AZ

Elşad Miri: “Belə olan halda din yorğunluğu alternativlərə müraciət etmələrə səbəb olacaq”

Uşaqların dinə etiqad etməyə məcbur olunması qadağan edilir. Bu məsələ yeni hazırlanan "Uşaq hüquqları haqqında" qanun layihəsində əks olunub. Müzakirəyə çıxarılan yeni layihəyə əsasən, valideynlər (onları əvəz edən şəxslər) qarşılıqlı razılıq əsasında uşaqları özlərinin dini əqidəsinə və dinə münasibətinə uyğun tərbiyə edə biləcəklər. Qeyd olunub ki, uşaqların dinə etiqad etməyə məcbur edilməsi qadağandır. Uşaqların dini tərbiyəsi onların fiziki və psixi sağlamlığına mənfi təsir göstərməməlidir. Sənəddə bildirilib ki, yalnız qanunda nəzərdə tutulan hallarda ictimai təhlükəsizlik mənafeləri üçün, ictimai qaydanın təmin edilməsi, sağlamlığın, mənəviyyatın və ya digər şəxslərin hüquq və azadlıqlarının qorunması üçün uşağın dini etiqad azadlığına məhdudiyyətlər qoyula bilər.

 

Mövzu ilə bağlı Pravda.az-a açıqlama verən ilahiyyatçı Elşad Miri bildirib ki, bu məsələnin necə tənzimlənəcəyi maraqlıdır: “Çünki valideynlərin övladlarını müəyyən yaşa qədər öz dini etiqadlarına uyğun tərbiyə etmələri beynəlxalq hüquqda öz əksini tapan bir məsələdir. Qanun layihəsi ilə əlaqəli olaraq ortaya çıxan bəzi suallarımı qeyd etmək istərdim. Uşaqların dinə etiqad etməsi və ya dinsizliyə məcbur edilməsi necə əsaslandırılacaq?

 

Bunun üçün uşaqların özləri şikayət etməlidirlər?

 

Bu barədə məktəbdə müəllimlərə müraciət edəcəklər?

 

Yoxsa polisə zəng edərək bu barədə məlumat verəcəklər?

 

Birinci bunları müəyyənləşdirmək lazımdır. İkincisi, uşaqlar valideynlərinə uyğun olaraq, onların zərərli qruplaşmaların üzvü olmalarından qaynaqlanan etiqadları necə müəyyənləşdirəcək? Uşaqlar da həmin zərərli düşüncələrlə “könüllü” olaraq yetişdirilərsə, uşaqlar tərəfindən də bu qəbul edilərsə, məsələnin öhdəsindən necə gəlinəcək? Bundan başqa, dini etiqad deyiləndə nə nəzərdə tutulur? Bu gün ölkədə rəsmi və ya qeyri-rəsmi dini etiqad varmı? Yoxsa bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və ya Qafqaz Müsəlmanları İdarəsinin fikirlərimi əsas alınacaq? Bəs ordakıların fikirləri yanlışdırsa, bu işin içindən necə çıxılacaq? Məsələn, Əfqanıstanda mövcud rəsmi dini etiqadla Quranda bildirilənləri eyniləşdirmək mümkündürmü? Bu məsələdə, ümumiyyətlə, övladlarımızı edəcəyimiz hansısa təzyiq sabah onların öz ayaqları üzərində dayanmalarından sonra fərqli baxışlara gətirib çıxaracaq. Gənclər dindən yorulacaq və din yorğunluğu onları alternativlərə müraciət etmələrinə səbəb olacaq. Biz övladlarımızı əsas olaraq gözəl insan olmaq, əlindən və dilindən insanlığa faydalı sərbəst vətəndaş olaraq yetişdirməyə çalışmalıyıq”.

 

E.Miri qeyd edib ki, kimisə məcbur etmək doğru deyil: “Bəqərə surəsinin 286-cı ayəsində bildirilir ki, dində məcburiyyət yoxdur. Allah seçim hüququ verir. Uşaqlar sadəcə bizə baxıb bizim kimi elədiyimiz ibadətləri edə bilər. Amma biz onları məcbur etdikcə onlarda travmalar yarada bilərik. Bunlar nəzərə alınmalıdır. Din psixologiyasında belə bir ifadələr işlədilir ki, heyvan belə kəsilərkən müəyyən yaşda olan uşaqların görməməyi həmişə tövsiyə edilir”.

 

Şəhanə Quliyeva

Tarix: 29 Yanvar 2026, 10:09   
Seçilən
18
pravda.az

1Mənbələr