AZ

Bu məlumatlar cinayət prosesində sübut sayılacaq

Elektron formada sübutlar cinayət prosesində sübut kimi qəbul olunacaq.

Day.Az xəbər verir ki, bu məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirə olunan Cinayət-Prosessual Məcəllədə dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.

Qanun layihəsinə əsasən, cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək edən elektron verilənlər, o cümlədən abunəçi məlumatları, trafik və ya məzmun verilənləri cinayət prosesini həyata keçirən orqanın qərarı ilə Cinayət-Prosessual Məcəllənin tələbləri nəzərə alınmaqla elektron formada sübut hesab edilə biləcək.

Elektron verilənlər cinayət-prosessual qanunvericiliyin tələblərinə riayət etməklə əldə edildikdə sübut kimi qəbul edilə biləcək.

Elektron formada sübutların saxlanılması

Elektron formada sübutlar və onların saxlanıldığı daşıyıcılar (Cinayət-Prosessual Məcəlləyə əsasən mühafizəsinin təmin edilməsi üçün verilməsi halları istisna olmaqla) cinayət prosesini həyata keçirən orqan tərəfindən cinayət təqibi üzrə icraatın materiallarına əlavə ediləcək və işin bütün saxlanma müddəti ərzində işdə saxlanılacaq.

Elektron formada sübutlar və onların saxlanıldığı daşıyıcılar tamlığı və təhlükəsizliyi təmin ediləcək şəkildə qorunub saxlanılmalıdır.

 

Götürülmüş və işə əlavə edilmiş elektron formada sübutları cari uçot, hesabat və digər hüquqauyğun məqsədlər üçün qanuni sahib tələb etdikdə ona həmin elektron formada sübutlardan və ya onların saxlanıldığı daşıyıcılardan müvəqqəti istifadə etmək və ya elektron verilənlərin surətini çıxarmaq imkanı verilməlidir.

Məhkəmənin hökmü qanuni qüvvəyə mindiyi gündən bir il keçdikdən sonra və ya cinayət prosesini həyata keçirən orqanın cinayət təqibi üzrə icraata xitam verilməsi haqqında qərarı qüvvəyə mindikdən sonra cinayət təqibi üzrə icraatın materiallarında olan elektron formada sübutlar və ya onların saxlanıldığı daşıyıcılar qanuni sahiblərinin xahişi ilə onlara qaytarıla biləcək. Bu halda müstəntiq, prokuror və ya məhkəmə qaytarılan elektron formada sübutların surətlərini çıxarmalı, doğruluğunu təsdiq etməli və cinayət təqibi üzrə icraatın materiallarında saxlamalıdır.

Elektron verilənlərin mühafizəsinin təmin edilməsi

Cinayət təqibi üzrə əhəmiyyət kəsb edən informasiya və kommunikasiya texnologiyaları sistemində, onun hissələrində və ya daşıyıcılarda saxlanılan elektron verilənlərin, o cümlədən xidmət provayderində saxlanılan məlumatların (abunəçi məlumatlarının, trafik və məzmun verilənlərinin) itkiyə və ya modifikasiyaya məruz qalmasının qarşısını almaq məqsədilə cinayət prosesini həyata keçirən orqanın qərarı əsasında beynəlxalq təhlükəsizlik standartlarına uyğun olaraq şifrləmə və ya digər müvafiq texniki tədbirlər görüləcək. Cinayət prosesini həyata keçirən orqanın bu barədə qərarında şifrləmə və ya digər texniki tədbirin obyekti, məzmunu, müddəti, şərtləri, tədbirlərin görülməsi tapşırılan şəxslər və əhəmiyyət kəsb edən digər hallar göstəriləcək. Şifrləmə və ya digər texniki tədbirlər sahibliyində müvafiq elektron verilənlər olan fiziki və ya hüquqi şəxslər, yaxud cinayət prosesini həyata keçirən orqanın müəyyən etdiyi digər şəxslər tərəfindən görüləcək.

