Naxçıvan, 29 yanvar, AZƏRTAC
2025-ci ildə Naxçıvan Muxtar Respublikasının xarici ticarət dövriyyəsi 2024-cü illə müqayisədə 3,7 faiz artaraq 130,1 milyon ABŞ dollarına çatıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bunu Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Kazım Hüseynəliyev ötən ilin yekunları ilə bağlı keçirilən mətbuat konfransında bildirib.
Nazir qeyd edib ki, 2025-ci ildə muxtar respublikada istehsal edilən məhsullar Amerika Birləşmiş Ştatları, Türkiyə, Çin, Rusiya, İran, Gürcüstan, Birləşmiş Ərəb Əmirlikləri, İraq, Suriya, Qırğızıstan, Tacikistan və digər ölkələrə ixrac olunub. Ümumilikdə 13,6 milyon ABŞ dolları dəyərində məhsul ixrac olunub ki, bu da 2024-cü illə müqayisədə 28,4 faiz artım deməkdir. Naxçıvandan ixrac olunan mallara 468 mənşə sertifikatı verilib ki, bu da 2024-cü illə müqayisədə 30 faiz çoxdur.
Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikasında istehsal olunan məhsulların ixrac imkanları genişləndirilib, ixrac coğrafiyası 2024-cü ildə 13 ölkə idisə, 2025-ci ildə 15 ölkəyədək artıb.
İxracın təşviqi və beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə 2025-ci ildə ölkə daxilində və xaricdə keçirilən 18 beynəlxalq tədbirdə 146 sahibkar iştirak edib, 20 şirkətin məhsulları 7 beynəlxalq sərgidə nümayiş olunub.