AZ

"Sonradan bunun böyük peşmançılığını yaşadılar" - Əli Orucov

"Azərbaycan–Ermənistan arasında artıq kövrək də olsa, dialoq və etimad mühiti formalaşmaqdadır. Hər iki ölkə arasında tranzit əlaqələri, qarşılıqlı təmaslar yaranır. Rəsmi şəxslər, ictimaiyyətin nümayəndələri qarşılıqlı səfərlər və görüşlər həyata keçirirlər. Beynəlxalq platformalarda da yaranmış fürsətlərdən istifadə olunaraq hər iki ölkə liderləri müzakirələr aparırlar. Bütün bunlar Azərbaycan-Ermənistan arasında münasibətlərin normallaşdırılması üçün ümidləri və imkanları artırır. Bakı sülh gündəliyinə sadiqliyini həmişə əməldə də göstərib".

Bunu Redaktor.az-a politoloq Əli Orucov Azərbaycanın İrəvanda keçiriləcək BMT-nin Biomüxtəliflik Konvensiyasının 17-ci sammitinə (COP17) dəvət ediləcəyi barədə açıqlamaya münasibət bildirərkən dedi.

O hesab edir ki, bu il Ermənistanda keçiriləcək beynəlxalq konfransda Azərbaycanın iştirak etməsi məqsədəuyğun olardı:

"Bu, dünyaya və erməni cəmiyyətinə mesaj kimi daha bir fürsət də yaradardı.

Baxmayaraq ki, Bakıda yüksək səviyyədə baş tutan (COP 29) tədbirinə Ermənistan qatılmadı, ancaq sonradan bunun böyük peşmançılığını yaşadılar. Fikrimcə, əlaqələrin nizamlanması və sülh üçün heç bir fürsəti qaçırmayan Bakı İrəvanda olacaq konfransa dəvəti də dəyərləndirəcək".

Aytəkin TOFİQQIZI

Seçilən
38
redaktor.az

1Mənbələr