Yuxarıdakı abzasda nəzərdə tutulan elektron verilənlərin şifrləmə və ya digər müvafiq texniki tədbirlər tətbiq edilsə də, itkiyə və ya modifikasiyaya məruz qala biləcəyini güman etməyə kifayət qədər əsaslar olduqda cinayət prosesini həyata keçirən orqan sahibliyində belə elektron verilənlər olan fiziki, hüquqi və ya vəzifəli şəxsə həmin elektron verilənlərin, o cümlədən xidmət provayderində saxlanılan məlumatların (abunəçi məlumatlarının, trafik və məzmun verilənlərinin) 90 gündən çox olmayan müddət ərzində mühafizə və toxunulmazlığının təmin edilməsinin tapşırılması barədə qərar qəbul edə biləcək. Bu müddət cinayət təqibi üzrə icraat başa çatanadək uzadıla biləcək. Cinayət prosesini həyata keçirən orqanın qərarında mühafizə edilməsi nəzərdə tutulan elektron verilənlərin məzmunu, mühafizənin müddəti, şərtləri, mühafizənin təmin edilməsi tapşırılan şəxslər və əhəmiyyət kəsb edən digər hallar göstəriləcək. Mühafizənin təmin edilməsi ilə bağlı tədbirlər sahibliyində müvafiq elektron verilənlər olan fiziki və ya hüquqi şəxslər, yaxud cinayət prosesini həyata keçirən orqanın müəyyən etdiyi digər şəxslər tərəfindən görüləcək.

Elektron verilənlərin mühafizəsi tapşırılmış şəxs bu cür prosedurların həyata keçirilməsi ilə bağlı konfidensiallığı qorumalıdır.

Məlumat üçün bildirək ki, qanun layihəsində cinayət-prosessual qanunvericiliyə aşağıdakı yeni anlayışların əlavə olunması təklif edilir:

  • informasiya və kommunikasiya texnologiyaları sistemi - proqram təminatı əsasında elektron verilənləri toplayan, saxlayan və avtomatik emal edən hər hansı qurğu və ya qarşılıqlı qoşulmuş və ya əlaqələndirilmiş qurğular qrupudur;
  • elektron verilənlər - faktların, məlumatların və ya anlayışların İKT sistemində emal üçün yararlı formada olan hər hansı təsviri, o cümlədən İKT sisteminin müəyyən funksiya yerinə yetirməsini təmin edən proqramdır;
  • xidmət provayderi - göstərdiyi xidmətlərin istifadəçilərini İKT sistemi vasitəsilə kommunikasiya imkanı ilə təmin edən, yaxud belə kommunikasiya xidmətləri və ya xidmət istifadəçiləri üçün elektron verilənlərin emalını və ya saxlanılmasını həyata keçirən istənilən dövlət orqanı (qurumu), hüquqi və ya fiziki şəxsdir;
  • trafik verilənləri - kommunikasiyanın mənbəyini, təyinat yerini, marşrutunu, vaxtını, tarixini, ölçüsünü, müddətini və ya xidmətin növünü göstərən, kommunikasiya zəncirinin tərkib hissəsini təşkil edən İKT sistemi tərəfindən yaradılan, İKT sistemi vasitəsilə həyata keçirilən kommunikasiya ilə əlaqəli olan hər hansı elektron veriləndir;
  • abunəçi məlumatları - trafik və ya məzmun verilənləri istisna olmaqla, istifadə edilən kommunikasiya xidmətinin növü, bu xidmətə dair texniki təminat tədbirləri və xidmətin göstərilmə müddəti, xidmət müqaviləsi və ya razılaşması əsasında əldə edilən abunəçinin şəxsiyyəti, poçt və ya coğrafi ünvanı, telefon və digər əlaqə nömrəsi, hesablaşma və ya ödəniş məlumatları, kommunikasiya avadanlıqlarının quraşdırıldığı yerlər haqqında hər hansı məlumatları müəyyən etməyə imkan verən xidmət provayderinin göstərdiyi xidmətlərin istifadəçiləri barədə xidmət provayderində saxlanılan istənilən məlumatlardır;
  • məzmun verilənləri - abunəçi məlumatları və ya trafik verilənləri istisna olmaqla, şəkillər, mətn mesajları, səsli mesajlar, audioyazılar və videoyazılar da daxil olmaqla İKT sistemi vasitəsilə ötürülən məlumatın mahiyyəti ilə əlaqəli hər hansı elektron verilənlərdir.
Seçilən
14
6
day.az

10Mənbələr