azərbaycan və Ermənistan arasında paraflanmış sülh sazişi iki ölkə arasında münasibətlərin normallaşması üçün mühüm zəmin yaradıb. Bu prosesin davamı olaraq, həmin ilin oktyabr ayında Prezident İlham Əliyevin Ermənistana yük tranzitinə tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılması barədə qərarı ticarət əlaqələrinin real müstəviyə keçməsinə təkan verib. Nəticədə, Azərbaycan ilə Ermənistan arasında həm birbaşa, həm də tranzit dəmir yolu daşımaları həyata keçirilməyə başlanılıb və bu proses hazırda da davam etdirilir.

Siyasi qərarların iqtisadi mexanizmlərlə tamamlanması isə tərəflər arasında əməkdaşlığın davamlı xarakter almasına yol açıb. Belə ki, Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan sosial şəbəkə hesabında İrəvanla Bakı arasında mayeləşdirilmiş qaz və bitumun Azərbaycan ərazisi vasitəsilə dəmir yolu ilə daşınması barədə razılaşmanın əldə olunduğunu açıqlayıb. Nazir qeyd edib ki, yerli sahibkarlar artıq bu imkanlardan yararlana bilərlər.

Bu razılaşmalar fonunda ticarət axınlarının konkret nümunələri də formalaşmağa başlayıb. Xatırladaq ki, ötən ilin dekabr və bu ilin yanvar aylarında Azərbaycanın neft məhsulları Ermənistana ixrac edilib. Bundan əvvəl isə Qazaxıstan və Rusiyadan buğdanın Azərbaycan ərazisindən keçməklə Ermənistana çatdırılması həyata keçirilmişdi. Ekspertlərin fikrincə, rəsmi Bakı ilə İrəvan arasında de-fakto sülhün möhkəmlənməsi və ticarət əlaqələrinin bərpası bütövlükdə regionun iqtisadi kursunu və inkişaf perspektivlərini müsbət istiqamətdə dəyişə bilər.

Digər tərəfdən, bu ticarət əlaqələrinin iqtisadi effekti artıq statistik göstəricilərdə də öz əksini tapır. Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, 2025-ci ilin dekabr ayında Azərbaycandan Ermənistana 788,8 min ABŞ dolları dəyərində məhsul ixrac edilib. Nəzərə alsaq ki, mövcud əməkdaşlıq mexanizmləri gələcəkdə daha da genişlənə bilər, bu halda ticarətdən əldə olunan gəlirlərin də mütənasib şəkildə artacağı proqnozlaşdırılır.

Xüsusilə diqqətçəkən məqamlardan biri enerji məhsulları üzrə əməkdaşlığın bazara təsiridir. Ermənistana ixrac edilən məhsulların əsasını premium benzin təşkil edir ki, bu da həmin ölkənin daxili bazarında qiymətlərin aşağı düşməsinə səbəb olub. 2025-ci ilin dekabr ayının ortalarından etibarən Ermənistan Azərbaycan istehsalı olan benzin idxal etməyə başlayıb.

Nəticədə, premium benzinin qiyməti 15 faiz azalaraq litr üçün 510 dramdan 430 drama düşüb. Baş nazir həmçinin bildirib ki, dizel yanacağının qiyməti 2 faiz, adi benzinin qiyməti isə dekabr ayı ilə müqayisədə təxminən 8 faiz azalıb. Ermənistanın Baş naziri Paşinyanın sözlərinə görə, bu göstəricilər sülh gündəliyinin konkret iqtisadi nəticələridir.

Bununla yanaşı, mövcud logistika marşrutları da diqqət mərkəzindədir. Hazırda Ermənistana göndərilən yüklər əsasən Gürcüstan ərazisindən tranzit keçməklə daşınır. Bu marşrut mövcud geosiyasi və infrastruktur şərtlər fonunda ticarətin ilkin mərhələsində mühüm rol oynayır. Lakin paralel olaraq, yüklərin gələcəkdə birbaşa Azərbaycan–Ermənistan istiqamətində daşınması ehtimalı da gündəmdədir. Bu isə logistika xərclərinin azalmasına, daşımaların sürətlənməsinə və ticarət dövriyyəsinin daha da artmasına imkan yarada bilər.

