Məhkəmə prosesində elektron formada sübutlardan da istifadə olunacaq.
Publika.az xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Cinayət-Prosessual Məcəlləsinə təklif olunan dəyişiklikdə öz əksini tapıb.
Layihəyə əsasən, cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək edən elektron verilənlər, o cümlədən, abunəçi məlumatları, trafik və ya 25 məzmun verilənləri cinayət prosesini həyata keçirən orqanın qərarı ilə bu Məcəllənin tələbləri nəzərə alınmaqla elektron formada sübut hesab edilə bilər.
Elektron verilənlər cinayət-prosessual qanunvericiliyin tələblərinə riayət etməklə əldə edildikdə sübut kimi qəbul edilə bilər.
Elektron formada sübutlar və onların saxlanıldığı daşıyıcılar (bu Məcəllənin 133-3-cü maddəsinə əsasən mühafizəsinin təmin edilməsi üçün verilməsi halları istisna olmaqla) cinayət prosesini həyata keçirən orqan tərəfindən cinayət təqibi üzrə icraatın materiallarına əlavə edilir və işin bütün saxlanma müddəti ərzində işdə saxlanılır.