AZ

Məktəbdə aqressiya - Bullinq

"Bullinq günümüzdə populyar olan mövzulardan biridir. Belə ki, bullinq insanın iradəsindən kənar olaraq başqa insana təsir etmək üçün müxtəlif yollardan istifadə edərək təzyiq göstərməsidir. Bu, təzyiq, başqa sözlə desək, şiddət istər fiziki, istər iqtisadi, istərsə də psixoloji ola bilər. Bullinqə hər yerdə ailədə, iş yerində, təhsil müssisəsində, xüsusilə də yeniyetmələr arasında, yetkinlik yaşına çatmayan uşaqlar arasında müşahidə edə bilərik. Təəssüf ki, bullinqə məruz qalan uşaqlarda məktəbə qarşı istəksizlik, məktəbdən imtina etmək, hətta intihar düşüncələrinin yarandığını müşahidə edirik.Təsadafi deyil ki, bullinqə məruz qalan, bullinq qurbanı olmuş uşağa daha çox diqqət edir, kömək edirik. Çünki bir çox insan empatiya quraraq "Mənim övladıma da belə təzyiq olsa çox məyus olaram, qəzəblənərəm" və ya " Mənim bacımın, qardaşımın başına belə hadisə gəlsə, necə davranardm?", - deyə fikirləşib bu duyğuları bullinqə məruz qalmış şəxsə köçürürük. Bundan sonra insanlar ona kömək etməyə köklənir və bullinqlə üzləşən şəxsə daha çox diqqət ayırırlar. Bu təbii haldır, bizim o uşaqlara da kömək etməyimiz vacibdir. Ancaq hadisələrə birtərəfi baxmaq da düzgün deyil. Belə ki, burada belə bir suallar ortaya çıxa bilir: "Bəs bullinqi edən? Bəs bunu edən tərəf də yeniyetmədirsə? Bəs ona necə kömək etməliyik?". Unutmamalıyıq ki, bullinqə məruz qalan kimi bullinqi edən də bir uşaqdır. Ona da kömək etmək lazımdır. Kömək etməliyik ki, bullinqə məruz qalanlar kimi, bullinqi törədənlərin də sayı azalsın". Bu fikirləri Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, psixologiya üzrə fəlsəfə doktoru Yeganə Əsgərova SİA-ya açıqlamasında bildirib.

Psixoloq həmçinin qeyd edib ki, ilk növbədə diqqət edilməsi və araşdırılması lazımlı məqam bullinq edən uşağın niyə bunu etməsidir. Bir uşaq niyə özündən zəifə təzyiq göstərir? Biz heç birimiz anadan nə qurban, nə də cinayətkar kimi doğuluruq. Burada incə məqamı vurğulamaq lazımdır. Bullinq edən uşaqların çox zaman ailələrində şiddət göstərən, təzyiq göstərən fərdlər olur və ya belə uşaqların özünə zamanında şiddət edilib. Çünki şiddət görən uşaq ya özünə, ya da özündən başqasına xətər yetirməyə başlayır. Təbiidir ki, burada söhbət yalnız fikizi şiddətdən getmir. Psixoloji şiddət bunlar arasında uşağa ən çox zərər verən şiddət növlərindən biridir. Fiziki cəhətdən sağlam olan insan psixoloji cəhətdən sağlam olmaya bilər. Yəni fiziki cəhətdən sağlam olan insan psixoloji cəhətdən özünə qapanan, əsəbi, aqressiv və s. ola bilər. Ancaq bunu da qeyd etmək lazımdır ki, belə insanlar bəzən ailədə, əksinə, çox sakit, mülayim olurlar. Çünki onlar öz aqressiyalarını, qəzəblərini basdırır və bunu özündən zəiflərə göstərmək mexanizmi ilə hərəkət edirlər. Əksinə, özlərindən güclü gördükləri insanlra aqressiyalarını göstərməkdən çəkinirlər.

Belə ailələrdə uşağın bu davranışını dəstəkləyən tərəflər olur. Bu, çox zaman elə ana-ata olur. Onlar övladlarının kimisə döyməsini, vurmasını gücünü göstərməsi, zəif olmaması kimi qiymətləndirirlər. Valideynlərin, "Qoy əzsin, amma əzilməsin" düşüncəsi çox vaxt vəziyyəti belə ciddi həddə gətirir.

Y.Əsgərova eyni zamanda onu da qeyd edib ki, bullinqə hər birimiz məruz qala bilərik. Burada ən vacib məsələlərdən biri zamanında müdaxilə etməkdir. Bəzən valideynlərin özladları ilə ünsiyyəti o qədər zəif olur ki, belə hadisə baş verdikdən 2-3 ay sonra məlumatları olur. Ona görə də valideynlərin övladlarına dost kimi yanaşması, gün ərzində nələr etdiklərini onlarla bölüşməsinə şərait yaratması lazımdır. Ələlxüsus yeniyetmələrlə danışarkən sualı doğru və yerində ünvanlamalı onun öz istəyi ilə günün necə keçdiyi haqqında danışmasına şərait yaratmaq lazımdır. Qeyd etmək lazımdır ki, bu söhbətlər qarşılıqlı olmalı, yəni valideynlər həm dinləyən, həm də danışan tərəf olmalıdır. Burada valideynlərin özladlarının stresini, qəzəbini anlaması, danışması və çıxış yolu üçün onu doğru istiqamətə yönləndirməsi vacib məsələlərdəndir.

Afət Tahirqızı

Seçilən
12
1
sia.az

2Mənbələr