Təbii ki, bu imkanların reallaşması, ilk növbədə, iki ölkə arasında münasibətlərin sülh və qarşılıqlı etimad şəraitində davam etməsindən asılıdır. Regionda uzunmüddətli sabitliyin təmin olunması nəqliyyat-kommunikasiya xətlərinin açılması və iqtisadi əlaqələrin institusional əsasda inkişafı üçün əsas şərt kimi çıxış edir. Mövcud siyasi siqnallar göstərir ki, artıq rəsmi İrəvanın siyasi rəhbərliyi bu məsələyə əvvəlkindən fərqli olaraq, konstruktiv və müsbət yanaşma nümayiş etdirir. Bu yanaşma qorunub saxlanılarsa, yaxın gələcəkdə regional ticarət və nəqliyyat əməkdaşlığında yeni mərhələnin başlanması mümkündür.

Emin QƏRİBLİ,iqtisadçı-ekspert

İqtisadi münasibətlərin bərpası və yenidən aktivləşməsi, ilk növbədə, region iqtisadiyyatına yaxşı təsir göstərəcək. Bu çərçivədə Naxçıvanda istehsal olunan məhsulların ixrac imkanları genişlənəcək, yeni bazarlara çıxış daha real olacaq.

Ermənistanın blokada şəraitindən çıxması regional ticarət axınlarını canlandıra bilər. Bu proses ixrac coğrafiyasını da genişləndirəcək. Türkiyənin şərq bölgələrinə, eləcə də Avropa bazarlarına göndərilən məhsulların qiyməti ucuzlaşacaq. Digər mühüm məqam isə bölgədə iqtisadi münasibətlərin formalaşmasının yaratdığı “sülh effekti”dir. Bu amil investisiya cəlbi baxımından xüsusilə əhəmiyyətlidir. İnvestorlar nəqliyyat dəhlizlərinə və ixracyönümlü layihələrə yatırım edərkən ilk növbədə regional sabitliyə və təhlükəsizlik mühitinə diqqət yetirirlər. Münaqişə riski azaldıqca investisiya marağı da artır.

Bu baxımdan TANAP və TAP kimi strateji enerji layihələrinin ixrac potensialına da müsbət təsir gözlənilir. İnvestorlar bölgədə problemlərin aradan qalxdığını, iqtisadi əlaqələrin bərpa olunduğunu gördükcə Azərbaycan, Ermənistan və ümumilikdə region ölkələri investisiya baxımından daha cəlbedici olacaq. Bu prosesin siyasi dividendləri də mövcuddur, lakin əsas diqqət iqtisadi nəticələr üzərində cəmlənməlidir.

Digər mühüm məsələ ondan ibarətdir ki, indiyədək bir çox beynəlxalq şirkətlər Qafqaz regionunda nümayəndəliklərini əsasən Tiflisdə açmağa üstünlük veriblər. Bunun əsas səbəblərindən biri regiondaxili münasibətlərin zəifliyi olub. Yeni şəraitdə isə bu şirkətlərin mərkəzi ofislərini Azərbaycanda açmaq imkanları genişlənəcək. Hazırda satışlarının əsas hissəsini Azərbaycan bazarında həyata keçirən, lakin mərkəzi ofisi Tbilisidə yerləşən çoxsaylı şirkətlər mövcuddur və bu da ölkə üçün ciddi maliyyə itkisinə səbəb olur. Yeni reallıqlar Azərbaycanın regional biznes mərkəzinə çevrilməsini mümkün edir.

Ən vacib məqamlardan biri də ərazimizdən keçən nəqliyyat dəhlizlərinin işləkliyidir. Zəngəzur dəhlizinin bərpası yalnız bir marşrutun açılması anlamına gəlmir. Gələcəkdə bu dəhliz vasitəsilə dəmir yolu xətləri, Qazax istiqamətindən yük axınları və müxtəlif məhsul daşımaları həyata keçirilə bilər. Bu isə dəhlizlərin şaxələndirilməsinə və regionun logistik imkanlarının genişlənməsinə şərait yaradacaq.

Musa BAĞIRLIXQ

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
1
1
xalqqazeti.az

2Mənbələr