Azərbaycanda bank olmayan kredit təşkilatlarının (BOKT) istiqraz vasitəsilə maliyyələşmə xərcləri yüksək olaraq qalır.
Banker.az xəbər verir ki, bunu Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) Müşahidə Şurasının sədri Cəlal Əliyev “Kapital Bazarlarına Çıxış: 1-ci İnvestor Mikromaliyyə Forumu”nda çıxışı zamanı bildirib.
Cəlal Əliyevin sözlərinə görə, 2025-ci ilin sonuna BOKT-ların istiqraz emissiyası vasitəsilə maliyyələşmə üzrə qalıq məbləği 54,6 mln. manat təşkil edib ki, bu da BOKT-lərin cəmi öhdəliklərinin 10%-nə bərabərdir.
O qeyd edib ki, BOKT-ların milli valyutada istiqrazlar üzrə orta çəkili faiz dərəcəsi 15% ətrafındadır və maliyyələşmə xərclərinin yüksək olması əsasən sektorun risk profili ilə bağlıdır.
AMFA rəsmisi bildirib ki, BOKT-lar əhalinin depozitlərini və dövlət vəsaitlərini cəlb etmədən, əsasən təsisçilərin və özəl kreditorların vəsaitləri hesabına fəaliyyət göstərir. Bu da sektorun maliyyə sabitliyini kənar amillərə qarşı daha həssas edir.
Onun sözlərinə görə, 2025-ci ilin sonuna BOKT-lərin öhdəliklərinin 211,6 mln. manatı bank kreditləri hesabına maliyyələşdirilib ki, bu da cəmi öhdəliklərin 39%-ni təşkil edir. Bank kreditlərinin həcmi illik müqayisədə 28% və ya 58,9 mln. manat artıb.